Mədəniyyət
03.02.2016 / 16:08

Nazir iki Xalq artistini mükafatlandırdı

Nazir iki Xalq artistini mükafatlandırdıXalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva anadan olmasının 70 illiyi və teatr sənəti sahəsində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Nazirlikdən İnform.az-a daxil olan məlumata görə, nanınmış aktrisa ömrünün 40 ildən çoxunu sənətə həsr edib. Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

Həmçinin Xalq artisti Rafael Dadaşov da 70 illik yubileyi münasibətilə və teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Eyni zamanda Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Yevgeniya Stepanovna Nevmerjitskaya 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Həyatının 50 ildən çoxunu səhnəyə, sənətə həsr Yevgeniya Nevmerjitskaya Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində 70-dən artıq rol oynayıb, xarakterik qadın rollarının ifaçısı kimi tanınıb.

Baxış sayı: 417