Siyasət
09.02.2016 / 10:30

"ASAN xidmət"in Dubayda təqdimatı keçirilib

"ASAN xidmət"in Dubayda təqdimatı keçirilibFevralın 8-10-da Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

ASAN-dan İnform.az-a verilən məlumata görə, sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda, biznes və elm dairələrinin mindən çox nümayəndələri qatılıb.

Tədbirin ilk günü “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İ.Kərimov çıxış edib. Agentliyin sədri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib. O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğunu vurğulayıb.

Paneldə Dünya Bankının İnkişaf məsələləri üzrə birinci vitse-prezidenti Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun Prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər.

Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Tədbirdə Azərbaycanın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə də iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 370