Gündəm, Baş xəbər, Sosial
28.11.2015 / 11:39

Nardaranı izləyən “məkrli əllər”

Nardaranı izləyən “məkrli əllər” Noyabrın 26-da baş verən və Azərbaycanın ictimai-siyasi sferasında narahatlıq doğuran Nardaran hadisələri araşdırılır. Artıq hadisədə günahkar bilinən cinayətkar dəstənin, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Bu gün öz xidməti vəzifələrini mərdliklə yerinə yetirən 2 polis əməkdaşının II Fəxri xiyabanda dəfn olunub. Qanlı olay sakitləşsə də, hadisənin törətdiyi gərginlik öz təsirini itirməyib.
Qeyd edək ki, hadisəyə səbəb "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Nardaran hadisələri hər kəsdə təəssüf hissi doğurub. İnform.az-a açıqlama verən millət vəkilləri məsələyə birmənalı yanaşmaqla burada məkrli niyyətlərin dayandığını elan etdilər.
Nardaranı izləyən “məkrli əllər”
Deputat Zahid Oruc hesab edir ki, Nardaranda baş verən hadisələr camaatı hakimiyyət əleyhinə qaldırmaq istəyənlərin öz məkirlərini göstərməsidir. Z.Oruc bildirib ki, əgər din Allahın buyurduğu çərçivədən kənara çıxırsa, yəni siyasiləşdirilirsə, hakimiyyətlə mübarizənin alətinə döndərilirsə bu, silahlı ekstremizmə, terrora çevrilir.

“Nardaranda baş verən hadisələr kəskin şəkildə pislənir və həyatını itirmiş polis nümayəndələrinin cavabdehliyini məsuliyyətə cəlb olunanlar daşıyacaqdır. Biz ümidvarıq ki, Nardaranın ağsaqqalları, ağbirçəkləri həqiqi din, Allah adamları bu ölkədə bu hadisəni pisləyəcəklər və dövlətimizin yanında olacaqlar. Hüququ-mühafizə orqanlarına qarşı zor işlədən güllə atan adamlar heç bir halda sağlam, əqidəli inanclı insanlar sayıla bilməzlər”.

“Belə hadisələr baş verirsə, deməli burda kənar qüvvələrin, müəyyən dairələrin əli olub”
Nardaranı izləyən “məkrli əllər”
Deputat Elman Nəsirli hesab edir ki, Nardarandakı son hadisə özünü “Müsəlman Birliyi” adlandıran bu təşkilatın uzun müddət hazırlaşdığını göstərir.
“Onların silahlanması, avtomat, qumbara silahlarına malik olmaları, asayişin qorunması ilə bağlı polisin öz funksiyasını yerinə yetirməsinə mane olmaları və güc tətbiq etmələri təsdir edir ki, bu təşkilat məqsədyönlü yaranıb və ölkəmizdəki sabitliyi pozmağa yönəlib. Belə hadisələr baş verirsə, deməli burda kənar qüvvələrin, müəyyən dairələrin əli olub. Həmin qüvvələr Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa maraqlıdırlar. Heç bir halıda onları indiki vəziyyət qane ertmir. Ona görə də dini faktor alltında beləcə müxtəlif qüvvələrdən istifadə ediblər. Baş vermiş bu hadisəni, həm də terrorizm hadisəsi kimi qiymətləndirmək mümkündür”.

“Burada xüsusi hazırlanmış şəxslər var ki, onlar Azərbaycan gənclərini radikal yola dəvət edirlər”
Nardaranı izləyən “məkrli əllər”
Millət vəkili Fuad Muradov gənclərin müxtəlif dini təriqətlərin təsiri altına düşərək belə bir hadisəyə səbəb olmalarına təəssüflə yanaşıb. Nardaran hadisələri zamanı dünyasını dəyişən polislərin ailələrinə başsağlığı verən deputat baş verən hadisələri qətiyyətlə pisləyərək bunlardan narahat olduğunu deyib: “Azərbaycan dövləti tolerantlıq göstərərək hər bir vətəndaşın dini inancına hörmətlə yanaşır. Amma təəssüflər olsun ki, dövlətə, dövlətin siyasətinə qarşı belə hadisələr baş verir. Gənclərimiz çox vaxt bilməyərəkdən müxtəlif dini təriqətlərin təsiri altına düşürlər. Mən düşünürəm ki, onların bu hərəkəti yolverilməzdir və bununla bağlı ciddi işlər görülməlidir. Azərbaycan gənci belə neqativ halın baş verməsinə yol verməməli və buna qarşı mübarizə aparmalıdır”.
Deputat bildirib ki, Nardaranda baş verən hadisələr heç bir dinlə bağlı olan məsələ deyil. Burada xüsusi hazırlanmış şəxslər var ki, onlar Azərbaycan gənclərini radikal yola dəvət edirlər. Deputat qeyd edib ki, Nardaranda gənlcərin kimlərinsə fitnəsinə uyaraq kimlərəsə əl qaldrıması, daş atması Azərbaycan dövlətinin gənclərinə yaraşmayan haldır.

“Hüquq-mühafizə orqanları bu hadisələrlə bağlı ciddi ölçü götürməlidir”
Nardaranı izləyən “məkrli əllər”
Deputat Siyavuş Novruzov deyib ki, bu hadisə silahlı dəstələrin hazırlanması, dövlətin quruluşunun dəyişdirilməsinə cəhd, eləcə də onların hansısa ölkələrin təsir vasitələrinə çevrilməsi nəticəsində baş verib.
Deputat qeyd edib ki, həmin insanların məsuliyyətə cəlb olunması üçün mütəmadi müraciətlər olub: “Onların gəlib izahat vermələri üçün müraciətlər edilib, lakin onlar proseslərə gəlməyiblər. Bununla əlaqədar tədbir keçirilib. Tədbir nəticəsində çox ciddi qarşıdurma baş verib. Hüquq-mühafizə orqanlarına tabesizlik göstərilməsi nəticəsində iki polisimizi qəhrəmancasına itirmişik. Halbuki bu insanlar ictimai asayişi qorumaq üçün, elə onların özlərini qorumaq üçün işləyirdi. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu hadisələrlə bağlı ciddi ölçü götürməlidir”.

Tahirə QAFARLI/İnform.az

Baxış sayı: 561