Şərhlər
05.01.2016 / 11:45

Azərbaycanlılar niyə mələk ola bilmirlər?

  Azərbaycanlılar niyə mələk ola bilmirlər?
Bəybala Mirzəyev/araşdırmaçı-yazar



...Və yaxud, 31-cü günün adsız qəhrəmanı kimdir?

"Ya Allah, Bismillah !" deyib araya-ərsəyə gətirmək istədiyim bu yazıya ilin ilk yazısı da deyə bilərəm. Çünki gerçəkdən də mən 2016-ya məhz bu yazıyla başladım. Amma bu yazımın nə planı var, nədəki sərhəddi...

Çünki yazımın qəhramanının başına gələnlər də ağlasığmaz bir şeylərdi. Mənim qəhramanım 2015-in sonuncu gününü tam da Azərbaycan sayağı film kimi yaşadı. Acı yaşantılar və xoşagəlməz sürprizlərlə dolu bir gün. Sanki böyük bir XAOS izləyirdi onu həmin gün... Odur ki, mən də bu yazıya məhz həmin günün ovqatıyla başladım. Amma əvvəlcə hamıya və hər kəsə cəmi ikicə sualım var :

1. Sizcə, biz azərbaycanlılar niyə mələk ola bilmirik ?


Testvari cavab variantları :

-Ona görə ki, mələk kimi doğulmuruq

-özümüz mələk olmaq istəmirik

-reallıqlar mələk olmağımıza imkan vermir

-insan insandır, mələk ola bilməz !


Hamısı bumu ? Başqa bir variantı olanınız yoxmu ? Amma mənimsə var... Məncə, insanların çoxu sadəcə insan kimi yaşamaq üçün doğulurlar. Amma bəzi insanlar da var ki,onlar mələk- insan missiyası ilə doğulur və bizim aramızda yaşamağa başlayırlar.
Lakin... Bizsə onlara mələk olmağa imkan vermirik. Biz hər gün onların qanadlarını qram-qram, misqal-misqal sökməklə, qırmaqla məşğul oluruq. Sanki... Sanki cənab İblisin özüylə müqavilə bağlamışıq kimi... Biz heç kimin mələk olmağını istəmirik.
Niyə ? Bəlkə "niyə"sini bir qədər sonraya saxlayaq ?

İndi isə ikinci sualımı vermək istəyirəm :

2. Bizim çoxlu adlı qəhramanlarımız var. Misal üçün, Atilladan, Babəkdən tutmuş ta ki, Mübariz İbrahimova kimi.
Amma bəs hər gün aramızda nə qədər çoxlu adsız qəhramanların var olmasından da, bizim kimi adi və gündəlik həyatlarını yaşayıb, amma bizdən fərqli olaraq hər gün müxtəlif qəhramanlıqlara imza atmaqlarından da heç xəbərimiz varmı ?


Yox , xəbərimiz yoxdur. Fərqində deyilik. Amma biz fərqində olmasaq belə, onlar var. Onlar bizim aramızdadırlar və "noçnoy dozor"lar kimi aramızda gəzib irili-xırdalı müxtəlif xeyirxah işlərə, yaxşılıqlara imza atmaqla məşğuldurlar. Onlar xeyirxahlıq mələkləridirlər... Elə bu yazımın adsız qəhramanı da həmin o mələklərdən biridir. Söhbət Nərmin adlı adi bir azərbaycanlı qızından gedir. Hə, onu da deyim ki,mən indiyə qədər bir çox portret-yazılar yazmışam. Uzaq İngiltərə və ya İtaliyadan tutmuş dost və qardaş Türkiyəmizə qədər - dünyanın ən müxtəlif ölkələrində yaşayan fəal azərbaycanlılar haqqında yazılarımın bəzilərini sizlər də oxumusuz.. Lakin bu dəfə isə ənənəmi pozaraq ölkənin içində - Bakıda yaşayan bir insanımızdan və onun dekabrın 31-dəki nümunəvi əməlindən, eləcə də cəmiyyətdəki bəzi şər insanların isə ona qarşı sərgilədikləri haqsız davranışlardan yazmağı qərara aldım.

Bəli, sizlər bu yazını başdan tutmuş ayağa kimi tam şəkildə oxuyanda biləcəksiz ki, əslində bizim düşmənimiz nə iqtidar, nədəki müxalifət deyil. Bizim ən böyük düşmənimiz elə biz özümüzük. Sən, mən, o və onlar... Necə deyərlər, öz qövmümüzə əngəl-kələfik biz. Bax bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabiri necə yada salmayasan ?

Ehh... Nə isə... İndi də keçək əsas mətləbə. Fikir vermisizsə, son vaxtlar itən əşyalarla bağlı elan və məlumatların sayı xeyli artıb. Mən bunun səbəbləri barədə heçnə demək istəmirəm. Qoy bu mövzunu bizim hörmətli psixoloqlarımız çözsünlər. Amma nə təsadüf ki, mənim qəhramanım da 31 dekabrda məhz belə bir elanın qurbanına çevrilib. Həmin gün Nərmin piyada keçidindən keçərkən yerdən bir pul kisəsi tapıb. Kisənin içində 720 manat pul, birdəki Bakıdakı brend parfümlərin satıldığı salonlardan birinin müştəri kartı varmış. Sizcə, Nərminin bu tapıntıya ilk reaksiyası necə olub ? Vəya hal-hazırki insanlarımızın əksəriyyətinin reaksiyası necə olur adətən ? Yox, cənablar ! Bu sualın cavabını verməyə hazırlaşarkən ağlınız heç də əvvəlki azərbaycanlılara, köhnə azərbaycanlılara getməsin. Axı o dövrün insanları bambaşqaydılar. Onlar halal insanlarıydılar. Bir tikə haram loxma belə boğazlarından keçməzdi... Və o dövrün insanları küçədə, orda-burda tapdıqları pulu, malı, əşyaları özününküləşdirməyi heç ağıllarının ucundan belə keçirməzdilər. Ya dərhal polisə (o vaxt milis deyirdilər) müraciət edərdilər, yadaki özləri öz xəttləriylə həmin malın sahibini tapıb mütləq onun özünə qaytarardılar. Başqa bir söhbət heç ola da bilməzdi !

Amma təəssüf ki, eyni sözləri bizim indiki azərbaycanlılarımızın bir çoxu haqda demək olmur. Xüsusən də əgər tapılan şey pul olursa, pulu tapan şəxslərin əksəriyyəti o pulu dərhal mənimsəyir və vicdanları da çox rahat bir şəkildə, sanki heçnə olmamış kimi gəzib dolaşırlar. Lakin xoşbəxtlikdən mənim qəhramanım o cür parazit "insan"lardan deyil. Gözü, könlü tox adamdır. O, pulu tapandan sonra əvvəlcə polisə müraciət etmək istəyib ( sonradan bəlli olacaq ki,elə həmin itmiş pulun sahibi də dərhal polisə xəbər verib,ərizə yazıbmış.Nərmin isə bunu üzüntülü axtarış proseslərinin lap sonunda biləcəkdi...)

Lakin sonradan o bunun səmərəsiz olacağını düşünərək başqa bir varianta - itmiş pulun yiyəsini elanlar vasitəsilə tapmağa üstünlük verib. Və evə gəldikdən sonra dərhal kompyuterin qarşısına keçərək ona bu işdə yardım etmək üçün sosial şəbəkədəki dostlarına müraciət edib. Dostları da sağolsunlar, bir an belə vaxt itirmədən fəaliyyətə keçiblər,elan mətni hazırlayıblar və elanı həmin saytlara göndəriblər, həm də ki, Feysbukdaki müxtəlif qrup və səhifələrdə paylaşıblar. Ən çox da Vüqar və Ceyhun adlı dostları Nərminə yardımçı olmağa çalışıblar. Amma nə onlar, nədəki Nərmin heç ağıllarına belə gətirə bilməyiblər ki,onların bu cür saf niyyətlə atdıqları addımın sonu bu qədər ürək bulandıran bir notlarla bitə bilər...

Maraqlıdır, deyilmi ? Bəs sizcə, görəsən, nə baş verib ? Hər şey məhz elə o elanların verilməsiylə başlayıb. Elanlar saytlarda və fb səhifələrində yerləşdirilən kimi proses öz məcrasından çıxıb və tamamilə ağılagəlməz bir şəkil alıb. Elanı oxuyan hər kəs yalnış fikirlərə düşərək bu qızın saf və məsumca niyyətinə müxtəlif cür don geyindirməyə başlayıb.Necə deyərlər, hərə öz arşınıyla ölçüb. Mən onların yazdıqları rəyləri izlədim. Əksəriyyəti səviyyəsiz və bəsit ağlın məhsulu idi. Bəziləri bir az da irəli gedərək ,"alə, kasıbçılığdı, verin xərcləyək dəə" kimi gicgicə şeylər yazırdılar. Hələ mən fürsətdən istifadə edib qıza "padxod" eləmək istəyənləri,ona fb-də dostluq göndərənləri demirəm. Hətta ona pis-pis sözlər yazanlar da vardı. Mən o anlarda millətimizin bəzi gənclərinin, kişilərinin səviyyəsinə, daha doğrusu, səviyyəsizliklərinə lap mat qalmışdım. Yəni indiki gəncliyimizin mənəviyyatı və əxlaqı bu qədərmi yerlərdə sürünürmüş, İlahi ? Yəni sadəcə bircə dənə kiçik bir elan mətni də adi vaxtlarda özlərini Feysbukda vətənpərvər kimi, nümunəvi, ədəbli, imanlı şəxslər kimi göstərənlərin əsl iç üzünü açmağa bəs edə bilərmiş ? Profil şəkillərindən məsum mələklər və qəhraman qazilər kimi görünən kişilərin maskaları bir anın içindəcə məgər bu qədər tez düşə bilərmiş ? Hətta məşhur Nardaran "qəhramanı" Hacı Talehin şəklini özünə profil şəkli seçən bəzi kişilər də gözlə qaş arasında öz murdarlıqlarını ortaya qoya və necə saxta dindar olduqlarını sübut edə bilərmişlər... Və özü də kimə qarşı ? Bir Azərbaycan qızına qarşı ! Bəli, bütün bu rəzalətlər məhz bizim azərbaycanlı kişilər, oğlanlar tərəfindən məhz bizim Azərbaycan qızına qarşı ünvanlanırdı..(( Mən utandım. Mən o anlarda azərbaycanlı kişisi olmağımdan utandım, xəcalət hissi keçirdim. "Kişiliyimiz elə bu qədərmiş" dedim özüm özümə... Və nə yazıq ki, Nərminin o pulun yiyəsini tapmaq niyyətilə yola çıxdığı bu xoşagəlməz proses bununla da bitmədi. Sən demə bütün bunlar hələ məsələnin sadəcə əlifbasıymış. İşin kulminasiya nöqtəsi isə qabaqdaymış. Belə ki, İlkin Muradov adlı bir gənc jurnalist öz səhifəsində həmin pul kisəsinin sahibinin tapılması üçün bir status paylaşdı. Mən həmin statusu da oxudum. Çox normal bir status idi. Və hiss olunurdu ki,adam bu statusu tam da xoş niyyətlə paylaşıb. Amma o statusun altında yazılan rəylərin də bəziləri ürək açan deyildi. Rəy sahiblərinin bəziləri hətta bu elanı bu qızın özünü rekam cəhdi kimi qiymətləndirirdilər. İlkindən sonra onun həmkarı,digər gənc jurnalist Məhəmməd Türkmən də öz Feysbuk hesabında eyni məsələ barədə status paylaşdı. Və onun yanaşması isə lap gözlənilməz oldu.

Məhəmməd bəyin statusu : " Bəzən olur ki, kimsə, "Cüzdan tapmışam. İçində də filan qədər pul var. Bir də X şirkətin kartı. Sahibini axtarıram" tipli şey yazır. Camaat da inanıb, bunu paylaşır. Əslində isə vəziyyət tam başqadır. Heç bir cüzdan tapılmır. Bu, sadəcə reklamdır. Orada deyilən kartın (Şirkət,bank,sinema,parfümeriya) reklamı gedir. Üstəlik də heç bir pul xərcləmədən. Aldanmayın. "

Əcaba, Məhəmməd bəy niyə bu qədər uzağa getmişdi ? Onu bu cür düşünməyə vadar edən səbəb nə idi ? Məhz fərqli düşünmək cəhdimi ? Qərəzmi ? Yoxsa ? Yoxsa nə ? Xeyr, səbəb çox sadə idi. Mən Məhəmməd bəyin Nərmin xanıma cavab rəylərini oxuyanda bir daha əmin oldum ki, məsələ sadəcə həmin pul kisəsinin içindəki müştəri kartının aid olduğu ətriyyat firması ilə bağlıymış. Məhəmməd bəy yalnış olaraq elə düşünürmüş ki,bu elan həmin firmanın pulsuz reklamına xidmət edirmiş. Amma jurnalist etikası naminə bu həqiqəti də etiraf edim ki, Məhəmməd bəy məlum statusunda Nərmin xanımın adını yazmamışdı. Lakin xanımın adını yazmasa da belə, hər bir halda bu, Nərmin xanıma qarşı haqsızlıq idi. Elə Nərmin xanıma da ən çox pis təsir edən də o idi ki, həmişə və hər bir məsələdə obyektiv mövqe tutmalı olan və haqqın, ədalətin keşikçisi kimi çıxış etməyin mənəvi yükünü daşıyan jurnalistlər indi necə ola bilər ki, heç bir araşdırma-flan aparmadan bu qədər rahat bir şəkildə hökm verir və bununla da bir xanımın, bir vətəndaşın və bir insanın haqqına girmiş olurlar ? İnsan haqqı... Bəli, məhz bu məqamda aydın olur ki, "insan haqqı" deyilən müqəddəs nəsnə bir çox azərbaycanlılar üçün hələ də mücərrəd bir şeydir. Bəziləri üçünsə hətta tamamilə boş şeydir. Və məhz bu məqamda bir daha anladım ki, bu ölkədə insan haqqını qorumalı olan tək tərəf yalnız dövlət deyil. Dövlətlə bərabər, insan da insanın haqqını qorumalıdır. Hətta mən deyərdim ki, dövlətdən də daha öncə məhz insanlar bir insanın haqqına girməməyə, onun haqqını qorumağa çalışmalıdılar. Çünki əgər insan insanın haqqını qorumazsa, insanlar biri-birilərinin sayğı duymazlarsa, dövlət də vətəndaşlarına sayğı duymaz və onların haqqlarını çeynəyər. Nərmin də bu düşüncədə olan bir insandır. Və kimsənin haqqını yeməz. Öz haqqını da yedirtməz. Odur ki,çalışırdı ki,"Yeni Müsavat" qəzetinin əməkdaşları olan Məhəmməd və İlkin səhifələrində paylaşdıqları statusları silsinlər və bu barədə "Musavat.com" saytında da həqiqətə uyğun olmayan xəbərlər yerləşdirilməsin. Lakin deyəsən, daş qayaya rast gəlmişdi. Onlar o statusları silmək istəmirdilər. Bu dirənişi gördükdən sonra mən və dostlarım da prosesə qoşulası olduq.Telman bəy hər iki gənc jurnalistə dəfələrlə zəng vurdu və onlara bu işin doğru tərəfini, haqq tərəfini anlatmağa çalışdı. İnsafən,Telman bəylə onların arasındaki söhbət çox normal tonda keçdi. Bütün mədəni insanlar arasında olduğu kimi. Lakin enində-sonunda bu gənclər yenə də daşı ətəklərindən tökmədilər.

Telman bəyin həmin statusları silmək barədə xahişini geri çevirdilər.Yəqin ki,burda onların dəliqanlılıqları da öz işini görürdü... Bəs nə etməli ? Mən ölkənin bir çox tanınmış insanlarıyla şəxsən əlaqə saxladım. Ki bu məsələnin çözülməsində bizə yardımçı olsunlar. Ən sonda isə qərarımız belə oldu ki,yaxşısı budur elə Rauf Arifoğlunun özünə müraciət edək. O bir baş redaktor kimi bu işə əl qoysa məsələnin öz həllini tapacağına təbii ki,heç bir şübhəmiz yox idi. Belə də oldu. Əvvəlcə Rauf bəyin mobil nömrəsinə zəng vurdum. Zəng çatmadı. Bir də aradım...Təəssüf. Yenə bağlıdır. Ortaq dostlarımızdan öyrəndim ki,Rauf bəy hal-hazırda xaricdədir,o üzdən telefonuna zəng çatmır və məsləhət gördülər ki, Feysbukda onun inboksuna yazım. Yazdım. Hər şeyi anlatdım. Cavab gəldi və mən Rauf bəyə əlavə məlumatları da verdim. Əmin oldum ki, Rauf bəy həqiqətin məhz bizim söylədiyimiz kimi olduğuna inandı. Buna da əmin oldum ki,onun rəhbərlik etdiyi qəzetdə və saytda bu məsələ barəsində həqiqətə zidd heç bir xəbər getməyəcək. Əminliyim də özünü doğrultdu. "Yeni Müsavat" haqsızlığa imza atmadı. Lakin... Lakin prosesə isə hələ tam nöqtə qoyulmamışdı…

31 dekabr gününün həyacanı və stressi hələ də davam edirdi. Proses yalnız pulun əsl sahibinin tapılacağı halda bitə bilərdi... Bəs pulun əsl sahibini necə tapmalı ? Axı ilk ümidlər puça çıxmışdı. Haqq axtarılan yerdə haqsızlıqla qarşılaşılmışdı. Bəs belə olan halda Nərmin xanım neyləsin ? Bu zərif, bu çarəsiz və təcrübəsiz gənc xanım bu ağır və məşəqqətli yükü hara qədər daşıya bilərdi ki ? Nə etməli ? Bəli, yenə də məlum və məşhur "nə etməli ?" sualı. Çernışevski kimi bir dahinin belə cavabını çətinliklə tapa bildiyi "nə etməli ?" sualı...
Amma Allah haqqdır. Allahdan hər duruma bir çarə tapılır. Mütləq tapılır. Deməli, yenə də başlanğıc nöqtəyə qayıtmaq lazımdır. Polisə müraciət edilməlidir. Qeydsiz, şərtsiz ! Bəs bu müdrik qərar kimdən gəldi ? Həmişəki kimi bu dəfə də yenə Nərminin atası məsələyə əl qoydu və necə deyərlər,dövrə qapandı. Həm də müsbət bir sonluqla... Nərminin atası Nərminlə birlikdə Nəsimi rayon polis idarəsinə müraciət etdi. Və cüzdanın yiyəsi demək olar ki,bir neçə dəqiqənin içərisində tapıldı. Çünki məlum oldu ki, pul sahibi Gülşən xanım özü də ilk anda polisə müraciət edibmiş. Bu da sonluq... Və çox gözəl bir sonluq !
Siz təsəvvür edə bilirsizmi Nərminin o andaki hisslərini,həyacanlarını, sevincini və xoşbəxtlik duyğusunu ?

Gəlin bu hissləri onun öz fb statuslarından oxuyaq :

" Allahim, həyat cox gözəldi. Biraz əvvəl buna daha da cox
şahid oldum. Çox şukur sənə,ya Rəbb bunu yasadığımcün,
məni vicdan əzabından qurtardığınçün cox sagol"

"Bugün bir agbirçək ananı sevindirdim. Necə aglayirdi.. Bilirdim belə olacagını. Allahim, cox sükür,bu gunu mənə göstərdiyin üçün. En çox da atama, Vagif müəllimə və Nəsimi rayon polis bölməsinə və əsas da Elşən müəllimə, əziyyət çəkən hərkəsə minnətdaram. Bugün yasadığımçün özumlə qürur duydum."

"Məni qınamayın ilk basdan polisə güvənmədiyimcün. Çunki həqiqətən də o pulun öz yiyəsinə catmagi üçün hərseyi etdim. Çox yerə üz tutub kömək istədim. Hətta mənə "İdeal"ın reklamşiki belə dedilər. Atam mənə əvvəlcə əsəbləşdi. Amma nə qədər düz etdiyimi biraz əvvəl özu də dedi. Polise versəydim bilmirəm nece olacaqdı aqibəti.
Ona gorə də ilk çəkinmişdim. Pul şirin şeydi nə də olsa.Və acıq deyim ki, məbləg tam 720 AZN idi. Ata bugün mənə deyəndə ki,gəl filan şöbəyə, bilmədim bele olacagını. Amma o ananı da, ailəsini də ora çagıranda mən də gördum necə aglayırdı o ana. Qurban olum onun gözünün yaşına. Hələ də özümə gələ bimirəm.Onun dualari, məni qucaglayıb o sözləri deməsi mənə hərşeydən önəmli oldu. Deməli, mən ən sonda istədiyim nəticəni qazandım və çox şükür ki, bugün məhz bu gözəl gündə bunları yaşadım. Çox sevinirəm..."

Yeri gəlmişkən, Gülşən ana oğul evləndirməyə hazırlaşırmış.Və itirdiyi pul kisəsindəki həmin o 720 manat da nişan xərcləri üçün nəzərdə tutulubmuş. Deməli,həm də halal pullar imiş. Haram olsaydı tapılmaz və son ünvanına qayıtmazdı ki…

Mənim sözüm...

Təşəkkürlər, Nərmin ! Sonsuz təşəkkürlər !
Çünki sən olmasaydın...

Sən olmasaydın, dekabrın 31-də oğlunun toy pullarını itirən bir ananın dərdli göz yaşları yanvarın 1-də sevinc göz yaşlarına çevrilməzdi.

Bax bu sənin bəlkə də ən böyük savabındır. Və mükafatın da odur ki,Gülşən ana səni öz oğlunun nişan mərasiminə dəvət etdi.
Gözəl mükafatdır,yeri gəlmişkən.

Həm də bilirsənmi niyə təşəkkür edirəm ?
Mən 31 dekabrda səni yenidən kəşf etdim. Sən fiziki baxımdan çox incə,hətta incədən də incə olsan da,amma səndə nə boyda ürək gücü,necə də möhkəm xarakter və nə qədər sarsılmaz qətiyyət varmış !

Sən 31 dekabrda sənin üzərinə gələn o qədər pisliklərin,hücumların,haqsızlıqların və xoşagəlməz sürprizlərin qarşısında bircə addım da qorxmadın, sınmadın, geri çəkilmədin.
Sən həmin gün sanki bir Janna d`Ark dın.
Axıra qədər mübarizə apardın, xarakter göstərdin hər kəsə !
Və mən səninlə qürur duydum bir daha.

Mən həm sənin, həm də Azərbaycanımızın sənin kimi bütün mərd,mübariz qadınlarının qarşısında baş əyirəm.
Bu cür böyük ürəyinlə və xeyirxah əməllərinlə bundan sonra da həm yaşa, həm də yaşat , Nərmin !

Söz ardı...


Mən şükürlər edirəm ki, Nərminin sanki bir film kimi yaşadığı bu acı olayın sonu şirin notlarla,xoş ovqatla bitdi.
Amma...Amma bitməyə də bilərdi.

Daha doğrusu,tamam fərqli bir nəticəylə,hətta ölümlə də sonuclana bilərdi. Nərmin intihar həddinə çatıb özünə qəsd də edə bilərdi.
Birdəki Nərminin atası bu işə qol qoyub Gülşən ananın tapılmasına yardımçı olmasaydı, Nərminin ümumiyyətlə, bütün insanlığa inamı ölə bilərdi.
Və bundan sonra bu kimi hallarla üzləşəndə,hardasa nəyisə tapanda, bir daha heç vaxt heç kimə yaxşılıq etmək və tapdığı şeyləri sahibinə qaytarmaq haqqında düşünməzdi.
Odur ki,insanları, xüsusən də xanımları bu qədər zalimanə bir şəkildə həyata küsdürməyin, onların qəlblərini bütün insanlığa qarşı nifrət hissi ilə doldurmayın, bəylər !
İnsanları peşman etməyin.

Elə edin ki,insanlar bundan sonra da nəsə də tapanda sahibini axtarıb onu sahibinə qaytarmağa ehtiyat etməsinlər.
İnsanların içindəki İNSAN-lığı öldürməyin, bəylər !

İnsanlara mələk olmağa imkan verin...

İnform.az

Baxış sayı: 769