Elm-təhsil
24.12.2015 / 11:26

BANM rektoru Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşüb

BANM rektoru Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşübRektor Elmar Qasımov Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşdü

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin (HVU) Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vaytla görüşüb.

Bu barədə İnform.az-a Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Verilən məlumata görə, BANM-in Heriot Vatt Universiteti ilə əlaqələrindən söz açan rektor Elmar Qasımov HVU və BANM-in əməkdaşlığının çox sıx şəkildə davam etdiyini deyib. O, bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib. Elmar Qasımov HVU-nun BANM-in quruculuğunda dəstəyini məmnunluqla xatırlayaraq iki təhsil ocağı arasında əlaqələrin ənənəvi əməkdaşlığa çevrildiyini vurğulayıb. BANM-in yeni kampusu haqqında söz açaraq orada yaradılan şərait haqqında qonaqlara məlumat verən rektor kampusda maddi texniki bazanın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Elmar Qasımov sözügedən universitetlə əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-in iki tələbəsinin HVU-da bir semestr ərzində təhsilini davam etdirdiyini xatırladıb. O, bu işlərin davamlı olacağına əminliyini ifadə edib və BANM-in tələbələrinin HVU-ya göndərilməsi istiqamətində işlərin davam edəcəyini bir daha nəzərə çatdırıb.

Qəbula görə təşəkkür edən qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin BANM-lə əməkdaşlığa böyük önəm verdiyini bildirib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə etdilər. HVU-nun nümayəndələri BANM-in tələbələrinin imtahanlarda HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə daha yaxşı nəticələr göstərdiklərini vurğulayıb. Onlar bildirdilər ki, BANM-in tələbələrinin göstəriciləri olduqca yüksəkdir.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

Baxış sayı: 396