Sosial, Şərhlər
11.01.2016 / 14:09

Azərbaycanda vergi mədəniyyəti

Azərbaycanda vergi mədəniyyəti
Arzu Qafarlı/iqtisadçı-ekspert


“Vergi mədəniyyətini inkişaf etdirmək üçün böyük layihələr işlənməli, əhali arasında daim maarifləndirmə işləri aparılmalıdır”

“Bizdə isə çox təəssüflər olsun ki, belə şou-biznes nümayəndələri çox azdır”

“... Hansı ki, vergi ödəməyənlər ən çox gəlir əldə edən, yüksək qiymətə toya gedən şou-biznes nümayəndələri idi”

“Azərbaycanın vergi sistemi ölkə iqtisadiyyatının inkişafına xidmət edir”

İstənilən ölkənin iqtisadiyyatının güclü olması üçün onun büdcəsinə çoxlu vəsait daxil olmalıdır. Büdcəsinə çoxlu vəsait daxil olan ölkələrin əsas səbəblərini araşdırdıqda, həmin ölkələrdə vergi mədəniyyətinin inkişaf etdiyini görürük.

Ölkələrdə vergi mədəniyyəti o zaman yaranır ki, ödəyicilər məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçirlər.

Ötən illərdə vergi ödənişi əhaliyə güc tətbiq olunmaqla yerinə yetirilirdisə, hal-hazırda isə bu işlərin əksini görürük. Artıq insanlarda vergi mədəniyyəti formalaşıb. Onlar ödəmələri könüllü şəkildə aparırlar.

Onu da qeyd edim ki, müasir vergi siyasətinin əsas işi könüllü vergi ödəmələrini inkişaf etdirməkdir.

Necə oldu ki, insanlar “məcburi ödənişdən”, “könüllü ödənişə” keçdilər?

Baxaq görək, “Vergi Mədəniyyətini” inkişaf etdirmək üçün ölkəmizdə hansı tədbirlər görülüb və ya görülür?

Bu vacib, lazımlı, məsuliyyətli iş, əsasən, Vergilər Nazirliyinin üzərinə düşür. Vergi orqanları ödəyicilər arasında vergi mədəniyyətini yüksəltmək, vergi sahəsində təbliğat, məlumatlandırma və maarifləndirmə işini gücləndirdiyini və s. bu kimi işlərin davamlı olaraq aparıldığını görürük.

Bu işlərin davamlı aparılmasında əlbəttə ki, məqsəd vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən, istənilən növ informasiyaya çıxışını təmin etməkdir. Bunun üçün Nazirlik mövcud olan bir çox məlumat mənbələrini yaratdı.

Mənbələr:
• taxes.gov.az web saytı
• 195 Çağrı mərkəzi
• Vergi ödəyicilərinə xidmət mərkəzləri
• Vergi dostları şəbəkəsi
• Sosial media

İlkin olaraq, mənbələrdən biri olan nazirliyin veb saytı ilə bağlı araşdırma apardım.

Sayt tam müasir, geniş məlumatlıdır. Diqqətimi çəkən bir məqamda o oldu ki, saytın zövqlü dizaynla hazırlanması, məlumatların düzgün yerlərdə yerləşdirilməsi, göz yorğunluğunun olmaması və axtarılan məlumatın tez tapılması vaxt itkisinə yol vermədi.

Sayta daxil olaraq, Nazirliyin fəaliyyəti, qanunvericilik, bəyannamə, e-xidmətlər, bir pəncərə, hesabatlar, asan imza və s. haqqında ətraflı məlumat əldə etmək olar. Bir sözlə, saytda bütün suallara cavab tapmaq mümkündür.

Qaranlıq qalan suallara isə “195 çağrı mərkəzi” –dən daha ətraflı məlumat əldə etmək olar.

Onu da qeyd edim ki, respublikanın istənilən regionundan birbaşa «195» nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman "Çağrı Mərkəzi" tərəfindən göstərilən xidmətlər ödənişsizdir.
Nazirliyin “vergi mədəniyyəti”nin inkişaf etdirilməsində misal kimi, əsas olan bu mənbələr haqqında qısa məlumat verdim.

Bu mənbələrdən də göründüyü kimi, vergi mədəniyyətini inkişaf etdirmək üçün böyük layihələr işlənməli, əhali arasında daim maarifləndirmələr aparılmalıdır.

Son aylarda şou-biznes nümayəndələrinin vergi ödənişi ilə bağlı bir çox açıqlamalarını eşitdik.

Vergi ödəyən şou-biznes nümayəndələrinin az sayda olduğunu bildik. Digərlərinin isə ümumiyyətlə məlumatsız olduğunu, bir hissəsinin isə işi ilə əlaqədar vaxt baxımından ödəniş etmədiyini bildirirlər.

Hansı ki, vergi ödəməyənlər ən çox gəlir əldə edən, yüksək qiymətə toya gedən şəxslər idi. Bu şəxslərin bir çoxunun cərimə olunduğunu mətbuat yolu ilə izlədik.
Bəs bu problem cərimə olunmaqla aradan qaldırıla bilərmi?

Bu yolla ən azından onlar siyahıya alındılar. Adlarına VÖEN açıldı.

Bəziləri vergi ödənişi etsələr də, amma yenə də vergidən yayınmalar qaçınılmaz olacaq.

Bu kimi halların qarşısını almaq, bu şəxslərin adları, əldə etdiyi gəliri şadlıq evlərində tətbiq olunan "qeydiyyat kitabı"nda düzgün əks etdirməmələridir.

Paytaxtda və digər bölgələrdə fəaliyyət göstərən bəzi istirahət, əyləncə, mərkəzlərində bir çox zamanlarda "qeydiyyat kitabı"nın doğru aparılmasına diqqət olunmur, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi "kitaba" salınır.

Əksər xarici ölkələrə nəzər yetirsək görərik ki, şou-biznes nümayəndələri dövlət büdcəsinə nə qədər vergi ödəməkləri ilə gündəmə gəlməyə üstünlük verirlər.

Bizdə isə çox təəssüflər olsun ki, belə şou-biznes nümayəndələri çox azdır. İnanırıq ki, qısa zamanda bəzi şou-biznes nümayəndələri də, bu kimi problemləri qısa zamanda aradan qaldıraraq “Vergi Mədəniyyəti”nin inkişafına dəstək olacaqlar.

Vergi Mədəniyyətinin inkişaf etdirilməsi hər bir vətəndaşın borcudur.

Bunun üçün hər bir vergi ödəyicisi çalışdığı sahədən aslı olmayaraq (biznes, incəsənət, idman, nəqliyyat, səhiyyə, turizm, və s.) qanunun tələb etdiyi vergini ödəməlidir.

Unutmayaq ki, Azərbaycanın vergi sistemi ölkə iqtisadiyyatının inkişafına xidmət edir. İqtisadiyyatı güclü olan, inkişaf edən ölkədə yaşamağı hər bir vətəndaş istəyir.

Bunun üçün bu kimi qanun və qaydalara əməl etməyi özümüzə borc bilək.

İnform.az

Baxış sayı: 640