Elm-təhsil, Qarabağ
26.02.2016 / 16:30

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı anılıb

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı anılıb
Xocalı faciəsinin 24-cü ildönümü respublikamızın hər yerində olduğu kimi Mingəçevir Universitetində də silsilə tədbirlərlə qeyd olunub. Universitetin rektoru Akif Hacıyevin imzaladığı tədbirlər planına uyğun olaraq, bütün akademik qruplarda tələbələrə “Xocalı soyqırımı tariximizin sağalmaz yarasıdır” mövzusunda mühazirələr oxunub, universitetin kitabxanasında Xocalı soyqırımına həsr olunmuş materiallardan ibarət sərgi təşkil olunmuşdur. O cümlədən, tələbələrin fəal iştirakı ilə universitetin foyesində Xocalı soyqırımının tarixi haqqında məlumatlar və foto şəkillərdən ibarət guşələr yaradılıb.
Fevralın 25-də Xocalı soyqırımına 24-cü ildönümünə həsr olunmuş “Xocalı – qan yaddaşımız” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Əvvəlcə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyev rektor Akif Hacıyevin salamlarını diqqətə çatdırıb. Xocalı faciəsini XX əsrin faşizmindən daha dəhşətli hadisə adlandıran Rövşən Əliyev bu hadisələrin dünya miqyasında tanıdılmasından danışıb: “Biz unutsaq, unudularıq. Bəzi insanlarımız, bu dəhşətli faciənin dünyaya çatdırılmasının tərəfdarı deyil. Guya bu anti-insani faktları çılpaq şəkildə göstərməklə, hər hansı Avropalını narahat etmiş olarıq?
Rövşən Əliyev bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Rövşən Əliyev çıxışını davam etdirərək Xocalı soyqrımı və onun siyasi mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, Ümumilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini almış, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq içtimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Həmçinin, bu siyasətin indi Azərbaycan dövləti tərəfindən davam etdirildiyi diqqətə çatdırararaq vurğulanıb ki, burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimayətinin mühakiməsinə verməkdir.
Sonra universitetin “İctimai və təbiət fənləri” kafedrasının müəllimi, Xocalı faciəsinin acısını yaşamış Tahirə Quliyeva “Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda çıxış etmişdir. T.Quliyeva vurğuladı ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
T.Quliyeva bildirdi ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Universitetin “İctimai və təbiət fənləri” kafedrasının müəllimi Qənimət Hüseynov “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş cinayətdir” mövzusunda çıxış etmişdir. Qənimət Hüseynov qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Q.Hüseynov vurğuladı ki, Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı anılıb

Q.Hüseynov onu da qeyd etmişdir ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Sonra universitetin “İbtidai sinif müəllimliyi” ixtisasının III kurs tələbəsi Günel İbrahimli ““Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində ən uğurlu addımdır” mövzusunda çıxış etmişdir. Günel İbrahimli Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinə çatdırılması istiqamətində “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu faciəsinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyası təqdirəlayiqdir və genişlənməkdədir. Bu gün müharibənin çox tərəfləri var ki, bunlardan biri də ideoloji müharibədir. Bu müharibənin əsas aparıcı tərəfləri isə intellekt, mədəniyyət və sənətdir. Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın.
Günel İbrahimli vurğulayıb ki, Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Konfrans iştirakçılarına Xocalı faciəsini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Anım mərasimində universitetin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının III kurs tələbələri və Texniki-Humanitar liseyin IV sinif şagirdləri tərəfindən Xocalı soyqırımı ilə bağlı, həmin gününün dəhşətli anlarını yaşadan ədəbi-bədii kompazisiya nümayış etdirilib.

Nazim Niftəliyev
Mətbuat xidmətinin rəhbəri

Baxış sayı: 554