Mədəniyyət
24.11.2015 / 10:29

Rejissor diploma layiq görülüb

Rejissor diploma layiq görülübAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı Belarusun paytaxtında keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumu çərçivəsində “İlahi oyun” tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, səhnə əsəri Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılıb. Forumda Azərbaycan səfirliyinin nümayəndələri ilə yanaşı, bir sıra diplomatik korpusun əməkdaşları da iştirak edib.

Beynəlxalq tədbirin açılışından sonra Akademik Milli Dram Teatrının baş rejissoru və bədii rəhbəri, Xalq Artisti Azərpaşa Nemətovun rəhbərliyi ilə teatrın kollektivi, forumda iştirak edən iştirakçı ölkələrin rəssamlarının, dramaturqlarının, rejissorlarının və teatrşünaslarının məşğələ və ustad dərslərində iştirak edib. Məşğələlərdə teatrın rejissoru Mikayıl Mikayılovun işi uğurlu hesab edilib və rejissora xüsusi diplom təqdim olunub.

Qeyd edək ki, forumda nümayiş olunan “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur. Tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.

Qeyd edək ki, Gənclərin II Beynəlxalq Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədilə təşkil olunur.

Inform.az

Baxış sayı: 425