İqtisadiyyat
29.02.2016 / 11:30

Taleb Rifai Azərbaycana gəlir

Taleb Rifai Azərbaycana gəlirİnform.az Trend-ə istinadən bildirir ki, 2016-cı il 5-6 mart tarixində Bakı şəhərində keçiriləcək Səyahət, turizm və qonaqpərvərlik sahələrinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) növbəti toplantısında Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Katibi Taleb Rifainin iştirakı nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Rifainin ölkəmizə səfəri zamanı onun Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər yüksək səviyyəli şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilmişdir. 2015-ci ildə keçirilmiş İcraiyyə Şurasının 100-cü sessiyasında Azərbaycanın təşəbbüsü ilə "Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması" məsələsi gündəliyə daxil edilmiş və müzakirə edilmişdir. Məsələ ətrafında geniş müzakirələr aparılmış və nəticədə Şura üzvlərinin dəstəyi ilə ölkəmizin təqdim etdiyi qərar mətni qəbul edilmişdir. Bu qərar işğal olunmuş Qarabağ ərazisinə turist səfərlərinin təşkilinin qarşısını alır.

Səfər zamanı Taleb Rifaini BMÜTT-nin əməkdaşları Sandra Karvao və Müsəllim Əfəndiyev müşayiət edəcəklər. Qeyd edək ki, Azərbaycan vətəndaşı M. Əfəndiyev 2012-ci ildən hal-hazıradək Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı arasında bağlanmış Sazişin müddəalarına uyğun olaraq, BMÜTT-nin Avropa şöbəsində çalışır.

İnform.az

Baxış sayı: 327