Gündəm
16.06.2015 / 16:28

Telli Pənahqızı: „Sizin üçün sözdən dəyərli, həqiqətdən uca heç nə yoxdur“

Telli Pənahqızı: „Sizin üçün sözdən dəyərli, həqiqətdən uca heç nə yoxdur“

Hörmətli Xallidə Xalid! Bilirəm ki, siz də Azərbaycanın bütün qeyrətli oğul və qızları qədər, bəlkə də bir az da artıq yanğı ilə bu xalqı sevirsiniz, onun müstəqilliyi, xoşbəxtliyi uğrunda mübarizədə həmişə müsəlləh əsgər olmağa hazırsınız. Bir də sizin üçün sözdən dəyərli, həqiqətdən uca heç nə yoxdur. Sizi şəxsən tanıdığım gündən bəri bu qənaətdəyəm və əminəm ki, bu güvənim məni yanıltmayacaq. Ölkədə sayı gündən günə artan, təqdimat keyfiyyəti təəssüf ki, aşağı düşən, xəbərvermə mədəniyyəti səriştəli və savadlı oxucuları, peşəkar yazarları qane etməyən qəzetlər, saytlar bolluğunda sizin kollektiv heç kəsə bənzəməyəcək, həmkarlarından fərqli olaraq daha dəqiq, qərəzsiz, tərəfsiz, doğru- düzgün xəbərlər, məqalələr hazırlayacaq.

İnanıram ki, Sizin Azərbaycan ədəbiyyatına tükənməz məhəbbətiniz qələm əhli olan hər kəsə xüsusi münasibət bəsləməyə imkan verəcək! Vətənimizin tarixini daha dərindən və təməlli öyrənmək marağınız gələcək əməkdaşlarınızın peşə vərdişi ilə üst-üstə düşəcək! Yurdumuzun təbiətinə, el-obamızın adət-ənənlərinə, folkloruna, müasir dünyanın sürətli inkişafı ilə ayaqlaşmağa can atan gəncliyin sabahı üçün narahatçılığınız hazırlayacağınız materialların mayasını təşkil edəcək!

Siz ən dəbdəbəli, ən müasir libasda öz köklərinə hörmət ehtiramla yanaşan bir informasiya orqanı olduğunuzu hər kəsin gözü önündə sərgiləməyə bacaracağınız, öz oxucularınıza və sizə inanan insanlara yeni və müasir düşüncə tərzi təqlin etdiyiniz gün müasir Azərbaycan jurnalistikasıda bir inqilab etməyi bacarmağınızın təntənəsini yaşayacaqsınız! Sizə uğurlar, qərəzsiz, xeyirli və xoş xəbərlər yaymaq, Azərbaycan insanının hər bir zümrəsindən olanları təbliğ və tanıtmaq yolunda uğurlar arzulayıram!


Hörmətlə: TELLİ PƏNAHQIZI

Baxış sayı: 695