Sosial, Din
27.01.2016 / 20:04

Dindarlar dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində maarifləndiriliblər- SEMİNAR

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Dindarlar dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində maarifləndiriliblər-
İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun dini icma sədrlərinin, din xadimlərinin, ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov rayonda 64 dini icmanın qeydiyyatdan keçdiyini bildirib.

Seminar-müşavirədə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı mövzu ilə bağlı məruzə edib. Ölkəmizin müstəqilliyinə qovuşmasından sonra məscid və digər ibadət yerlərinin təmirinə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini vurğulayan S.Salahlı dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda hazırda 2223 məscid və digər dini ibadət yerinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Bölgədəki dini durumu və nüfuzlu din xadimlərinin fəaliyyətini yüksək qiymətləndirən S.Salahlı, Masallı ağsaqqallarına və dindarlarına gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, həmçinin radikal dini təsirlərdən qorunmasında daha fəal olmalarını tövsiyə edib.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov dindarları dövlətlə vəhdətə çağıraraq, cəmiyyətimizdə və dinimizdə bölücülük mövqeyini pisləyib.

Seminar-müşavirədə Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov, veteran-müəllim Həmdulla Məmmədov, Banbaşı kənd sakini, dindar Əzim Əzimov və başqaları çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə tolerantlıq mühitindən, bu istiqamətdə görülən tədbirlərdən danışıblar.
Dindarlar dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində maarifləndiriliblər-

X X X


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda seminar treninq keçirilib.

Treninqdə rayonun dini icma rəhbərləri və dindarları ilə bərabər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Dövlətov rayondakı dini durumu təhlil edərək bildirib ki, burada müxtəlif millətlərin və dinlərin nümayəndələri yaşayır. O, rayondakı multikulturalizm dəyərlərinə verilən qiyməti xüsusi vurğulayıb.

Sonra DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində son vaxtlar dünyadakı dövlət-din münasibətlərini təhlil edib. O, xüsusən də İslam ölkələrində baş verən hadisələri önə çəkməklə Azərbaycandakı din-dövlət modelindən və multikultural dəyərlərdən, onların sıx əlaqələrindən danışıb. S.Salahlı radikal dini cərəyanlarla mübarizədə yerli dini icma və din xadimlərinin üzərinə düşən vəzifələri vurğulayaraq, onlarla mübarizə yollarını sadalayıb.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi və şəhər dini icmasının sədri Mahmud Əsgərov dini icma nümayəndələrini və nüfuzlu din xadimlərini radikalizmlə mübarizədə ictimai qınaq üsulundan istifadə etməyə çağırıb.

Sonra tədbir müzakirələrlə davam etdirilib.

Çıxışçılar indiki həssas dövrdə dindarların daha diqqətli olmasına, həmçinin dini maarifləndirmə işinin artırılmasına, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasına, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağa çağırıblar.

Baxış sayı: 401