Gündəm, Şərhlər
30.12.2015 / 12:38

Hesablama anı gəlib çatdı- 2016

Hesablama anı gəlib çatdı-Tanınmış araşdırmaçı-jurnalist Bəybala Mirzəyev öz Facebook səhifəsində çox maraqlı bir şərh paylaşıb. Bu günümüzlə bağlı çox məntiqli açıqlamalar yazan həmkarımızın həmin şərhini İnform.az-ın oxucularına təqdim edirik:

Hətta mən deyərdim ki, hesablaşma yox, halallaşma anı gəldi çatdı...
Mən nə bürclərə, nə ulduz fallarına, nədəki təqvimlərə fikir verən insan deyiləm. Gündəlik işlərini horoskopla quran adamlara, evliliklərini bürclərlə təyin edən insanlara da olduqca pis baxıram.
Amma bu bir ilimi necə başa vurdum, qarşıdaki ilimi necə yaşayacam, bax bu mənimçün çox maraqlıdır.

2015-də kimləri itirdim ? Həyatıma kimlər gəldi ? Bunun bir hesab-kitabı olmalıdımı ? Əlbəttə ki,olmalıdır. 2015-i özümçün, ölkəm üçün, sizlər üçün uğurlu saya bilərəmmi ? Asan sual deyil...
Bəs 2016-dan gözləntilərim və gözləntiləriniz nədir ? Bu da bir ayrı mövzudur. Bütün bu suallara bəlkə də 2016-cı ildə paylaşacağım statuslarda aydınlıq gətirəcəm. Amma indi əsas məsələ sizlərlə səmimi söhbət etməkdir.

Öncə sizdən başlayaq, əziz xanımlar !
Mən dostluğumdaki siz xanımlara hər zaman bacı gözüylə baxmışam. Feysbukdaki xanım dostlarımın az qala 99, 9 faizinə bacı deyirəm.Bunu görən, bilən bir yaxınım bəzən hirslə mənə deyir ki, " sənin nə çox bacın varmış , a bəy ? Bəlkə sən onlara yalandan bacı deyirsən..." Mən də o yaxınıma həmişə bu sözümü deyirəm :
-Buyur, araşdır. İstərsən get o xanımların hər biri ilə söhbət elə, öyrən gör mən onlara həqiqətən də bacı deyirəm. Yoxsa ki, bu, sadəcə bir priyom, bir hiylədir...
Əziz xanımlar, mən sizləri həqiqətən də öz doğma Əzizə bacımdan heç ayırmadım. Düzdür, ola bilər hansınızasa hansısa bir məqamda bir az kobud davranmışam. Bəlkə də hansısa bir özümlə
hətta xətrinizə də dəymişəm. Amma bunu bilin ki, bunların heç birini bilə-bilə, qəsdən etməmişəm. Bilmədən, istəmədən olub. Və etdiyim irili-xırdalı bütün səhvlərimə görə, pis əməllərimə görə indi hər birinizdən dönə-dönə üzr istəyirəm.
Ən son xətrinə dəydiyim insan Anara bacım idi. İndi fürsətdən istifadə eləyib ondan da bir daha üzr istəyirəm. Dost,qardaş saydığım bəylər də hər biri mənim üçün önəmlidir. Mən sizin üçün yaxşı qardaş ola bildimmi, üzərimə düşən qardaşlıq borclarımı gərəyincə yerinə yetirə bildimmi ? Bilmirəm. Bunu ancaq siz bilirsiniz.
Amma Allah da şahiddir ki, kim mənə hər hansı bir məsələdən ötrü müraciət edibsə, hər halda bacardığım qədər çalışmışam ki, onların müraciətlərini cavabsız qoymayım. Nə mümkün olubsa onu etmişəm.
Etmədiklərim üçün , unutduqlarım üçünsə sizlərdən üzr istəyirəm.Allah nəsib edərsə,2016-cı ildə hər birinizə qarşı daha diqqətli olmağa çalışacam.

ƏLAVƏM...

Mən 2015-də nəzərdə tutduqlarımın heç də hamısını həyata keçirə bilmədim. Mən daha çox iş görmək istəyirdim. Bir ömürdə iki ömür yaşaya bilən adamlar kimi mən də eyni vaxtda bir çox işlərin altına imza atmaq istəyirdim. Lakin onların bəzilərini reallaşdırdım, bəziləri isə əfsuslar olsun ki,yarımçıq qaldı. Çünki...Çünki hər şey məndən asılı deyildi ki...Çünki 2015 bütövlükdə çox ağır il oldu. Biz bu il ərzində daha nələri yaşamadıq ki ?Hansı faciələrdən keçmədik ki ?Kimləri itirmədik ki ?
2015 bir Qarabağ qazisinin özünü yandırması ilə başladı. Sonra may ayında Binəqədidəki bir binanın yanması ürəklərimizi yaxdı,yandırdı. Çünki orda neçə-neçə insanlarımız diri-diri yandılar.
Xüsusən də Fərəh adlı balaca mələyimiz..

2015-in sonuncu ayı da yaddaşımıza və tariximizə od-alov ayı kimi yazıldı. "Günəşli" neft yatağındaki faciəli yanğını deyirəm.
"Arzu, salamat qal, mən gedirəm, uşaqlara böyüklük elə" deyərək alovlara və dalğalara qurban gedən neftçi İmran qardaşımızı kim unudar ki ?
Lakin arzusu gözündə qalan soydaşımız təkcə İmran idimi ?Yox !
Onlarla neftçimizin meyidləri bəlkə də hələ indinin özündə də qanlı Xəzərin sularında,Türkmənistan və ya İran sahillərinə çırpılmaqdadır..
2015 həm də Qarabağda çoxlu sayda şəhidlər verməyimizlə yadda qaldı. Əvvəlki illərdə heç bu qədər şəhid verməmişdik. Özü də ən say-seçmə, ən bacarıqlı, ən yaraşıqlı oğullarımızı, əsgər və zabitlərimizi itirdik..

Habil Əliyevdən tutmuş Ələsgər Məmmədoğluna kimi,ən yaxşı musiqiçi və aktyorlarımız da məhz bu il biz dünyalıları tərk etdilər. Ələsgərin qəbri hələ heç soyumayıb da..
Bir sözlə, bu il bizi heç sevindirmədi ki.Daha doğrusu,bu il bizi sevindirməyi bacarmadı ki...Və ilin lap son günlərində isə milli valyutamızın başına gələn devalvasiya əhvalatı da onsuz da kədərli olan əhvalımızı bir az da çox təlx etdi...İndi insanlarımızın çoxunu fikirli, dərdli görürəm. Bir neçə günün içində qocalan,üzünün qırışları artan, saçları ağaran insanlarımız var hətta...
Düzdür, şəhərimizin baş küçəsinə - "Tarqovı"ya (Nizami küçəsinə) çıxanda bunu hiss eləmək olmur. Çünki o küçənin daimi və ötəri sakinləri sanki bu ölkəyə tamam ayrı planetdən gəliblər.
Amma mənim o küçə və o küçədəkilərlə işim yox ki. Qoy onlar öz keyflərində olsunlar...Mən adi insanlardan danışıram...Üzünün sonuncu dəfə nə vaxt gülümsədiyini unudan adi arbaycanlılardan !
Kaş ki, onların da üzünü bir güldürə bilsək...

P.S.

Astroloq dostumuz və alimimiz Firudin Qurbansoyla görüşümüz zamanı, mən onun 2016-ya ümidlər ili kimi baxdığını hiss etdim. Təki elə olaydı. Amma 2016-nın 2015-dən də daha betər ağır
il olacağını düşünənlər də az deyil.Kim bilir,bəlkə də 2015 də, 2016-cı il də millətimizin qismətinə yazılmış sınaq illəridir.Odur ki,hamımız əl-ələ verib birlikdə bu sınaqdan üzüağ çıxmağa çalışmalıyıq.

Unutqan olmamalıyıq !Arsız olmamalıyıq !
Dünən "Günəşli"də yanan,batan,itən neftçilərə yas tutub, bu gün isə keyfdə-damaqda olmamalıyıq. Millətin dərdi ilə dərdlənməyi bacarmalıyıq. Və təkcə 31 dekabr günü yox , elə adi günlərdə də biri-birimizlə həmrəy olmağı bacarmalıyıq.

SON...
Bayaq bir dostum dedi ki, son günlər adamlar o qədər dilxor vəziyyətdədilər ki,adam kimisə Yeni il bayramı münasibətilə təbrik etməyə də ürək eləmir. Mən də eyni düşüncədəyəm.Və ruhum, ağlım, dilim heç kimi təbrik eləməyə tələsmir. Mən 31 dekabr axşamı bir məzar başında olacam...
Sizlərsə Allahın amanında qalın, əziz azərbaycanlılarım !

Baxış sayı: 635