Ədəbiyyat
19.01.2016 / 16:00

Ülvinin tərcümə dünyası

Ülvinin tərcümə dünyası
Almaz Ülvi/filologiya elmləri doktoru

(Ülvi Bünyadzadə. “Qəhərlənmiş könlüm” (dünya ədəbiyyatından tərcümələr)
kitabına bir neçə söz)


Ülvi Yusif oğlu Bünyadzadənin bütün yaradıcılığı - istər poeziyasi, istər nəsri, istərsə də digər əsərləri mübarizlik və ümumbəşəri ideyalar üzərində köklənmişdir. Bu əsərlərdə Vətən müqəddəsliyi, milli azadlıq duyğusu və qeyrətli vətəndaş-oğul obrazının tərənnümü ana xətti təşkil edir.

Təqdim etdiyimiz bu kitaba Ülvinin tərcümələri – dünya ədəbiyyatından çevirdiyi əsərlər daxil edilmişdir. Bu əsərlərin əsas özəlliyi ondan ibarətdir ki, müəllif birbaşa orijinala müraciət etmişdir. Ülvinin yaşadığı sovetlər dönəmində, bütövlükdə ötən əsrin son 70 ilində nəşr olunan tərcümə əsərləri orijinaldan yox, rus dili vasitəsi ilə çevrilirdi. Yəni, dünya ədəbiyyatı nümunələri sovet psixologiyasına uyğun şəkildə tərcümə olunurdu, SSRİ xalqları da məcburən məhz belə şəkildə rus dilinə çevrilmiş əsərlərə müraciət etməli idi və edirdi.
Ülvi Xarici Dillər İnstitutunda oxuyurdu, tərcüməyə xüsusi marağı var idi. Hələ orta məktəbdə oxuduğu illərdə klassik Şərq ədəbi nümunələrindən olan tərcümələrini (təbii ki, rus dili vasitəsilə) rayon qəzetində (“Daşkəsən”) çap etdirirdi.

Əlyazmaları içərisindən yazdığı bir vərəq gələcəyi üçün qeyd-planları ilə rastlaşdım:

1. Bünyadzadə Ülvi - X sinif – 1985 / 86-cı dərs ili
2. Yaşamaq fikrindəyəm.
3. Tərcüməçilik peşəsini bütün peşələrdən üstün hesab edi¬rəm
4. Mənə belə gəlir ki, yalnız bu peşə vasitəsilə mən var gücü¬mü xalq üçün səfərbər edə bilərəm.
5. Onlar hər şeyi mənim öhdəmə buraxıblar. Buna görə onlara minnət-daram. Atam mühəndisdir.
6. Musiqi dərnəyində məşğul oluram.
7. Bu sahədə müvəffəqiyyətim o olub ki, musiqini musiqiçi kimi qavramağı, sevməyi öyrənmişəm (nisbətən)
8. Ədəbiyyat fənnini daha çox sevirəm (xüsusilə də xarici ədəbiyyat).

Müstəqil həyata atılmağın ilk addımlığında yazılmış bu qeyd-planı oxuyarkən bir gəncin sonsuz həyat eşqi, yaradıcılıq məhəbbəti, valideynlərinə sevgisi, yaradıcılıq dünyasına olan bağları, gələcək arzuları, xalqı üçün yararlı bir işə özünü səfərbər etməsi, musiqiyə olan diqqəti isə daxilində nur dolu aləmə qərq olması və s. kimi keyfiyyətlər ilə üzbəüz qalırsan. Ülvi yazdığı bu “həyat-planları”ndan sonra cəmi dörd il yaşadı və görə biləcəyi işlərin hamısını artıqlaması ilə başa vurdu və uca bir məqamda köç etdi, Vətən üçün, Xalqı üçün Şəhid oldu sadəcə bu dünyanın gözəlliklərini dadmadı, təkcə buna ömrü yetmədi, nakam getdi.

Amma Ülvinin ən məhsuldar yaradıcılıq dövrü milli azadlıq mübarizəsi illərinə təsadüf etmişdir. O da bu fürsətdən istifadə edərək tərcümə üçün məhz orijinal əsərlərə üstünlük vermişdir. Yadımdadır ki, o, gecə-gündüz yaradıcılıqla məşğul olardı, hətta ingilis dilində nitqini daha da inkişaf etdirmək, sözləri düz tələffüz etmək üçün səsini – oxuduğu mətni maqnitofon lentinə yazar, sonra özü diqqətlə dinləyər, pozub yenidən yazardı, dinləyərdi... . Bir mətnin üzərində dəfələrlə çalışmaqdan yorulmazdı, xüsusi dil öyrənmə qabiliyyəti var idi, yəni öyrənmək istədiyi dili çox tez qavrayardı, söz ehtiyatını hər gün artırardı, bir sözlə, öz həyatında sanki böyük bir işlək mexanizm qurmuşdu.

20 yanvar hadisələrindən sonra onun əsərlərini toplayıb çap etmək istərkən, xeyli tərcümə əsərləri ilə də rast¬laşdım. İnstitut illərində öyrəndiyi müəlliflərin ən dəyərli əsərlərinə müraciət etdiyini gördüm. Orijinaldan olduğuna şəkk-şübhəm yox idi. Çünki, İnstitut kitabxanasından götürdüyü kitabların arasından seçib tərcümə etmişdir, çevirmələr üzərində dəfələrlə işləməsinə heyrətlənməyə bilmədim. Bunlar - Р.Sauti, J.Q.Bayron, P.B.Şelli, T.Hud, A.S.Puşkin, Ş.P.Gillman, Ç.Kinqzli, R.Kiplinq, İ.Mixayluçenko və Ç.Makkeyin poetik nümunələri, Mark Tven, J.Bernard Şou, O.Uayld, S.Moem və K.Mensfilddən nəsr əsərləri idi. Adları qeyd olunan bu müəlliflər hər kəsə tanışdır, hər kəsin sevə-sevə mütaliə etdiyi klassik sənətkarlardır. Dünya ədəbiyyatının dahiləridir.
Ülvinin tərcümə dünyası

Əlbəttə, bu addım cəsarət idi, özünəinam idi. Bəlkə də o, şəhid olmasa idi, heç bu əsərlər də ortaya çıxmayacaqdı. Çünki, onun özünü yazar kimi təqdim cəhdini heç görmədim.
Tərcümə etdiyi əsərlər – hekayələr, şeirlər və bir pyes Ülvi qəlbinin dünya ədəbiyyatına olan sevgisidir və öz eşq dünyasının kəhkəşanında bəzədiyi topa ulduzlardandır.
“Ən çox sevdiyim ədəbi qəhrəman” (1986) adlı bir yazısından oxuyuram: “Əslində bədii ədəbiyyat bilavasitə həyata, cəmiyyətə deyil, həyatın, cəmiyyətin yaradıcısı və hərəkətverici qüvvəsi olan insanlara təsir etməyi bacarır. Ədəbiyyatımız yeni dünyanın yaranmasını əks etdirməklə bərabər, onun təşəkkülündə fəal iştirak etmiş, bu dünyanın adamını - öz ölkəsinin vətənpərvər adamı yetişdirmişdir.

Şübhəsiz, oxuduğum hər bir əsərin müəyyən dərəcədə mənim dünyagörüşümə, mənəvi inkişafıma təsiri olub, bunların içərisində mənim sevdiyim əsərlər az deyil. R. Covanyolinin "Spartak", J. Vernin "Səksən min kilomert su altında", V. Skottun "Kventin Dorvard", N. Ostrovskinin "Polad necə bərkidi", C. Cabbarlının "Almaz", S. Rəhimovun "Mehman", R. Həmzətovun "Mənim Dağıstanım" əsərləri xüsusi sevdiyim, dönə-dönə oxuduğum əsərlərdəndir. Spartak, Kventin Dorvard, Pavel Korçakin, Mehman surətləri mənim həmişə sevdiyim, xatırladığım obrazlar olub. Lakin bir obraz var ki, o, nəinki, mənim ən çox sevdiyim, həm də daimi oxşamağa çalışdığım ədəbi qəhrəmanımdır: ingilis yazıçısı Etel Lilian Voyniçin "Ovod" əsərindəki Ovod obrazı.
Əsər 1897-ci ildə yazılıb. Əhatə etdiyi hadisələr baxımın¬dan isə, o, XIX əsrin 30-40-cı illərinə gedib çatır. Lakin Ovod bizim bu günümüz, gələcəyimizdir.
Ovodu hansı keyfiyyətlərinə görə seçirəm? Ovod - mozalan deməkdir. Artur doğrudan da ovod kimi cəmiyyətin bütün çirkinliklərini, bu cəmiyyətin çirkin nümayəndələrini zəhərli tikanı - dili ilə sancır, qul kimi inləyən xalqının, müstəmləkəyə çevrilən İtaliyasının qisasını almağa çalışırdı.

Ovod bir jurnalist kimi son dərəcə mahirdir. O, real həyatı hadisələrdən və faktlardan çox dəqiq nəticələr çıxarmağı bacarırdı. Pamfletləri həm bədii, həm də siyasi baxımdan əsl sənət nümunəsi kimi diqqəti cəlb edirdi. Ovod öz jurnalistlik fəaliyyətində obyektiv mövqe tuturdu. O, İtaliyanı istismar edən avstriyalıları ifşa etməklə bərabər, öz doğma atası, sevimli Montanellini də xalq düşməni adlandırıb, tənqid edirdi. Ovodun Montanelli haqqında yazdığı pamfletlər çox amansız, qəddar xarakter daşıyırdı. Bunlara görə o, daxili əzablar, ruhi sarsıntılar keçirsə də, yolundan dönmür. Həyatını sonacan "İtaliyaya fəda edir, köləlikdən və dilənçilikdən xilas etməyə, avstriyalıları qovmağa... azad respublika yaratmağa" həsr edir.
Ovod həm də həssas, son dərəcə qayğıkeşdir. O, bütün dostlarını bir baxışdan başa düşür, qayğısını onlardan əsigəmir. Ovod sonuncu dəfə məhz bu keyfiyyətinə görə həbs olunur: o, yoldaşlarını xilas etmək üçün özünü düşmənə təslim edir. Ovodu bizə sevdirən məhz yuxarıda qeyd etdiyim keyfiyyətlərdir: onun Vətənə, xalqa bağlılığı, həssaslığı və qayğıkeşliyi, tutduğu yolda dönməzliyi və əyilməzliyi... Bu keyfiyyətlər müasir gəncliyə hava və su kimi gərəkdir. E. L. Voyniçin "Ovod" əsəri bu baxımdan öz iç dünyamızla səsləşir və qiymətli əsərlər sırasında durur”. Bu yazını qəsdən “Ön söz”də bütöv təqdim etdim. Əslində orta məktəbdə ədəbiyyatdan buraxılış imtahanı üçün yazdığı bu inşa yazıda Ülvinin özü görünür: xarakteri, özünütəsdiqi, özünəinam hissi və s. kimi cizgiləri şəhidliyindən sonra vərəqlədiyim taleyində gördüm.

Tələbə olandan bir il sonra əsgəri xidmətə yollandı. Sibir¬də xidmət edirdi. Oradan tələbə dostlarına göndərdiyi məktubları vərəqləyirəm (20 yanvar hadisələrindən sonra dostları onlara göndərdikləri məktubları mənə bağışladılar).

Institutdan tanıdığı aspirant dostu Məhəbbət lhamlıya gön¬dər¬diyi məktubdan sətirlər: “… Məhəbbət, nəzərinə, səninlə yeni bir mövzuda mübahisəyə girişmək üçün, belə bir mövqeyi¬mi çatdırım ki, mən həmişə “sənət-sənət üçün” ideyasına inanmı¬şam, ancaq bu ideyaya əsaslanan sənəti sənət səviyyəsində görmüşəm. … Ən dahi əsərlər, fikir versən görərsən ki, ancaq həqiqi sənət nümunəsi yaratmaq xətrinə (məna sinonimi kimi: ancaq özünün (sənətkarın) ali hisslərini ifadə etmək xatirinə) yaranan əsərlərdir. Kim ki, qarşısına xəlqi, partiyalı ədəbiyyat yaratmaq məqsədini qoyur, ondan sənətkar olmaz. “İ.Brodski “sənət-sənət üçündür” ideyasını əlində bayraq etmişdi, odur ki, vətənində cəmi 4 şeiri çap olundu, sürgün olundu, xaricə köçməyə məcbur oldu. Bu şair ABŞ-da yazdı-yaratdı, çox keçmədi ki, Nobel mükafatına layiq görüldü. Bu məsələlər barədə sənin fikrini bilmək istərdim. Əziz dostum, onu da deyim ki, mənim Martin İden kimi yüksələcəyim dəryada balıq sövdasıdır, ancaq sən mənim üçün həmişə “Suinbern” olaraq varsan.”

Bir başqa məktubunda yazır: “… çünki burada özümə qarşı daha tələbkar olmuşam, boş vaxtlarımı daha çox oxumağa (mütaliə) və dil öyrənməyə (ingilis və rus dilləri) həsr edirəm. Bu 4 ayda oxuduğum əsərlərdən ən çox Frans Kafkanın “Zamok”, Ales Adamoviçn “Xatınskoy povest” əsərləri, bu yaxınlarda Lenin mükafatına layiq görülmüş “Tövbə” (“Pokoyenie”) filmi- Tengiz Abulaşvilinin filmidir- mənə böyük təsir edib. Burada habelə ingilis dili ilə də məşğul oluram. Ən yaxın dostum Beynəlxalq Əlaqələr İnstitutunda-iqtisadiyyat fakültəsində (ingilis dili üzrə) oxuyur. Təsəvvür elə ki, o oğlanla ancaq ingilis dilində söhbət edirik, «News» qəzeti alırıq, orijinaldan kitablarımız da var. Nə isə, dərslə burada da məşğul oluram və hələlik heç bir çətinliyim yoxdur. Yazmağa gəlincə isə həmişəki kimi planlar çoxdur, oğul lazımdır girişsin. Görək, nə olur. Bilirsən, Məhəbbət, mənim düşdüyüm hissədə bu saat ciddi işlər gedir. Bildiyin kimi-strateji əhəmiyyətli raket hissələrində xidmət edirəm, dünyanı maraqlandıran ən qlobal məsələlərin burada şahidi və sözün həqiqi mənasında iştirakçısı olmuşuq.”
Bir başqa məktubunda qrup yoldaşına yazır: “Cavidim, Avraam Linkol¬nun öyrəndiyiniz əsərini (“The Pass of Thunder”) mən I kursda oxumuşam. Əla əsərdir. Öyrəniləsi sözlər çoxdur. … burada ən yaxın dostlarımın biri Lomonosov adına Moskva Dövlət Universitetində, o bir isə Beynəlxalq Əlaqələr İnstitutunda oxuyur. Onu deyim ki, nə rus dilindən, nə də ingilis dilindən çətinlik çəkmirəm. Birinci ilə rus dilində, ikinci ilə ingiliscə danışıram. Yaxşı kitablarımız, qəzetlərimiz var.”

Yenə Cavidə yazır: İnstitut tələbəsiyəm - 1 akademik il ba¬şa vurmuşam, di gəl ki, hələ də gələcəyimi nəyə sərf edəcəyimi dəqiq müəyyənləşdirə bilməmişəm. Böyük işlər görmək istəyirəm, hərdən elə həvəslənirəm ki, keçilməz dağ kimi bir məsələni bir anda həll edirəm, məsələn, iki sutkaya tamamilə naməlum bir əlifbada- ərəb əlifbasında sərbəst yazıb oxumağı öyrəndim. İndi bibimin göndərdiyi ərəb əlifbası ilə çıxan (hətta Stokholmda çıxan) qəzetləri oxuyuram. … “Ədəbiyyat və incəsənət” qəzetində işləyən bibim hər həftə məktub yazmasa da, qəzeti (o cümlədən, ingilis, ərəb, fars dillərində əlinə keçən qəzet-jurnalları) qoyur konvertin içinə və göndərir.
Sonra gürcü əlifbasını öyrəndim. İndi hərfləyə-hərfləyə oxuyuram, ancaq başa düşmürəm. Cavid, ingilis dilində göndərdiyin sözlər, frazalar və məktublar üçün də-bir təşəkkür.”
Bir başqa məktubunda şeir göndərir. Şeirini - “Dünyadakı bütün yollar anamın təndir evinin qabağından ötür keçir”- deyə sonuclayır, ardınca da yazır: “Alyaska yoluna çıxsam da, gec-tez gəlib “anamın təndir evinin” qabağından keçməli olacağam. Balaca şey deyil bu inam. Göndərdiyin, hekayəni də oxudum. Bəzi nəticələr çıxara bilmədim. Ancaq hər halda mənə belə gəlir ki, sən onu ingiliscədən tərcümə edibsən. Ola bilər ki, səhv edirəm.

“Bakı-Təbriz-İstanbul” qatarı məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu qatarın ilk sərnişinləri sənin nəvələrin olacaq, bizim yaşımız çatmaz o qatara. Sənin isə bu qatarın sərnişini olmaq fikri ilə yaşamağını alqışlayıram. Ümumiy-yətlə, son hadisələr azərbaycanlıların milli qürur, milli qeyrət hissini qış yuxusundan oyadıb - alqışlamaq lazımdır”.
Ülvi dünyaya açılan qapıları, Bakı-Təbriz-İstanbul yolunun açılması üçün öz gənc – pöhrə canından keçdi, qurban verdi. İndi o yollarla gecə-gündüz dünyanın bütün nöqtələrinə, Ülvinin xüsusi vurğuladığı Təbrizə, İstanbula Azərbaycan yollarından şütüyərək gedib – gəlirik. Dünya ədəbiyyatını gedib dünyanın müxtəlif yerlərindən alıb gətiririk, oralarda yazırıq, tərcümələr edirik, oralarda çap olunuruq, o dillərdə danışırıq. Ülvinin ömrünü qurban verdiyi idealları idi.
Cavidə yazır: “… burada Orta Asiyadan olan uşaqların danışığına qulaq asıram. …
Bütün özbəklər, qazaxlar, qırğızlar, tatarlar və s. bir-birini çox asanlıqla başa düşürlər, sanki bir dildə danışırlar. Bizim dil onlarınkından fərq¬lənir. Ancaq mən də onlarla öz dilimdə danışıram. Bir-biri¬mizi başa düşürük.
Mənə ən qəribə gələn, həm də maraqlı görünən cəhət budur ki, onların dili qədim türk dilinə daha yaxındır. “Kitabi Dədə Qorqud”dan yadımda qalan müraciət formaları, fellər onlarda olduğu kimi qalıb, hansı ki, bizdə tamamilə başqa şəkildə işlənir. Məsələn “Dədə Qorqud” bu sözlərlə başlanır: “Xanım hey!” Burada “hey” — müraciət xitabı bu saat özbəklərdə ən çox işlənir, bu zaman əsas vurğu onun üzərinə düşür.Azərbaycan dilindəki “hey”dən çox fərqali tələffüz olunur. Bizdə “hey” çağırış mənasındadır, onlarda ən adi müraciət ifadə edir. Eləcə də “ayıtdı — dedi” və s.

Cavid, Kamal Abdullayevin “Ədəbiyyat və incəsənət”dəki “Dönük peyğəmbər” polemik mülahizələrini oxudum səhv eləmirəmsə, bu silsilədən IV məqaləsidir. Oxumayıbsansa oxu. Oxuyanda, fikirləşirsən ki, müəllif elə şeylər yazıb, bu heç “Dədə Qorqud” əsərinin müəllifinin belə ağlına gəlməyib. Bu həqiqətən belədir. Çünki burada xalq psixologiyasının təbii inkişafının çox dərin çalarları verilir. Aydın məsələdir ki, insanı bu cəhətləri heç vaxt görə, araşdıra bilməzdi. Güclü məqalədir.

Bunları qeyd etməkdə məqsədim odur ki, Ülvi dillə məşqul olmaq üçün nə qədər çabalar göstərirmiş. O vaxtlar dünyamız belə düz-düzəngah deyildi. Özü də təkcə maraq göstərdiyi ingilis dilinə yox, türk dillərinə də məhəbbətlə yanaşması diqqətimizdən qaçmır. Bir-iki nümunə də mənə göndərdiyi məktubuna diqqət edəcəyəm: “Almaz, bir daha sənə öz minnətdarlığımı bildirirəm - göndərdiyin "Ədəbiyyat və incəsənət", "Odlar yurdu" qəzetlərinə görə. Xüsusilə, üç dildə qəzet göndərməyin məni çox sevindirdi. Həmin gecə bir dəqiqə belə yatmadım. Səhərə qədər ərəb dilindəkiləri əzbərlədim, qəzetdəki bayatıları ərəbcə əvvəlcə köçürməyə, sonra isə müstəqil yazmağa başladım. Ərəbcə qəzetdən bəzi sözləri "nəğmələşdirdim". Söz verirəm ki, yaxınlarda sənə ərəb dilində məktub yazacağam… İkinci sevindirici xəbər: Tolstoyun 12 cildliyinin növbəti cildini oxumağa başlamağımdır (rus dilində). Tezliklə "Hərb və sülh"ü oxumağa girişəcəyəm. Bu roman həm dil, həm də bəzi başqa cəhətlərdən mənə çox kömək edə bilər.”

“Almaz, imkanın olsa, ərəb dilində qəzet göndər (göndərdiklərini çoxdan oxuyub qurtarmışam). Bir də bacarsan mənə bu əlifba ilə məktub yaz. Hüsnxətt qaydada yaza bilmirəm, çap hərfləri ilə yazıram.”
“Almaz,mümkün edə bilsən, mənə türk əlifbası ilə yazıl¬mış (istənilən səpgidə -- bədii, elmi, siyasi...) kitabça-broşu¬ra bir ədəd kifayətdir, bir də əski əlifbanı bütün hərfləri, səsləri, nümunə sözləri ilə göndərəsən. Bilirəm, bu səndən çox vaxt tələb edə bilər. Ancaq bir də xahiş edirəm, imkanınca köməyini məndən əsirgəmə. Səndən mayın ortalarına qədər bu şeyləri gözləyirəm.”

Tələbəlik illərində oxuduğu institutun “Bilik” qəzetində tərcümə sənətinə aid, dostu Məhəbbətin şeirləri üzərində “gəzişərək” “Ənənələr yaşayır” adlı bir məqalə (1988) çap etdirmişdi: “Tərcüməçi mütəxəssislərin hazırlanması sahəsində institutumuz böyük tarixi ənənələrə malikdir. Bu gün "Bilik" qəzetinin səhifələrində M. Əhmədov, X. Novruzov, C. Feyziyev,A.Hacıyeva və başqalarının imzaları, onların uğurlu tərcümələri və şəxsi yaradıcılıq nümunələri ilə rastlaşdıqca buna da inanırıq ki, həmin ənənələr indi də yaşayır, inkişaf edir, genişlənir. Məhəbbət fransız ədəbiyyatından nümunələr tərcümə edəndə də, özünün ən kövrək, gizli duyğularını poetik misralara çevirəndə də bütün xırda hisslərdən yuxarıda durur, ancaq və ancaq istedadına arxalanır. Aksiomadır ki, tərcümədə, əsər yazılan dilin poetik xarakteri və qanun-qaydaları, daxili dəyərləri, bu dilin daşıyıcılarının tarixi nəfəsi duyulmaqla bərabər, tərcümə olunan dilin poetik imkanları, melodik çalarları, milli ruhu da ehtiva olunmalıdır.”

Təqdim olunan bu qeydlərin hamısı Ülvinin tərcümə sənətinə olan marağını, çoxdankı həvəsini diqqətinizə yetirməkdir.


Ülvinin dünya ədəbiyyatından on yeddi müəllifdən 19 tərcümə əsəri əlimizdədir və onları bu kitabda oxuculara təqdim edirik. Bir neçə də yarımçıq tərcümələri var. Amma onların müəllif¬lərini bilmədiyimdən yarı-yarımçıq təqdim etmək istəmədik və arxivindədir, bəlkə də gələcək tədqiqatçılarına gərək olacaq, onlar tədqiq edəcəklər. Bir tərcümə pyesi də var. O da yarımçıqdır, tədqiqatçısı dəqiqləşdirər.

Amma Ülvinin tərcümələri ilk dəfə 1990-cı ildə məsləkdaşı, milli azadlığı mücahidi və şəhidi Aydın Məmmədovun təklifi ilə rəhbərlik etdiyi Tərcümə Mərkəzinin “Xəzər” dərgisinin V sayında dərc olunmuşdu. 1992-ci ildə “Azərbaycan” dərgisi də bir neçə tərcüməsini çap etdi.

Ülvinin indi təqdim etdiyim tərcümələri içərisində L. Aver¬yanov adlı bir rus (hekayəni “Literaturnaya qazeta”dan götürüb) yazarın da “Necə məşhurlaşmaq olar?!” adlı hekayəsi var. 90-cı illərin əvvəllərində həmin hekayəni elə həmin qəzetin arasında bir neçə qaralama, nəhayət, səliqə ilə üzü köçürülmüş şəkildə Ülvinin yazılarının arasından götürmüşdüm. İqor Mixayliçenko adlı bir şairin “Xoşbəxtlik” şeirini o vaxtlar çox populyar olan “Oqonyok” dərgisindən tərcümə edib. Hər iki müəllif haqqında heç nə öyrənə bilmədiyimdən yalnız hekayə və şeiri (tərcümələri) təqdim edirəm.

Ülvinin tərcümələri içərisində həvəslə oxuduğum Oskar Uayldın “Bülbül və qızılgül” hekayəsidir. 2005-ci ildə “Ulduz” dərgisinə bir məktub ünvanladım: “Ülvi... bu gün¬lərdə sənin əlyazma qovluqlarını yenə araşdırırdım. Əlinin hənirtisini, körpə ürək döyüntünü vərəqlərində duyurdum. Nakamlığın ürəyimi şan-şan etdi... . Tərcümələrin diqqətim¬də dayandı (yox, daha doğrusu, bütün əlyazmalarını sistemləşdirib, internet saytını açmaq niyyətində olduğumdan qovluqlarını bir-bir yenidən nəzərdən kecirirdim). Elə bu ərəfədə tərcumələr qovluğunda Oskar Uayldın "Bülbül və qızılgül" əsərini gördüm, götürüb elə oradaca oxudum. Sanki çoxdan idi ki, bu qədər maraqlı bir əsər əlimə kecməmişdi. Həmin hekayəni bilirdim ki, dəyərli qələm ustası - yazıçı, jurnalist Elcin Şıxlı da tərcümə edib və nəşr olunub. Amma sənin tərcümən məni bir ayrı ovqata köklədi. Öz taleyinə ox¬şar obrazların həyatını çevirmisən: Sən torpağı qanına boyadın, Bulbul isə gülün ləcəklərini, Sən bulbul, Vəтən isə qızılgül. Bir də sənin “Мənim ağ göyərçinim” hekayəni xatırladım. Sənin tərcümələrinin hamısı orijinaldan edildiyindən, az qala öz əsərlərin kimi görürəm”. Göndərdiyim bu məktubla bərabər həmin hekayəni- O.Uayld.
“Bülbül və qızılgül” hekayəsini də “Ulduz” öz səhifələrində dərc etmişdi (2005, №3, səh.22-25).
Tərcümə etdiyi poetik nümunələrə nəzər yetirək: ingilis romantik şairi P.Sautinin “Volter Tayler” əsərindəki fəlsəfi fikir¬lər çox düşündürücüdür. Insanam deyilənlərin əcdadı Adəm və Həvvadan törəyibsə, onda kölə kim, zülmkar kim olub və ya sonradan dünyanın doğru nizamını pozanlar kim olub, varlanıb harınlaşanlarmı, yoxsa bəs kim?

Toxuyardı Həvva, işlərdi Adəm,
Bəs kölə, zülümkar kimiydi o dəm?

Ağrılı və gerçək sualdır. Dünyanı iki yerə bölən, iki cəbhə törədən qüvvələr qınağa çəkilir: varlı və kasıb təbəqənin ziddiyyətli həyat tərzi sadalanır, Sauti kimi tərcüməçini də düşündürən suallar qarşısında lal heykələ dönən “lirik mən”lərin poetik üsyanı:

Kəndli qan-tər tökər, harınlar yatar,
Kəndli əkər, biçər, harınlar udar.

Bu kitabın adı əslində Bayronun “Könlüm qəhərlənib” şeirindən uyğunlaşdırılıb. Ülvi ömrünün nakamlığından qəhərlənən könülün sızlaya-sızlaya hasilə gətirdiyi ədəbiyyat çələngidir. Dünya ədəbiyyatının dahi Bayronundan Ülvinin seçdiyi iki nəğmə var:

Könlüm qəhərlənib, köklə arfanı,
Diqqət kəsilməyə tabım var hələ.
İncə barmaqların həzin havanı,
Dindirib, ruhumu tez alsın ələ.

Romantik bir qəlbin həzin pıçıltıları gerçəkdən də insan ruhunu oxşayır:
Xəfif küləklər də, sular da sözlü,
Nəğmələr pıçıldar qulağa gizli.
Hər gülün üstündə şəbnəmdən pərdə,
Ulduzlar görüşür uca göylərdə.

İngilis zadəgan nəslindən olan P.B.Şellidən bəyəndiyi, seçdiyi “Axşam” şeiri də pomantik – lirik duyğular üzərində köklənib:
Axşam mehi əsir çöldə, obada,
Gur çayların oxşayaraq üzünü,
Oyatmayır ləpələrin özünü.

Tomas Huddan olan “Keçmiş və indi” çevirməsini oxuyanda tərcüməçinin öz “Köhnə otağın nağılı” adlı hekayəsini də xatırladım. Nostalji hisslər burulğanında cövlan edən lirik, romantik bir həyatla üzbəüz qalmalı olursan:
Yurd salıb yaddaşımda
Qızılgüllər rəngbərəng.
Bənövşələr, zanbaqlar,
Nur qaynağı hər çiçək,
Quş yuvalı yasəmən.
Ömrünə oxşayan, nakam taleyini oxşayan “Sükut” şeirindən:
Dərin uyğulara dalmış cahan da,-
Yox həyatdan əsər, yox səsdən əsər.
Buludlar, kölgələr sükutla gəzər…

A.S.Puçkindən etdiyi tərcüməyə - “Çaadayevə” şeirinə diqqət yetirək:
Cavan aşiq həqiqi məhəbbətin
Görüş anlarını gözlədiyitək.
Müqəddəs azadlıq dəqiqəsini
Gözləyir qəlbimiz, gözləyir ürək.
Yanırıq azadlıq anları üçün,
Ürəyimiz qeyrət üçün döyünür.
Dostum, qəlbimizin hər döyüntüsü,
Xalqa həsr olunub deyə öyünür.
İnanıram, sən də inan, gələcək,
Həsrətində olduğumuz gələcək,
Rusiya öz dəhşətli yuxusundan
Sıçrayışla oyanacaq, qalxacaq.
Köhnə dünya xarabalıqlarından
Bizim ad günümüz qeyd olunacaq.

Bax beləcə, üz tutduğu, qələmə aldığı əsərlərin çoxdan-çoxunda, istər şeirlərdə, istərsə də nəsrdə də Ülvinin öz taleyi ilə, amalı, məqsədi, məramı, arzusu, diləyi, ən saf, ən ali istəyi ilə rastlaşırsan: dünyanın nizam tərəzisi,lirik-romantik eşq dünyası, gözəl təbiət lövhələri, ətirli çiçəklərin çəmənzarlığı, azadlıq məhəbbəti ilə alışıb yanan - təşnə qəlbinin üsyanı, mübarizə yolları, azadlığa aşiq könlünün çırpıntıları, tufanı-qasırğası, dolub-boşalan buludları, yağışı-qarı, çəni-dumanı, zirvədə qıy vuran qartalın əzəməti, ceyran-cüyürün ürkək baxışları… . Bütün bunlar Ülvi qələmindən-qəlbindən süzülən hər sətrin, hər misranın, hər cümlənin, hər fikrin obrazları, ədəbi qəhrəmanlırıdır.

Ülvinin zəngin mütaliəsi vardı, onun bu qabiliyyəti ailə ənənəsindən irəli gəlirdi. Atası da dünya ədəbiyyatının ən məşhur əsərlərini dönə-dönə oxuyardı. Tam səmimi deyim ki, bəlkə də onun – atası şair təbli Yusif bəyin nəzərindən heç bir bədii əsər, ən yeni əsər belə qaçmırdı. Mütaliəsini necə deyərlər, heç əlindən yerə qoymurdu. Bəli, Ülvinin mütaliə məhəbbətinin qaynağı atası olmuşdu: aralarındakı ədəbi mübahisələr, ədəbi yeniliklərlə tanış olaraq hər söhbətində atasını heyrətləndirmək marağı və s. Oxuduğu əsərlərin təsiri, təbii ki, onun yaradıcılığında da özünü göstəririb. Konstantin Simonovun “Gözlə məni” (“Жди меня”) az qala dünyanın əksər dillərinə tərcümə olun¬muşdu, o cümlədən Azərbaycanın bir çox tanınmış şairlərinin (Ə.Kürçaylı, X.R.Ulutürk, Anar, İsa İsmayılzadə, S.Məmməd¬zadə, S.Babullaoğlu, A.Vəfalı, X.Əfəndiyeva və s.) tərcüməsində də dilimizə çevrilmişdi. (Böyük rus şairi K.Simonovun Böyük Vətən Müharibəsi (1941-1945) illərində yazdığı şeirlər içərisində "Gözlə məni" şeiri müharibədə vuruşan bir əsgərin dilindən verilir). Ülvi isə bu şeirin təsiri ilə öz “Gözlə məni” (1987) şeirini yazmışdır – sanki öz nakam taleyinə yazdığı həmin şeiri - ağını diqqətinizə yetirmək istərdim:

Anam da, övladlarım da
Məni qəmgin xatırlasın.
Qoy ən əziz dostlarımsa
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy lap məni “bəxtsiz” - deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm,
Bir ölümün acığına.

İ.Mixayluçenkodan etdiyi “Xoşbəxtlik” şeirinin təsiri ilə yazdığı “Xoşbəxtlik” şeiri sanki illər əvvəl haradasa bir rus şairinin xoşbətlik sorağına:

Deyirsən, gəl söylə xoşbəxtlikdən,
Çoxdan buna cavab axtarıram mən.
Bunu sordum bir şairdən-müdrikdən,
Bir də sarı sünbül dolu zəmidən-
cavab verir:

Bu xoşbəxtlik haradadır görəsən,
Qəm atını qapısına sürrəsən.
Bid səsdeyir, çox özünü üzmə gəl,
Tapmayasan nə qədər ki, dirisən.

Belə poetik təsirlərlə gənc qələm sahibinin .bir neçə şeirində rastlaşmaq mümkündür.

Ülvinin dünya ədəbiyyatının dahilərindən etdiyi seçmə əsərlərin müəllifləri haqqında qısa bioqrafik qeyd - məlumatları və foto¬larını da təqdim etməyi münasib bildik. Bu qeyd-məlumatların hazırlanmasında Ülvinin tələbə yoldaşlarından biri - filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarovanın köməyini minnətdarlıqla qeyd edirəm.

Nəhayət, əziz oxucular, milli azadlıq mücahidi, şərəfli şəhid taleli, cənnət-məkan 20 yaşlı Ülvi Bünyadzadə yenidən görüşünüzə gəlib, yaşamadığı illərinin şərəfinə, inanıram ki, onun ruhu bundan çox sevinəcək.

İnform.az

Baxış sayı: 957