Gündəm, Şərhlər
05.01.2016 / 12:53

Hara gedirik?

Hara gedirik?
Aslan Həbibov/ilahiyyat üzrə fəlsəfə doktoru

Üç il İmam Xətib Liseyi (Bursa), beş il İlahiyyat fakültəsi (Samsun), üç il maqistratura (Samsun) və 4 il doktrantura (Ankara) olmaq üzrə 15 il Türkiyədə (1992-2007) bir Şiə/Cəfəri olaraq təhsil aldım. Bu müddət ərzində nə bir təzyiqə məruz qaldım, nə də əqidəmdən ötürü xorlandım. Nə məzhəbimi dəyişdirdim, nə də gizlətmək məcburiyyətində qaldım. Müəllimlərim, dostlarım və ümumilikdə Türk xalqına mənə qürbət hissi yaşatmadıqları üçün həmişə dua etdim. Başqa ölkələrdə təhsil alan yoldaşlarım, o ölkələrdə qarşılaşdıqları təqyiqdən bəhs edəndə, mən ağız dolusu Türkiyədəki azad şəraitdən bəhs etdim, təriflədim. Xülasə təhsil aldığım dövrdə Türkiyədə İlahiyyatda (ən azından mənim olduğum yerlərdə) azad mühit var idi və məzhəbinə görə heç kəsə pis gözlə baxılmazdı.
Lakin son zamanlarda izləyə bildiyim qədərilə Türkiyədə vəziyyət çox dəyişib. Xüsusilə Suriyada baş verənlərin Türkiyənin İlahiyyat çevrələrinə də təsir etdiyi sosial şəbəkələrdəki status və şərhlərdən, mətbuatdakı xəbərlərdən açıq bir şəkildə görülür. Keçmişdən bəri bəzi cəmaət və çevrələrin qatı mövqeyinə qarşı azad mühiti qoruyan İlahiyyat cameəsindən bir çox elm adamının dab u karvana qoşulması, İlahiyyat adına heç də yaxşı gələcək vəd etmir. Həmişə tələbələrimə dediyim “Türkiyədəki təhsilim məzhəbimi dəyişdirmədi, lakin məni “ilahiyyatçı” etdi” və “keçmişə qayıtma imkanım olsaydı yenə İlahiyyatda və yenə Türkiyədə oxumaq istyərdim” sözümü, əgər bu aralar Türkiyədə oxusaydım gələcəkdə deyə bilərdimmi, bundan əmin deyiləm.
Dövlər arası münasibətlərin mənfəət əsasına dayandığını, dünən düşmən olan iki dövlətin sabah əlbəttə dost ola biləcəyini hamımız bilirik. Xalqı nəinki fərqli məzhəblərdən, hətta fərqli dinlərdən olan dövlətlərin belə necə ortaq mənfəətlərindən ötrü dost olduqları və ya ən azından dost görünməyə çalışdığı bir dünyada sırf məzhəbinə görə başqalarını xaroc etmək , təkfir etmək, ifitra atmaq ən azından İlahiyyat cameəsi adına son dərəcə narahatedici bir durumdur. Ümid edirəm ki, Türkiyədəki İlahiyyatlarla əlaqədar təsbitlərimdə yanılmış olaram və yenə ümid edirəm ki, İlahiyyatlar mənim kimi fərqli məzhəbdən tələbələri “İlahiyyatçı” olaraq yetişdirməyə davam edərlər.

İnform.az

Baxış sayı: 488