Sosial
23.12.2015 / 19:16

Azərbaycanda ilk uşaq evini kim yaradıb?

Azərbaycanda ilk uşaq evini kim yaradıb?Azərbaycanda ilk uşaq evini yaradan, “Anacan” kimi tanınan Bahar Ağalarova 1884-cü ildə Yevlax rayonunun Varvara kəndində anadan olur. O, xeyriyyəçi Əmralı bəy Nəbibəyovun ailəsində böyüyür. El Tv ( Region Tv) xəbər verir ki, 1910-cu ildə Bakıda “Qızlar gimnaziyası”nı bitirir. Ömrünün çox hissəsini Bakıda keçirən “Anacan”ı 1917-ci ildə atası Əmralı bəyi itirdikdən sonra dahi bəstəkar Üzeyir Hacıbəyli qızlığa götürür. 1920-ci ildə atasından qalan bütün mülk bolşeviklər tərəfindən əlindən alınır :”1920-ci ilə kimi varidatı əlində idi. 1920-ci ildən sonra ona qalan Kamoy küçəsindəki mənzil və Bakıda, Qara şəhərdəki bina oldu” deyə Bahar Ağalarovanın qohumu Səttar Pənahlı bildirib.

Əslən Şamaxıdan olan Zöhrab Ağalarovla ailə quran Bahar uşaqları çox sevsə də, özü övlad sahibi olmur. O, 1920-ci ildə Bakı şəhərində olan iki mərtəbəli mülkünü valideynlərini itirən uşaqlar üçün ev edir. Məhz həmin il Azərbaycanda ilk uşaq evinin yaranması kimi tarixə düşür. Sonra onun yaratdığı müəssisə Bakıda, Nizami parkındakı 11 nömrəli uşaq evinə köçürülür. Bahar Ağalarova 33 il həmin uşaq evinin rəhbəri olur. Uşaqlara o qədər nəvaziş göstərir ki, hamı ona “Anacan” deyə müraciət edir. “Əməkdar müəllim” fəxri adına layiq görülən Bahar Ağalarova 69 yaşında Bakı şəhərində vəfat edir. Yusif Əzimzadənin "Anacan"pyesində məhz Bahar Ağalarovanın fəaliyyətindən bəhs olunur. İndi Yevlaxın Yəldili kəndi ərazisindəki qəbiristanlıqda Bahar Ağalarovanın büstü ucalır. Onun doğulduğu evin isə yalnız uçub-dağılan kərpicləri qalır.

Baxış sayı: 404