Baş xəbər, Hərbi
03.02.2016 / 13:49

Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilib

Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilib

İnform.az MN-nə istinadən bildirir ki, Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun 20-ci ildönümü və 2 Fevral – Gəncləri Günü münasibətilə Tərtər şəhərində "Ordu gəncləri böyük qüvvədir" devizi altında kütləvi gənclik və vətənpərvərlik bayramı keçirilib.

Yüzlərlə yerli sakinin, bütün cəbhə bölgələrini təmsil edən hərbi qulluqçuların, Bakı şəhəri və respublikanın bir sıra rayonlarından gəlmiş qonaqların, vaxtilə Tərtər uğrunda mərdliklə vuruşmuş Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrin nümayəndələrinin iştirak etdiyi bu təntənə əsl gənclik və vətənpərvərlik bayramına çevrilib, ordu ilə xalqın sıx birliyini bir daha nümayiş etdirib. Bu, hamının bir bayraq altında, bir nəfər kimi Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrlərinə hər an hazır olduqlarını bəyan edən möhtəşəm tədbir kimi tərtərlilərin yaddaşında unudulmaz izlər buraxıb.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Silahlı Qüvvələrimizin arsenalında mövcud olan bəzi texnikanın, silah-sursatın və digər döyüş avadanlığın, xüsusilə ölkəmizdə istehsal olunan hərbi vasitələrin nümayiş olunduğu sərgi ilə tanışlıq olub. Bu sərgi ziyarətçilərdə böyük maraq doğurub.

Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən gənclik və vətənpərvərlik bayramını izləmək üçün Tərtər şəhərindəki Heydər Əliyev adına parkına toplaşanlar əsl möcüzə ilə qarşılaşıblar. Sıldırım qayaların qoynunda heykəlləşən mübariz Vətən əsgərlərinin hər birinin əzəmətli görkəmi, duruşu və yolumuzu gözləyən cənnət Qarabağa dikilən sərt baxışları tamaşaçıların diqqətindən yayınmayıb, onlarda işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək Vətən əsgərinə inam, sevgi və məhəbbətlərini daha da artırıb.
Ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Dövlət himni səsləndirilib.

Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilibAparıcılar tədbirin Tərtərdə keçirilməsinin heç də təsadüfi olmadığını, bu torpağın qəhrəman əhalisinin həm ötən zamanlarda, həm də əsrimizin əvvəllərində erməni daşnaklarına qarşı mərdliklə mübarizə apardığını, bu yolda şəhidlər verdiyini, lakin heç vaxt ruhdan düşmədiklərini, bu gün də ordumuza arxa-dayaq olduqlarını, Silahlı Qüvvələrimizin sıralarında Tərtər gənclərinin də Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirdiklərini xüsusi qeyd ediblər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müdafiə Nazirliyi rəhbərliyinin bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünün rayon əhalisi tərəfindən yüksək qiymətləndirildiyini, gənclik və vətənpərvərlik bayramının tərtərlilərin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.

Vurğulanıb ki, bu gün xalqımızın və ordumuzun şəxsi heyətinin mənəvi səfərbərliyi vacibdir və ölkə rəhbərliyinin bu istiqamətdə apardığı siyasət həm xalqın, həm də ordunun qüdrətini daha da artırır. Əgər şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı və vətənpərvərlik hissi yüksək səviyyədə deyilsə, xalq öz ordusuna inanmırsa, nə qədər müasir, güclü döyüş texnikaya və silahlara malik olsa da həmin ordu müharibədə məğlub olacaqdır. Fəxr edirik ki, Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi bu gün əsgər və zabitlərimizin döyüş ruhu və vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Məhz Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə son illərdə təşkil etdiyi bu kimi kütləvi hərbi-vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir.

Ordu gənclərinin böyük qüvvə olduğunu deyən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrin bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil təhsil müəssisələrində 2 Fevral – Gənclər Günü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb.

General-mayor Hikmət Həsənov hər gün Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin atəşə tutulduğunu, onların layiqincə susdurulduğunu, qarşılarının mərdliklə alındığını və bundan sonra da torpaqlarımıza göz dikən mənfur düşmənin məhv ediləcəyini bildirib. General deyib ki, Azərbaycan əsgəri bu gün ön səngərdə ayıq-sayıqdır və işğal altında olan torpaqları azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir.

Biri-birinin ardınca vətənpərvərlik və gənclik nəğmələri səslənib, hərbi marşlar ifa olunub, rəqslər təqdim edilib, ədəbi-müsiqili və xoreoqrafik kompozisiyalarda ordu gənclərinin mübarizliyi tərənnüm edilib.

İki dəfə paralimpiya, beş qat dünya, altı qat Avropa çempionu İlham Zəkiyevi tədbir iştirakçıları alqışlarla qarşılayıb. O, mötəbər idman yarışlarında şərəfinə ucaldılan üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızda da tezliklə dalğalanacağına əminliyini bildirib.
Xüsusi təyinatlıların nümunəvi çıxışları və onların hər bir çevik hərəkəti böyük maraq doğurub.

Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilibSilahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə qarnizonunun Hərbi Orkestri, Gəncə qarnizonu Zabitlər Evinin, Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin birləşmiş özfəaliyyət kollektivlərinin çıxışları böyük coşğu ilə qarşılanıb.

Gənclik və vətənpərvərlik bayramı Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada bütün qoşun növləri, birlik, birləşmə, hərbi hissələrin döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən bir qrup gənc hərbi qulluqçusuna Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.

Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev ulu öndər Heydər Əliyevin "Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır" və möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızıdır" sözlərini xatırladaraq, ordu gənclərini təbrik edib, onlara hərbi xidmətdə bundan sonra da daha böyük uğurlar qazanmağı arzulayıb.

Gənclik və vətənpərvərlik bayramı bütün cəbhəboyu bölgələrdə davam etdirilib.


İnform.az

Baxış sayı: 569