Dünya
17.12.2015 / 09:55

Heydər Əliyevin xatirəsi anılıb -POLŞA

Heydər Əliyevin xatirəsi anılıbAzərbaycanın Polşadakı səfirliyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra anım tədbirləri keçirib.

Verilən məlumata görə, əvvəlcə səfirlikdə keçirilən tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, həmvətənlərimiz, Polşa Müdafiə Nazirliyinin Xarici Dillər Mərkəzində təhsil alan hərbiçilərimiz, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin hər iki, yəni, SSRİ və müstəqil Azərbaycan Respublikası dövrü haqqında iştirakçılara məlumat verib. O, Azərbaycan xalqının Ümummilli Liderinin yüksək bəşəri keyfiyyətləri, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı haqqında danışıb, onun demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunu bildirib. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə onun itirilməsinin qarşısının alınmasında, daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin həyata keçirilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində, hərbi quruculuq sahəsində Ulu Öndərin misilsiz fəaliyyətindən söz açıb. Səfir ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da toplantı iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edən polşalı jurnalist Bartoş Mendık çıxış edərək “Qonaq elmi işçilərin mübadiləsi” proqramı çərçivəsində üç ay Azərbaycanda olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə gördüyü inkişafın təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunun şahidi olub. Bartoş Mendık çıxışında “Əsrin müqaviləsi”, Azərbaycanın turizm potensialı, Ermənistanın–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında da danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Əbülfəs Şeydabətov Heydər Əliyev tərəfindən xaricdəki soydaşlarımıza göstərilən qayğıdan, məhz Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayından söz açıb. Tədbirin sonunda Heydər Əliyev haqqında təqdimat nümayiş etdirilib.

Ulu Öndərin xatirəsinə həsr olunan daha bir tədbir Varşava Universitetində keçirilib. Tədbirdə ali təhsil ocağının tələbələri iştirak ediblər. Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Varşava Universitetinin elmlər doktoru Şəhla Kazımova tələbələr qarşısında çıxış edərək Heydər Əliyevin istər SSRİ zamanı, istərsə də müstəqillik dövründə mədəniyyət sahəsinə yetirdiyi diqqət, həyata keçirilmiş layihələr haqqında məlumat verib. Heydər Əliyevin vəfatından sonra onun başlatdığı işin Heydər Əliyev Fondu tərəfindən davam etdirildiyi diqqətə çatdırılıb.

Səfirliyin müşaviri Ülvi Baxşəliyev Heydər Əliyevin həyatı, tutduğu vəzifə və məkandan asılı olmayaraq Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin formalaşdırılması, möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında söhbət açıb. Toplantının sonunda H.Əliyev və Azərbaycanın inkişafına həsr olunan film nümayiş etdirilib.

APA

Baxış sayı: 324