Sosial, Şərhlər
07.12.2015 / 09:48

Dənizin və siyasətin fırtınası

Dənizin və siyasətin fırtınası
Zahid Oruc/millət vəkili


Xəzər ikinci Qarabağ olmalıydı.Çünki hələ sovetlərin zamanında onu İranla bölərkən cənub qonşumuz Stalinin gücü qarşısında müvəqqəti geri çəkilmişdi. 380 min kvadrat km-lik qapalı su hövzəsinin dərin qatları yalnız okeanların malik olduğu sərvətlərlə müqayisə oluna bilər.Ona görə də özü boyda neft dənizi olan Xəzər təkcə beş ətraf dövlətin deyil, region uğrunda savaşan Britaniya, Amerika, Fransa və digər Qərb, o cümlədən, Asiya qitəsi ölkələrinin də hədəfindəydi.
Ötən əsrin əvvələrində də belə olmuşdu. Morqanları, rotşildləri, nobelləri bolşeviklər qovub buradan çıxarandan sonra Lenin apardığı dünya inqilabının hərəkətverici qüvvəsini-kerosini qazanmış, çarizmin vaxtında geriqalmış periferiya şəhəri birdən-birə siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilmişdi. Lakin ingilislər buraya qayıtmaq üçün BP-nin keçmiş rəhbəri Con Braunun sözləri ilə desək, “70 il gözləməli olmuşdular”.
“Günəşli yatağı”nda dəniz fırtınasının qurbanına çevrilənlərin ağır üzüntüsünü yaşayarkən nədənsə hər dəfə bütün təbii fəlakətlərin siyasi formasiyaları dəyişən, xəritələri yenidən cızan insanların tərətdikləri tufanlarla paralel getdiyinə şahid olursan. O vaxt “Əsrin neft müqaviləsi” dövlət çevrilişinə cəhd və bir neçə şəxsin terror edilməsi ilə sonuclanmışdı. Lakin 200 illik istilaya görə ödədiyimiz haqq müqabilində bu o qədər də çox deyildi. Axı 20 faiz ərazinin qəsb edilməsi də Xəzərdən götürlmüş pay idi.
İndi baxın, “dənizin və siyasətin fırtınası” görün necə üst-üstə düşür: Rusiyanın Əsəd rejimini havadan və Xəzərdən müdafiəyə qalxması, Aralıq dənizinə gətirilən Amerika və Fransa gəmiləri,Türkiyənin 2000 əskəri qüvvəsinin İraka girməsi, İranın Suriyaya sayı 5 min nəfərə çatan hazırlıqlı təhlükəsilik qüvvələrini yeritməsi, Türkiyə-Rusiya siyasi savaşının boğazlara və neft-qaz davasına çevrilməsi, İncirlik, Kürəcik, Batman və Diyarbəkirin Qərbin antibəşər koalisiyasına təhvil verilməsi ilə Türkiyənin müharibə zonasına çevrilməsi, Yaxın Şərqin bölüşdürülməsi uğrunda real quru əməliyyatların keçirilməsi üçün orduların tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi, Türkiyə-Ermənistan sərhəddinə 7000-lik qoşunların toplanması və sair. Bir sözlə, 3-cü dünya müharibəsi terrorun bayrağı altında və havadan qırıcı təyyarələrin vasitəsilə-Suriyanı bombardman edən dövlətlərin arasında çoxdan gedir.
“Xəzərdən Yaxın Şərqə atılan bombalar geri qayıdır”

Azərbaycanın dənizdə verdiyi itkilər böyük müharibənin tərkib hissəsidir. Prezident İlham Əliyevin nə qədər ağır zərbələri öz üzərinə götürdüyünü təsəvvürə belə gətirmək çox çətindir. O, dövləti xəyanətləri və dini silaha çevirənləri hələ sona qədər neytrallaşdırmayıb, neftin fırtınasını qoparanların da çağırışları ilə üz-üzə qalıb.
Əgər itkin düşənlərin hamısı həyatını itiribsə, bir millət üçün bunlar böyük faciədir. İndi platformadakı şəraitin, xilasetmə tədbirlərinin, ictimai məlumatlandırma işinin səviyyəsindən asılı olmayaraq, bir fakt inkar olunmazdır-Xəzərdən Yaxın Şərqə atılan bombalar geri qayıdır.
Fransa son terroru milli birliklə və dövlət başçısı Olandın qətiyyətli qərarları ilə adlatdı. Bizim faciəli tariximizin növbəti səhifəsində İlham Əliyevin bir milləti qorumaq üçün apardığı böyük savaşa görə onun yanında olmaq vətəndaşlıq borcumuzdur. Və indi dənizdən gələn təhlükə siqnalını siyasi düşərgələrə görə qiymətləndirmək Xəzəri bölmək qədər qanlı və təhlükəli bir iş olar.
Neft həmişə qanın simvolu olub. Müharibə, kütləvi qırğınlarla dünyanın baş xəbərinə çevirlən Yaxın Şərqin insan itkilərinə əlavə olunan Azərbaycan insanları vahid bir savaşın qurbanlarıdır. Ona görə də birjalarda kotirovkaları nə qədər düşsə də “neftin qiyməti” həmişə bahadır.
Günəş yer kürəsini qızdırır, neft də onun kainatdakı kölgəsidir. Lakin torpağın təkinə çökən və tərkibi keç zaman sona qədər kəşf olunmayan, süni vasitələrlə alınmayan - bəlkə də milyonlarla insan sümüklərinin və qanının sonradan “qara qızıl”a çevrildiyinə görə neft heç də həmişə xoşbəxtlik gətirmir. İndi Xəzərdən gələn qara xəbərlərin cəmiyyətimzdəki üzüntüsünü və milli kədərini, doğmalarını itirənlərin dənizin özü kimi hayqırıb sonra sönməsini, qanlı sulara qarışan göz yaşlarını görərkən bir-birimizə sarılmaqdan başqa yolumuz qalmır. Çünki yanğın təkcə “Günəşli”də deyil, indi bütöv bir ölkəni əzəli mənşəyinə - törətdiyi “od”un içinə atmağa hazır olanlar var.
Azərbaycan yenidən “Reuters”in, BBC-nin, dünya lderlərinin matəm, neft, sovet tankları və alman faşizmi, BP və digər nəhəng transmilli şirkətlərin dünya akvatoriyalarının sinəsinə sancdıqları buruq iynələri, Rusiyanı təbii ehtiyatlarının içində boğan Qərbin TAP və TANAP-a verdiyi önəm və başqa epitetlərlə dillərdə əzbərə çevriləcək. Lakin bir vaxtlar “qara daşlar”dan hörülən dəniz şəhərlərimizi yenidən tikmək üçün bu millətin üstünə gələn tufanları birgə qarşılamaq, hamımızın vahid bir gəmidə və eyni platformada olduğumuzu anlamağımız gərəkdir.
Hamımz neftin balalarıyıq.Sonda neftə çevrilirik-bir-birimizə yanmağımızla!

İnform.az

Baxış sayı: 521