Ədəbiyyat
09.02.2016 / 17:38

Bu gün onun günüdür- Əlişir Nəvai

Bu gün onun günüdür-Nəvai Əlişir Nizaməddin Mir Əlişir Teymurilər sarayınayaxın zadəgan ailəsində 1441-ci il fevral ayının 9-da Heratda anadan olub.
Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində alan Nəvai, şəxsi mütaliəsi nəticəsində dövrünün ən görkəmli alimlərindən biri kimi tanınıb. Kiçik yaşlarından özbək və fars dillərində şeirlər yazaraq, 15 yaşında şair kimi şöhrətlənib. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyət başına gəldikdən sonra Nəvai möhürdar təyin olunub, 1472-ci ildə vəzir rütbəsinə yüksəlib əmir titulu alıb.
Dövrünün alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə etmiş, öz hesabına mədrəsə və xəstəxanalar açmış, yollar çəkdirib körpülər saldırmış, kanallar qazdırmış, karvansaralar tikdirmiş, sarayda əməkçi xalqın müdafiəçisi kimi tanınmışdır. Lakin Nəvainin bu nəcib işləri irticaçı dairələrdə narazılıq doğururdu` və onlar da şair haqqında böhtan və iftiralar yayırdılar.
1476-cı ildə Nəvai vəzirlikdən imtina etməyə məcbur olurr. Bir müddət Astrabad vilayətinin hakimliyinə göndərilir (1487), 1488-ci ildə Herata qayıdaraq, ömrünün axırınadək yaradıcılıqla məşğul olub.
Ə.Nəvai 6 divan yaradıb. İlk şeirlərini “Bədayeul-bidayə” (1470-ci ilin əvvələri) adlı divanında toplayıb, 2-ci divanını “Nəvadirul-nəhayə” (1476-1483) adlandırıb. 1498-1499-cu illərdə özbək dilində yazdığı lirik şeirlərini “Çahar divan” adlanan 4 cilddə “Qəraibus-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadirul-şəvab” (“Gənclik nadirlikləri”), “Bədaiyul-vəsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaidul-kibar” (“Böyüklüyün faydaları”) toplanıb. Fars dilindəki qəzəlləri isə “Divani-Fani” adı ilə məşhurdur.
Şairin yaradıcılığının zirvəsi özbək dilində yaratdığı “Xəmsə”dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs etmiş, Nizami ədəbi məktəbinin davamçılarından biri kimi şöhrətlənib. Nəvainin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Şair Xaqani, Nizami və Nəsiminin əsərlərini dərindən öyrənmiş, onlara cavab yazıb. Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub. Onun əlyazmaları dünyanın ən iri kitabxanalarında mühafizə olunur.
Şairin əsərlərinin süjetləri əsasında çoxlu musiqili əsərlər (opera, balet və s.), həyat və yaradıcılığından bəhs edən bədii əsərlər (Aybəkin “Nəvai” romanı və s.) yaradılıb, haqqında bədii film (“Əlişir Nəvai”,1948) çəkilib.
Nəvai şəhəri şairin şərəfinə adlandırılıb. Özbəkistanda adına maarif və mədəniyyət müəssisələri, ali məktəb və küçə var. Azərbaycanda Nəvai adına küçə var.
Əlişir Nəvai 1501-ci il yanvar ayının 3-də Heratda vəfat edib.

İnform.az

Baxış sayı: 348