BİZ, Baş xəbər
21.12.2015 / 17:47

“Ay Qənirə, gəl səni döyməyəcəm...”

“Ay Qənirə, gəl səni döyməyəcəm...”
Xalidə Xalid

“Ay ana, gəl indi bax gör məni bizimkilər necə “döyürlər...”

"-Mən 1979-cu ildə Neftçalanın Aşağı Surra kəndində doğulmuşam. Kürün sahilində, hansıki o əraziləri iki gündən bir sel basır. Həmin o sel basan ərazilərdə bizim də evimiz var. Bütün uşaqlığım, həyatım Kürün sahilində keçib. Uşaq vaxtı gizli oyunlarımızı Kürdə aparırdıq. Yəni evdə dəcəllik edəndə rəhmətlik anamın cəzasından yayınmaq üçün qayığa minib Kürə çıxırdıq. Mən həmişə cəzadan qaçırdım. Balaca bacım Şəfayə deyirdi ki, gəl qaçmayaq, qoy anam bizi cəzalandırsın canımız qurtarsın. Mən də deyirdim ki, “ağlın yoxdur? Gəl qaçaq!” Gedib minirdim qayığa düz Kürün ortasına... Sonra görürdüm ki, anam rəhmətlik sahildə dayanıb, dilə tuta-tuta çağırır, “ay Qənirə, gəl, səni döyməyəcəm.” Bilirdi ki, Kürdə dayanmaq təhlükəlidir. Uşaqlıqda çox dəcəl olmuşam." (ANSPress-ə müsahibəsindən)

Uşaqlıqda yaman dəcəl olub, dediyinə görə... Böyüyüb, zahirən sakit olsa da daxilində yenə dəcəlliyi qalıb. Müsahibəsində deyir ki, ANS məni həmişə çəkirdi, hərdən diktor olurmuş güzgü qabağında. Özünü ANS-in aparıcısı zənn edirmiş...
Elə bu zənni də onu aldatmayıb, günün birində üz tutub ANS-in keçirdiyi müsabiqəyə. Hələ bu harasıdır, hətta ANS-ın “AS”larının qarşısında bir imtahan da verib. Hətta Vahid Mustafayev ona məsləhət görüb ki, qayıtsın kəndə, ərə getsin, oğul uşaq sahibi olsun.
Yox ha, nə kəndə qayıtmaq, nə ərə getmək. Bu qız məgər elə-belə qız idi ki, məqsədindən, arzularından xətt çəkib geriyə-kəndə üz tutaydı.
Kəndə qayıtmadı...
Sarıldı ANS-ə, “Pressinq”dən başladı, “İç Xəbər”,“Salam Azərbaycan”, “Xəbərçi”, “Nəzər nöqtəsi”, “Əhatə dairəsi”... Beləcə efiri “dağıda-dağıda” getdi çıxdı Amerikaya bax bu çəlimsiz qız.
Kimlərlə həmsöhbət olmadı ki, Rəcəb Təyyub Ərdoğandan başlamış Mahmud Əhmədnejat, Həmid Kərzayiyə qədər.
Mən hələ onun jurnalistlərdən zəhləsi gedən Türkmənistana, Türkmənistan prezidentinin rəsmi dəvəti ilə ora getməsini demirəm. Hələ iranda seçki vaxtı çəkdiyi əziyyətləri demirəm.
Bu çəlimsiz qız var ha, indi sosial mediada, sosial şəbəkələrdə hədəfə alınıb, bunun canında bir bilsəniz nələr var.
Suriya dedilər, gözünü yumdu, bir də açanda baxdı ki, budu ha artıq odun-alovun içindədir. Dayanmadı, qorxmadı, çəkinmədi ele hey irəli-irəli getdi. Hətta, yüz kişi birlikdə olsaydı belə qorxardı o nöqtələrə getməyə, amma bu qız getdi...Və lazım olan məlumatlarla da qayıtdı.
Biz rahat evimizdə, mışıl-mışıl yatdığımız vaxt, bu qız ailəsini, balalarını deyil, Azərbaycanı, dövləti düşünərək dünyanın ən qaynar nöqtələrindən birində idi.
Qənirəni bu gün tənqid hədəfi seçənlər üzümü sizə tutub bunları demək istəyirəm. Əslində dünən demək istədiklərimdən bəzisini FB səhifəmdə demişəm. İnform.az vasitəsiylə də bəzi şeyləri nəzərlərinə çatdırmaq istəyirəm:
Boş vaxtınız çoxdusa xeyrli işlərlər məşğul olun, dua edin, kitab oxuyun. Nəsə yazmaq istəyirsinizsə, yazaraq tanınmaq istəyrsinizsə şeir yazın, hekayə yazın, araşdırmalar aparıb, millətə, xalqa xeyr verən elmi məqalələr yazın.
Jurnalist olmaq, eksklüziv nəsə yayayaraq reytinq qazanmaq fikrinə düşmüsünüzsə xeyrli olsun, istəməyənin gözü çıxsın, tapın yazın. Amma elə şeydən yazın ki, sübut edin həqiqi jurnalist olduğunuzu. Və yaxud jurnalist olmayanlar siz də bu saytlara uyub bildiniz bilmədiniz hansı mövzu gəldi fikir bildirməyin. Diqqətlə oxuyun, araşdırın. Ciddi mətbu orqanlarımıza baxın. Bu xəbərin və ya mövzunun nə dərəcədə doğruluğu və yaxud müzakirəyə çıxarılan mövzuya hansı aspektdən yanaşmaq lazım olduğunu dərk edərək fikir bildirin.
Vallah bizi kimsə yıxmır, billah bizi kimsə ləkələmir. Biz özümüz özümüzə düşmənik.
Bunu anlamaq, bunu görmək o qədərmi çətindi? O qədərmi həqiqətin gözünə dik baxmağa gücümüz yetmir?
O qədərmi acizik içimizdəki şeytanla mübarizə apara bilmirik?
Son günlər müsahiblərimlə söhbət zamanı tez-tez təkrarlamaq məcbiriyyətində olduğum sözdü “dörd tərəfdən düşmən əhatəsində olan bir dövlətin vətəndaşlarıyıq”. Bunu görmək, hiss etmək o qədərmi çətindir?
Niyə özümüz özümüzü dəyərsiz edə-edə düşmənin dəyirmanına su tökürük?!
Məgər Con Kirbi Qənirədən əzizmi oldu sizin üçün? Məgər bir sualda olunan kiçik bir yanlışlıq o qədərmi qloballaşdı gözünüzdə?
Milli Məclisin deputatları arasında bir monotorinq keçirin görün dövlətlər gəzən o deputatların neçə faizi mükəmməl xarici dil bilgisinə sahibdilər.
Bax o zaman daha Qənirəni qınamazsınız. Susub oturarsınız. Gəlin bir dəfə də olsa cənab faktı qəbul edək. Cənab fakt deyir ki, məni inkar etmək gücünə kimsə malik olmayıb, olmayacaq da. Ona görə də, kimisə qınamadan öncə onun vəkili olmağa çalışın. Düşdüyü şəraiti və yaxud vəziyyəti təhlil edin. Bəlkə o zaman həqiqətin gözünə dik baxmağa gücünüz yetər...

İnform.az

Baxış sayı: 816