Baş xəbər
20.01.2016 / 10:49

Ülvilərin Ülvisi

Almaz Ülvi/Filologiya elmləri doktoru


Ülvilərin ÜlvisiGünəşdən bir çınqı ayrılıb və eşq dünyasıyla təzədən doğulan bir işıq- taleyin pərvanəsiyəm. Ömür gün payımı çilikləyib, sevgimlə, ürəyimlə onun ilahi qüdrətinə baş əyirəm. Uğuruna həmişə sevinmişəm, uğursuzluğuna isə üzülmüşəm. Bu, mənim Ülvimin taleyidir. Eşq dünyasıyla doğulan Ülvimin 1001 gündür taleyinin 40- cı qapısını açmışam və mat qalmışam: eşqinin gücünə, saflığına, ucalığına, ilahiliyinə. Bir belə qüdrət sahibi olan eşqin qarşısında dünyamı unutmuşam.

... Çöldə qar yağanda qar dənəciklərinin nazlana- nazlana uçmasına baxıb sevinərdik. Əlindən tutduğumuz altı yaşlı Ülvi isə qarı uçan “görməzdi”.
Yavaş-yavaş qar yağır,
Yerə çökür ağır-ağır.


- deyərdi. Çəkisi, ağırlığı, olmayan qar dənəcəyi də ağır- ağır çökərmi? Bu sayaq dərkinə varmadığımız hadisələrə üz tutub eşq dünyası sahibinin “poetik baxışına” fikir verməzdik. Körpəcə Ülvi üzümüzə baxıb gülərdi. Sonralar o cür gülməklərinin mənasını anladım:

Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!


nəğməsini qoşanda eşqini-Göyçə obasını qucardı, gözlərindən-Göyçə gölündən öpərdi, əl atıb başındakı duvağını- dağlarının üzünü bürümüş ağappaq dumanı dağıdardı və bütün bu gözəlliklər qarşısında, bu ilahi sevginin əbədiliyi naminə Yurd Şəhidi olmaq istərdi. Şəhidlik sevgisini, 13 yaşında yazdığı bu misralarda belə sadə, bəzək-düzəksiz qəbul edib.

Novruz bayramı gələndə,elə bil kənd isti ocağa dönərdi:

Yeriyir min naz ilə göylərin şamı gəlir,
Ay ellər, pişvaz edin, Novruz bayramı gəlir.

Hanı yaşıl səməni, deyin, pişvaza çıxsın,
Hanı qızıl kəməri, belini bərk- bərk sıxsın.

Deyin, gülün, bu gün hey, kədər nədi, qəm nədi?!
Qarı nənəm aş asıb köz üstündə dəmdədi.

Göylər durulan gündü, sular bulanan gündü,
Tonqallar ulduz kimi bir- bir qalanan gündü.


Və uşaqlığıyla ətrafda deyilənlərdən anlayardı ki, bu isti ocağın közünü də kül etmək istəyirlər:

Düz yolda çarpışmaq igidlik deyil,
İgidlik balaca cığır açmaqdır.


Ancaq Ülvi özünü bizdən fərqləndirmək, bizdən ağıllı göstərmək üçün duyğular dünyasını açıb tökməzdi qabağımıza. Öz dünyasında düşündüklərini xəlvətcə kağıza köçürürdi; eləcə ürəyini boşaltmaq üçün. Ülvini yaşıdları da, …. hamı çox sevərdi: Şirinliyinə, ağlına, gözgəlimliyinə, səliqəsinə, nikbin və sevgili olduğuna görə. Körpəliyində çox ağlardı. Elə bil dünyasını dəyişik salmışdı .

Həmişə bapbalaca bildiyim Ülvi bir gün dedi ki, tay-tuşlarımın hamısının “qızı” var. Bir “5 - 6- sını”da mən sevmişəm. Amma zalım balalarının həndəvərinə dolana bilmirəm ki, heç olmasa birinə ürəyimi açım.

Əyin-başının səliqəsinə həddən artıq diqqət yetirəndə gülərdim:
- Xeyir ola?
- Qızlara “dağ” çəkmək üçün. Zalımların hamısı bir-birindən gözəldir.

Sevgisi dərindən-dərin, saf olan Ülvim əlbəttə, bunları zarafatla deyirdi, amma sözaltı bildirirdi ki, gözaltı eləməyin vaxtı-vədəsidir. Öz dünyası qəlibində sevgili görüşləri də olmuşdu, amma and vermişdi ki, hələ heç kəsə açma... Mən də susuram hələ.

Orta məktəb yoldaşlarının söhbətlərindən:

IX sinifdə oxuyurduq. Mayın 25-i onuncuların “Son zəng”ini təbrik üçün Ülvinin təşəbbüsüylə Səməd Vurğunun “Vaqif” poemasını hazırlayırdıq. Recissorluq işini boynuna çəkən Ülvi bütün rolları bölüşdürdü, Qacar rolunu özünə götürdü. Hamımız bir nəfər kimi etiraz etdik ki, yox, Ülvi ancaq Vaqif ola bilər. Ülvi dediyindən dönmədi. Biz isə Ülvini o qədər çox istəyirdik ki, əsərdəki qaniçən Qacar rolunu ona yaraşdıra bilmirdik, Qacarın sözlərini Ülvinin ifasında eştmək istəmirdik. Nə isə, bir ay məşqlər keçdi. “Son zəng” günü tamaşanı verdik. Zal dolu idi və tamaşa başlamamış təəssüf hissli pıçhapıçlar gedirdi: «Qacarı Ülvi oynayacaq.» Ancaq Ülvi Qacarı elə oynadı ki, hamı Şah Qacara elə bil yaxşı mənada diqqət kəsildi. Və Ülvini o qədər öpdülər ki... o isə utandığından qalmışdı qırıla-qırıla. Bilmirəm Qacarı oynayan Ülvi olduğundanmı Qacara düşmən kimi baxılmadı, rəğbətlə qarşılandı, yoxsa... nə isə. Bu sirri təkcə Ülvi bildi və tamaşaçıların Qacarı qəbul etməyinə sevindi, şirinlik payladı: hərəmizə bir şeir ithaf etdi. Bizim əziz Ülvimiz belə oğlan idi.

Ülvi şeirlə yanaşı hekayədə də gücünü sınayıb. Nəsr qovluğunda “Bəla”, “İnsan”, “Dünyaya qış gəlibdi”, “Köhnə otağın nağılı”, “Məktub”, “Etiraf”... 40-a yaxın hekayə əlyazması və bir povesti var. Hekayələrin yarıdan çoxu “yaralı”dı. Yazacağı hekayələrin bəzisinə plan qurub, ad seçib, bir az işləyib, sonrasını saxlayıb ki, dünya qaçmır ha... bir azdan işləyərəm. Qələmini yerə qoyub, təzədən əlinə götürəndə başqa bir yazı üzərində işləyib. O da qalıb yarı- yarımçıq-yaralı. Sonra.... 16 yaşında yazdığı “Tale” adlı yarımçıq hekayəsində- əsərin qəhrəmanının 20 yaşı olanda Bakının bir qaranlıq bir gecəsində millətinin və öz başına gələcək faciəni olduğu kimi qələmə alıb. Oxuyanda adama qarabasma gətirir, vahimələndirir. Hələlik bütövlükdə “yaxın düşə bilmədiyim” «Nəsr qovluğu»nu bir gün nizamlayacağam.

Pyeslər qovluğundan bu kitaba daxil etmədiyim- əfsanəvi Göyçə gözəli Həcər xanımla bağlı qəribə və mənalı hadisələri əks etdirən “Bir papağın sərgüzəşti” pyesi, özünəməxsus üslubda səhnələşdirdiyi xalq dastanlarından- “Dədə Qorqud” haqqında danışmaq bir ayrıca söhbətdir.

Tərcümə etdiyi hekayələr, şeirlər və bir pyes Ülvi qəlbinin dünya ədəbiyyatına olan sevgisidir və öz eşq dünyasının kəhkəşanında bəzədiyi topa ulduzlardandır.

Məktubları isə Ülvi ruhundan qaynayan dupduru bulaqlardır. Bir ocaq başında böyüsək də- bu otaqdan o biri otağa, stolun bu başından o biri başına, Göyçədən Daşkəsənə, Bakıdan Sibirə məktublaşmışıq. İstəkli, qaynar sətirli o məktubların çoxunu saxlamışam. Çoxunun imza yerindən yazardı ki, “oxu, cır at, Rauf (kiçik qardaşım- A. Y.) oxusa bizə gələcək və sonra da gəl onun lağ- lağı atmacalarından qurtar, görüm necə qurtarırsan”.

Bütün bunlarla, Ülvi evdə, yoldaşları arasında özünü bədii yaradıcılığa bağlayan bir şair- yazıçı kimi qabarıq şəkildə büruzə verməzdi. Ədəbiyyat haqda söhbətlərini atası yaşda olan kişilərlə- şairlərlə, üzvü olduğu Daşkəsən rayon “Qoşqar” ədəbi birliyində edərdi. “Bir tikə məktəb uşağı” olduğu halda, o boyda kişilərlə “razılaşmazmış” və çəkinmədən onların oxuduqları yazılara öz tənqidi münasibətini bildirərmiş. “Qoşqar” ədəbi birliyində özünün oxuduğu ilk şeiri (“Ceyran”), “Qoşqar”ın təqdimatıyla (1986) rayon qəzetində dərc edilmişdi...

Millətimizin Müstəqil Dövlət yaratmaq mübarizəsi yolunda Ülvi bütün fikrini bir səmtə yönəltdi- fəal, sıravi cəbhədaş oldu. Tələbələr arasında böyük nüfuz qazandı. 1989- cu ilin son ayları idi. Bakı Dövlət Universitetində (özü APXDİ- də təhsil alırdı) Şimali Azərbaycan Azad Tələbələr İttifaqı (ŞAATİ) təsis etdilər. Proqram və Nizamnaməsini bir gecəni səhərəcən yatmayıb işlədi, səhərə yaxın səliqəylə üzünü çıxarıb apardı. (Sonralar ŞAATİ üzvləri Qoşqar, Rüstəm, Mülayim və başqaları bunu heyranlıqla xatırladılar). Meydanda “millətimizin başını pambıqla üzən” partbiletini ağappaq ovcunun içindəcə yandırdı. Gələndə gördüm ovcunun içi yanıb. “Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq”- üzümdə sezdiyi narahatçılığıma belə cavab verdi Ülvi.
Ülvilərin Ülvisi
Gələcəyin ən dərin bir şairi kimi görmək istədiyim Ülvi bədii yaradıcılıqdan elə bil uzaqlaşdı. (Hərçənd ki, məzmunca əvəzsiz saydığım “Qansızlar”ı və “Ömür yolu”nu həmin illərdə yazdı)).
Bir dəfə ona verdiyim “sərt ultimatumuma” xeyli güldü.

- Qələmindən uzaqlaşma. Kim sənə deyir hərəkatdan gen get. Əksinə, elə bugünkü hadisələri isti-isti bədii əsərə köçür.
- «Başa düşmürəm, sən niyə mənim “məşhur yazı—pozu əhli” olmağımı arzulayırsan. Lap dünyanın düz vaxtı olsaydı da, mənim başqa planlarım var, icazə ver, qoy bildiyimiz kimi yaşayaq. Sənin xəyalınınsa inam gözərtisinə bircə ümid var: Nizami Gəncəvi Yusif bəy, Səməd Vurğun da Yusif bəy adlı kişilərin oğlu olublar və mənim dədəm də Yusif bəydir. Sən əlacını və niyyətinin gözərməsini təkcə ona bağla»- deyə zarafata salıb, söhbətin çəmini dəyişərdi. Ülvinin inqilabi hərəkatda gördüyü işlərin də şahidiyəm, hər addımını bilmişəm və bu çox geniş, örnək kimi yaşanmalı bir taleyin söhbətidir: olduğu kimi nə vaxtsa bunları da yazacam.

Dərsə ciddi hazılaşardı: ingiliscə danışıb səsini kassetə yazardı. Pozardı, yenə yazardı: nitqini, sözlərin ifadə tərzini dəqiqləşdirmək üçün.
- Ay bala, gəl bir az öz dilində danış, sevdiyin qızdan-zaddan, institutunuzdan.
- Cicim, (anama belə deyirik.- A. Y.) bura bax, əvvəla qız qızdır, zad nədir. Sonra da lap belə, ayıb olmasın, indi gedib qıza deyəcəyim sözləri əzbərləyirəm.
- Əzbərlə də, qurban olum, amma öz dilində əzbərlə, qoy görüm nə deyəcəksən, razı olacaqmı?
- O zalım gözəl öz dilimizdə bilmir axı.
- Kimlərdəndi ki, a bala?
- İngiltərə ingilisdir. Tetçerin nəvəsidir və ya o nəsildəndir.
- Bay, onun ayıbını Allah örtsün. O vaxt bizimkiləri öldürdükləri bəs deyil. (“məşhur 26- lar”ı nəzərdə tuturdu) düşməni hələ bir evimə gəlin də gətirəcəm. Yox, üçətən tövbə, qoymaram.

Ülvi özünü saxlaya bilmirdi daha. Gözləri yaşarınca gülərdi, cicimi qucaqlardı, bağrına basardı, öpərdi.
- Yox, ay cicim, qadan alaram sənin, zarafat edirəm. Sən kimi desən gəlinin o olacaq.
Ülvinin o qədər işi-arzusu var idi.

Heç bilmirəm çatdıra biləcəmmi düşündüklərimi? Ömür qısa, iş çox. Ömrümü uzatmaq istəmirəm, işlərimi də azaltmaq. (Özünə ən uzağı 29 yaş həddi qoymuşdu. - - A. Y.). Özüm ölüm, dediyimdən paraca gün də o yana yaşamaram. Bəsimdi. Mən mənalı həyat və mənalı ölüm istəyirəm.

Əlbəttə, bütün bunlar xoş dünyalı vaxtımızda, bütün bunlar zarafatlı anlarımızda idi. Bütün bunlar 20 yanvaracan idi. 1990- cı ilin 19- dan 20- nə keçən gecəyəcən idi. Sonra... günəşdən qopub eşq dünyasıyla gələn çınqı gur işığa- alova dönüb qayıtdı öz yerinə- zərrə kimi yaşamaq istəmədi, qayıtdı Günəşinə qovuşmağa.

- Mən ölüm, həmin gün “Sənsiz”in səsini Allahın yanına çatınca zilə qaldırın. Özü də 7 dəfə. Siz “Ülvi, vay” deyib soraqlayanda mən Tanrı hüzurunda noğul- badam yeyəcəm. “Sənsiz”i eşitcək öldüyümü duyacam və enəcəm düz yanınıza. Görüm, kim neynir. Bax bu Ülvi ölsün ki, Almaz, əgər ürəksiz- filan ağlasan, fitə basacam sənin yalanını.
- Mən isə köç günümdə sazın səsiylə torpaq öyümə üz qoyardım. Oxay, elə dincələrdim, həm də sənin bu dəli- dəli sözlərinin əlindən canım qurtarardı.

Belə zarafat qarışıq “vəsiyyətlər” tez- tez edərdik. Zarafatla desək də, fikrimizin mənasında ciddilik, səmimiyyət də var idi. Nə isə.

... O gün, ayın 20-də axşam saat, deyəsən, 6-7 arası olardı. Ülvimi yoldaşları tapıb gətirdilər evə. (Bütün günü hamımız şəhəri alt- üst etmişdik, tapa bilməmişdik. Təkcə ora («morq» deyilən yerə) baxmamışdıq, ürəyimiz gəlməmişdi. Axşama yaxın hamımız dizi qırılmış təki yollarda, tinlərdə qaldıq. (Mənim daha qulaqlarım eşitmirdi, gözlərim də qaraltını güclə seçirdi). Allah, - eşitdiyimiz dəhşəti qəbul edə bilmirdik. Ayılanda ağlıma gəldi ki, bəlkə heç Ülvi deyil içəri gətirilən. Təkid edib üzünü açdırdım. Özüydü. Sol tərəf üzündə təzə “xal” gördüm. Ağ, yaraşıqlı sifətinə qan çilənmişdi. Dodaqları həmişəki tək qıpqırmızı idi. Qucaqladım. Bağrıma basıb doyunca öpdüm. Kimsə ayırdı məni ondan. Əlim- üzüm, üst- başım Ülvinin qanına boyanmışdı. Elə o an ağlıma gələn fikirlə ərzaq yığdığımız dama yönəldim. Axtardığımı tapıb başıma çəkincə, içəridən Ülvinin açıq- aydınca qışqırığını eşitdim: “Almaz, eləmə, bəs mən neynərəm”. Eşitdiyim səsə diksndim, əlimdəki düşüb çilik- çilik oldu. Ayaq altına atılmış tül parça-paltarı yandırdı. Elə bildim Ülvim ayılıb. Tələsik evə qayıtdım təzədən. Gördüm ki, yox, Ülvimi anam qıpqırmızı bəy- gəlin gərdəyiylə boya- boy bəzəyib.

“Bala, Yusifə nə cavab verəcəm, niyə özünü puç, məni peşiman etdin”. Qardaşı Şövqi isə “ay cici, milləti qoruyanlar, tarix yaradanlar ölümə beləcə hazır olurlar”- deyə onu sakitləşdirirdi.
Sonra eşitdim deyirlər ki, dünən gecə güllələnənlər ölməyiblər. Şəhid olublar! Şəhid olublar!

Qardaşım Hüseynə Ülvinin “Sənsiz” arzusunu bildirdim. Razılaşdı. Bir anlıq içimdə “Sənsiz”ə qulaq asdım. Yox, yox, lazım deyil “Sənsiz”. Deməli, Ülvi “elə olub” ki, “Sənsiz”i səsləndirməliyik. Ülvim Şəhid olub- Azadlıq uğrunda, Torpaq uğrunda.

Şəhid olmaq-ölmək deyil. Ülvinin səsiylə gecə eşitdiyim çağırış fikrimdən dağılmırdı.
Ayın 21- i axşama yaxın Yusif mənə bir şeir oxudu:
O, bir ağır elli idi,
O, dəsmallı güllü idi,
Mənim balam dilli idi,
Niyə dilsiz oldu getdi?

O, bir təzə çiçək idi,
O, topqara birçək idi,
Mənim balam göyçək idi,
Niyə rəngi soldu getdi?

O, bir ərən igid oldu,
O, tarixə şahid oldu,
Ülvi balam şəhid oldu,
El yolunda öldü, getdi.


Atasının yazdığı şeiri içəriyə keçib (22-sinə keçən gecə) Ülviyə də pıçıldadım. Sonrakı günlər dəfələrlə evə dolub- boşalan camaata Ülvinin şeirlərini, “And”ını, yazılarını oxudum. Bir neçə gün sonra şair Nəriman Həsənzadə onları məndən alıb “Ədəbiyyat və incəsənət”də çap etdi. Bu, Ülvinin yenidən həyata qayıtmağına cığır açdı. Şair Hidayət isə “Ülvi duyğularım”la həmin cığırı yola çevirdi. İstəyirdim ki, hamı bilsin ki, Ülvi təkcə o gecə tankın, topun qabağına əliyalın Kişi kimi gedib deyə igid deyil. Ülvi gözünü dünyaya açandan Millətinin Azadlığı yolunda Şəhidliyə hazırlanıb. Əməliylə, qəlbiylə. Meydana kor- koranə yox, düşünüb gedib. Şəhid olmağa gedib.

20 Yanvara bir neçə gün qalmışdı. Ülvi axşam mənə bir “vəsiyyətnamə” şeir verdi ki, oxu. Oxudum və tikə- tikə cırıb atdım. Heç nə demədi. Gözləri doldu, başını yellədi, getdi yatmağa. Səhər dərsə gedən vaxt həmin “Vəsiyyətnamə”ni yenə verdi və dedi ki, saxla bunu. Hirslə dedim ki, “Yaxşı, biz heç niyə özünə ”kor çıraq" deyirsən, necə yəni “yanmayacaq işığam”- elə demə, bibin sənə qurban olsun- deyə yalvardım. Öpdün məni. “Sən mənim tərtəmiz ürəyimsən”- dedin. Bəs o ürəyi niyə çiliklədin.

Amma bunu da cırıb atdım. İndi özümə bağışlaya bilmirəm. Sonralar həmin “Vəsiyyətnamə”nin cəmi 6 misrasını tələbə yoldaşının cib dəftərçəsindən yazdım .

Atama oğul deyiləm,
Anama oğul deyiləm.

Bu ocağın kor çırağı,
Yanmayacaq işığıyam.

Atam-anam zəmanədir,
Mən zəmanə uşağıyam.


Eh, ruhuna, torpağına qurban olum, nə sənin sözün- söhbətin tükənəndi, nə də mənim Ülvi yanğım. Ağır da olsa toxtaqlıq tapıram ki, məqsədini, niyyə- tini, arzunu tamamlaya bilmisən. Eşqini, İlhamını,Torpaq,Vətən, Millət uğrun- da mübarizəni tarixləşdirən şah əsərini yazmısan - - Şəhid adınla əbədiləşdir- misən. Bütün bunları – bu nəhəng dünyanı cəmi 20 – cə illik ömrünə sığışdıra bilmisən! Çiçək şəhidim!

İnform.az

Baxış sayı: 513