BİZ, Maraqlı
19.12.2015 / 11:26

Əsl kişi necə olmalıdır?!

Əsl kişi necə olmalıdır?!Bu sual kişi olmağıma baxmayaraq həmişə məni düşündürüb. Çünki, bu günümüzün gerçəkliyində rastlaşdığımız mənfiliklərin, bəlaların, min bir naqisliklərin səbəbkarı da elə biz kişilərik.
Baxaq görək bizim “Əsl kişi necə olmalıdır?”sualımızın cavabıni kim necə düşünür. Böyüklərimizdən bu sualın cavabını həmişə belə eşitmişik:

Əsl kişi sirr saxlamağı bacarmalıdır...

Əsl kişi kəsdiyi çörəyə qiymət verməlidir...

Əsl kişi yalançı, riyakar olmamalıdır...

Əsl kişi başqasının anasına, bacısına nahaqlar, böhtanlar atıb, onları insanların gözündən salmağa çalışmamalıdır...

Əsl kişi mərd olmalıdır...

Əsl kişi özünü üzdə qeyrətli göstərib, arxada başqasının namusuna ləkə yaxmamalıdır.

Əsil kişi ətdən dəmirə çevrilib, ən dərdli anında belə hamı ağlasa da, göz yaşı axıtsa da o , kədərin, itkinin, ayrılığın acısına dözməli, dimdik ayaqda dayanmalı, göz yaşlarını içinə axıdıb, üzdə başqalarına təsəlli olmalıdır...

Əsl kişi kədərə ağladıqda kədər dərdə çevrilər, qorxub ağladıqda təpərdən düşər, dünya malına üzüldükdə dünyası kiçilər.


Bütün dövrlərdə və bütün mədəniyyətlərdə insan təsnifatının ən geniş yayılmış üsulu onun kişi və qadına bölünməsidir. Cins- insanın heç zaman yaddan çıxarmadığımız yeganə atributudur. Biz gözün və saçın rəngini, üzün cizgilərini, insanın əynindəki paltarı və üstündə hansı bəzək əşyasının olduğunu unuda bilərik. Lakin onun kişi yaxud qadın olduğunu heç bir vaxt yaddan çıxara bilmərik. Son onilliklər ərzində insanlar kişi və qadın təsnifatına daha çox diqqət göstərir və onun müxtəlif məna aspektləri barədə suallar verməyə başlayıblar. Bu suallar təkcə psixologiya və o cümlədən sosial psixologiyada deyil, həm də humanitar elmlərin digər sahələrində meydana çıxır. Həmin problemlə bağlı sosial psixoloqların fikri olduqca vacibdir, çünki onlar diqqəti davranışımızı ”maskulin” yaxud “femin” kimi formalaşdıran norma və rollara yönəldir.
Sosila şəbəkələr bu gün çox suallara cavab tapmaqda ən gözəl vasitədir. Elə biz də bu günki sualımızla sosial şəbəkələrdəki soydaşlarımıza müraciət etdik. Cavabları sizə təqdim edirik, dəyərli oxucularımız.
Seyidabas Babayev/ dövlət qulluqçusu- Əsl kişi ən aciz, zəif anında belə özünü sındırmamalı, həmişə güclü olmalıdır.

Ceyhun Abbaslı/ jurnalist- Kişilik mənəviyyatla ölçülür. Əsl kişinin mənəviyyatı güclü olmalıdır.

Nizami Cəfərov/gənc fəal- Əsl kişi vətənini, torpağını sevməlidir. Qohumuna qardaşına və dostlarına gücü catığı qədər kömək etməlidir. Kişinin etməsi vacib olan əməlləri çoxdur, saatlarla yazsan yerləşməz bura.

Bəhruz İsmayılov/ tələbə - Əsl kişi “kişi” sözünün necə məsuliyyətli bir söz olduğunu dərindən dərk edib və bu ada hörmət qoymalıdır.

Anar Abasov/ dövlət qulquçusu - Özünə kişi deyən kişinin şəxsi fikri, şəxsi qərarları olmalıdır. Öz qərarını özü verməlidir. Gündə bir fikrə düşüb, hərdəmxəyal olmamalıdır.

Nicat Muradov/ fəhlə - Gənclər yaşlı nəsildən ibrət götürür. Çevrədəki uşaqlar sizlərə baxıb ibrət götürəcəklər.

Nurağa Abasov/ dövlət qulluqçusu - Özünə kişi deyən şəxs ilk növbədə sözünün ağası olmalıdır. Əgər söz verdisə, birini arxayın etdisə, əzrayıl başının üstünü kəsdirsə belə sözündən dönməməlidir.

Sahil Əlizadə/ sürücü - Əsl kişi davada canı üçün əsmir, kiçik bir soyuqdəymə olan kimi dərmanların üstünə qaçmır.

Tural İmanov/ tərcüməçi - Əsl kişi sərt görünüşünün altında həlim bir ürəyi olan, yeri gəldiyində üzr istətməyi bacardığı kimi üzr istəməyi də bacaran, qarşısına çıxan çətinlikləri biləyi ilə deyil ürəyi və beyni ilə aradan qaldıran , danışmadan belə bir baxışı ilə demək istədiklərini çatdıra bilən insandır.

Firudin İsmayılov/İnform.az

Baxış sayı: 1033