Mədəniyyət, Ədəbiyyat
18.01.2016 / 18:14

«Qobustan»ın yeni sayında oxuyacaqsınız

 «Qobustan»ın yeni sayında oxuyacaqsınızHər rübdə bir dəfə nəşr olunan «Qobustan» sənət toplusunun sonuncu sayı işıq üzü görüb.
Bu sayda «Kinomuz - yolun harasındayıq?» adlı dəyirmi masada müzakirə olunan ekran sənətimizlə bağlı narahatçılıq izhar edilir.
«Yurd yeri» rubrikası adı ilə çap olunan yazıda Ramilə Qurbanlı Cəbrayıl rayonu ilə bağlı məqalələrini təqdim edir. Bu yazılarla görkəmli yazıçı Sabir Əhmədli, onun qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, Qarabağ döyüşlərində həlak olmuş oğlu Məhəmməd yada salınır. Sonra isə müəllif Azərbaycan bayrağını canlandıran əziz tutan İlqar Mehdiyevin qəhrəmanlığını və əzablı əsirlik dövrünü xatırladır. Müəllif «Ölümə sığınan şair» məqaləsi ilə isə oxucuları vaxtilə kitabları müntəzəm çap olunan, ömrünü faciəvi şəkildə başa vurmuş şair Sərdar Əsədi unutmamağa çağırır. Ramilənin silsilə məqalələri qaçqınlıq xatirələri ilə tamamlanır.
Əslən Cəbrayıldan olan Nüşabə Hüseynli «Əcəl atına kim minəcək» resenziyasında Vaqif Əlixanlının Azərbaycan Dövlət Gəncə Tamaşaçılar Teatrında hazınlanan «Əcəl atı» pyesinin ədəbi mətnini araşdırır. Müəllifin sonrakı yazıları «Yaqutun arzusu dərdindən keçir» və «Arabir qəbiristanlığa dəyəkmi» adlanır? Cəbrayıl işğalı ilə bağlı yazılar Əfqan Məmmədovun «Şəhid çinar kimi…» (Cəbrayıllı çinar əyilmədən sındı) hekayəsi ilə tamamlanır.
Toplunun bu sayında mərhum akademik Tofiq Hüseynovun «Türkiyə türkcəsi yalnız Türkiyənin deyil…» məqaləsi qaldırdığı problemin aktuallığı ilə diqqəti çəkir. Ağəddin Babayevin «Pərdənin o üzü» müsahibəsində Lənkəran Dövlət Teatrının yaradıcıları xalq artisti Böyükxanım Əliyeva və əməkdar artist Təvəkkül Əliyev bu səhnə ocağındakı yaradıcılarından söhbət açırlar. «Qobustan»ın sədaqətli müəllifi Esmira Nəzərli bu yaxınlarda dünyasını dəyişmiş xalq artisti Nuriyyə Əhmədovanın sənət yoluna nəzər salır. Təranə Vahid «Ölülər»in diriliyi» məqaləsində zəmanəmizdə baş verən hadisələrlə «Ölülər» pyesini (tamaşasını) müqayisə edir, mövzunun aktuallığını dilə gətirir. Sənətşünas Əsəd Quliyev «Heykəl ömrü» məqaləsində məşhur tişə ustası Fuad Əbdürrəhmanovun yaradıcılığını araşdırır. Araz Həsənli «Kuklaçı atam» xatirəsi ilə Azərbaycan Dövlət Kukla Teatrının inkişafında xidmətləri olan atası Ruslan Həsənlini yada salır.
V.Ənvəroğlunun (Əlixanlı) «Qaralı etüd», «Mahnı piri» məqalələri görkəmli bəstəkarlar Qara Qarayevin və Tofiq Quliyevin şəxsiyyətlərinə fərqli baxışdır.
Bu sayda musiqi sənəti ilə bağlı Lalə Eldar qızı Ataxanın «Bülbül muzeyi-musiqi folkloru sahəsində əsas qaynaq kimi», kino sənəti ilə ələqədar Sevinc Əzimovanın «Azərbaycan cizgi filmləri və uşaq hissiyyatı», təsviri və tətbiqi sənətdən bəhs edən Sabir Qasımovun Rəsul Hüseynovun akvarelləri, Cabir Albantürkün «Qələmini oddan-alovdan keçirən», Tünzalə Məmmədzadənin «Şəkidə sənətlər və sənətçilər» yazılarını oxumaq olar. Topluda Ələkbər Salahzadə adına poeziya müsabiqəsinin qalibləri – Balayar Sadiqin, Esmira Məhiqızının, Vəfa Mürsəlqızının şeirlərinə yer ayrılıb. Son səhifələrdə verilən «Haqqı-nahaqdan ayıran çəpər...» məqaləsində baş redaktorun dünyanın sabahı üçün narahatlığı, «Yazı sənəti» məqaləsində Amerika yazıçısı Stiven Kinqin qələm adamlarına tövsiyələri öz əksini tapıb.
Bu sayın bir çox səhifələrini «Məsnəvi»dən kəlamlar, üz qabığını isə Həsən Ağanın «Kompüter qrafikası» və Rəsul Hüseynovun rəsmləri bəzəyir.


A.Xiləli/İnform.az



Baxış sayı: 491