Texnologiya
08.01.2016 / 13:28

Ağıllı ayaqqabı təqdim edildi

Ağıllı ayaqqabı təqdim edildi


ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES 2016 –da maraqlı avadanıqlar təqdim edilir.

Fransanın Digitsole şirkəti ziyarətçilərə özünün ağıllı ayaqqabı seriyasını təqdim edib.

Sərgidə mühəndislər gələcəyin ayaqqabısının malik olduğu imkanlardan danışıblar.

Digitsole-nin ağıllı ayaqqabı seriyası 3 modeldən ibarətdir.

Smartshoe modeli şəhər şəraitində istifadə üçün nəzərdə tutulub. Ayaqqabının əsas üstünlüyü qış fəslində ayaqları isitmək qabiliyyətinə malik olmasındadır. Bundan əlavə, krossovkalar içərisində yerləşdirilmiş sensor sayəsində atdığınız addımların sayını, həmçinin gün ərzində itirdiyiniz kalorini hesablaya bilir. Ayaqqabıların bağı isə yoxdur, onlar smartfondan verilən komanda ilə ayağınıza çəkilərək bağlanır. Krossovka Bluetooth ilə təchiz olunub.

Ayaqqabının ön hissəsində kiçik işıqdiodlu fonar yerləşdirilib ki, bu da qaranlıqda yolu görməyə imkan verir. Krossovkalar həm də öz sahiblərinə yararlı olub-olmadıqlarına da nəzarət edirlər. Belə ki, əgər ayaqqabının altlığı dağılıbsa və ya çox köhnəlibsə, sahibi bu haqda o dəqiqə xəbər tutur. Belə olan halda altlığı dəyişmək mümkündür, ya da 450 dollara bir cüt yeni ayaqqabı almaq lazım gələcək.

Smartshoe modeli enerji ilə naqilsiz stansiyadan təchiz olunur və bir neçə günə kimi işləyə bilir.

Warm seriyasından olan 2 model enerji ilə microUSB-kabel vasitəsilə təchiz olunur və fasiləsiz olaraq 6 saata yaxın işləyir.

Ağıllı ayaqqabının 2016-cı ilin sonunadək satışa çıxarılacağı gözlənilir.

İnform.az

Baxış sayı: 395