Sosial, Şərhlər
30.12.2015 / 11:37

Uşaqların məcburi əməyə cəlb olunması halları artır!

Uşaqların məcburi əməyə cəlb olunması halları artır!
İnqilab Şirinbəyli/siyasi şərhçi

Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əasasən əmək ictimai və fərdi rifahın əsasıdır. Əmək qabiliyyətli hər bir vətəndaş öz əmək qabiliyyətini müvafiq qanunların yol verdiyi formada reallaşdıra bilər.
Bir sözlə, hər bir vətəndaş sərbəst şəkildə özünə peşə və iş yeri seçə bilər. Həmçinin,əmək müqaviləsi azadlığı da var. Konsitusiyamızda göstərildiyi kimi “Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”. Habelə hər kəsin təhlükəsiz və sağlam şəraitdə, heç bir ayrı-seçkilik olmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi şərti maliyyə vahidi miqdarından az olmayan məbləğdə haqq almaq hüququ vardır.
Konstitusiyada təsbit olunan hüquqi normalar cəmiyyətin digər üzvləri ilə yanaşı uşaqlara da aiddir. Təbii ki, söhbət bütün uşaqlardan deyil, müəyyən yaş həddinə çatmış və səhhəti işləməyə imkan verən uşaqlardan gedir. O zaman 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə diqqət yetirək. Qanunda göstərilir ki, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Maddə də həmiçinin, uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Ancaq bütün bunlara rəğmən çox ciddi və qlobal bir problemlə üz-üzəyik. Söhbət uşaqların məcburi əməyə cəlb olumasından, yəni uşaq əməyinin istismarından gedir. Nə qədər acı da olsa, hər birimiz gün ərzində müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Uşaq əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Baxmayaraq ki,yuxarıda qeyd etdiyim kimi qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir. Ən diqqətçəkən fakt odur ki, Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunmasına daha çox regionlarda rast gəlinir. Əsasən,yay mövsümü ərəfəsində uşaqların əməyinin istismarı hallarında artım müşahidə olunur.Çünki bu zaman kəsiyində əksər iaşə və xidmət müəssisələrində azyaşlı uşaqlarım əməyindən istifadə edilir. Məsələ orasındadır ki, uşaq əməyindən istifadə olunmasında sahibkarlarla yanaşı valideynlərin də günahı var. Bəzi hallarda valideynlər özləri uşaqları işləməyə məcbur edir, bilərəkdən övladlarının əməyindən gəlir mənbəyi kimi yararlanırlar. Belə vəziyyət uşaq əməyinin istismar hallarının akarlanmasına mane olur, onun qarşısının alınmasını mümkünsüz edir. Aran regionunda isə ən çox etnik azlıqların—roman tayafalarından olan qaraçıların azyaşlı uşaqların əməyini istismar etməsi,konkret desək onları müxtəlif rayonlarda dilənçiliyə sövq etməsi halları var. Və bu acınacaqlı vəziyyət hər ötən gün artmaqdadır.Onu da qeyd etmək yerinə düşər ki, uşaqların məcburi əməyə cəlb olunduğu daha bir sahə fermer təsərrüfatlarıdır ki, burada əsas günahkar rolunda valideynlər çıxış edir. Xüsusən, ailə-fermer təsərrüfatlarında uşaqlar bilərəkdən-yaxud bilməyərəkdən valideynləri tərəfindən məcburi əməyə cəlb olunurlar. Demək olar ki, ailə-fermer təsərrüfatı olan insanların övladları tədrisdən kənarda qalır və məktəb üzü görmür. Bu sahədə çalışan uşaqlar heç bir əmək haqqı almadan səhərdən axşama qədər işləyirlər. İstər qız, istərsə də oğlan uşaqları təhsildən yayınaraq əkin-biçin işi başlanandan onun satışı başa çatana qədər məcburi əməyə cəlb edilirlər. Göründüyü kimi bir sıra sahələr var ki, orada illərdir uşaqların məcburi əməyə cəlb edilməsi prosesi davam edir. Bütün bunlardan gəlinən nəticə ondan ibarətdir ki,bu sahəyə cavabdeh olan aidiyyatı qurumlar qanunvericiliyə uyğun olaraq adekvat addımlar atmalıdır.Əks halda gələcəyimiz olan uşaqların sonrakı taleyi sual altında olacaq və bu təhlükə qaçılmazdır. Sonda onun da xatırladım ki, Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. 15-18 yaşlı uşaqların işləməsinə icazə verilsə də, qanunvericilik həmin uşaqlara əmək münasibətlərində güzəştlər, imtiyazlar və əlavə təminatlar nəzərdə tutur. Bu güzəşlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab olunmur.

P.S. Dollar və devalivasiya oyunundan sonra uşaqlarımızı yaxın gələcəkdə daha da “xoş günlər”gözləyir desək, yəqin ki yanılmarıq. Çünki varlı da, kasıb da, ən əsası bir çox müvafiq qurumların rəhbərləri də dollar hayındadı. Ona görə də,həm məcburi,həm də könüllü əməyə cəlb olunan və əməyi istismar edilən uşaqlar heç kimin yadına düşməyəcək. Təki, mən yanılım…

İnform.az

Baxış sayı: 1119