Baş xəbər, Sosial
19.01.2016 / 12:06

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıbİnform.az AZƏRTAC-a istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə nümayəndəliyin əməkdaşları Vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb.
Natiq 20 yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirib: " Biz 20 yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu".
B.Əsgərov baş vermiş qanlı hadisələrdən dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edib:" Ümummilli lider Heydər Əliyev heç bir təhlükə və hədədən çəkinməyərək bu faciəni törədənlərin adlarını açıq şəkildə çəkərək, onların cəzalandırılmasını tələb edib. Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür kömək üçün imzaladığı sərəncamların Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiram olduğunu bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atıb. Dövlət başçısı müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik faktorunu əsas tutaraq milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Müstəqilliyimizin əldə olunması, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır. Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir".

Nümayəndəliyin rəhbəri deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə hər il olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 20 Yanvar faciəsi yad olunur, şəhər və rayonlardakı şəhidlər xiyabanları ziyarətgaha çevrilir.

İnform.az

Baxış sayı: 408