Şərhlər
24.11.2015 / 10:10

Suriya Türkmənlərinin səsinə səs ver Azərbaycan!

Suriya Türkmənlərinin səsinə səs ver Azərbaycan!
Faiq ƏLƏKBƏROV


Suriyada beş ildir ki, iç savaşdan dolayı anarxiya hökm sürür. Suriyadakı iç savaşdan ən çox əziyyət çəkən, daha doğrusu anarxiyanın qurbanı olanlar arasında Türkmənlər xüsusi yer tutur. Təxminən Suriyada 6 milyondan çox Türkmən yaşayır ki, onlar bu ölkənin əsas millətlərindən biridir. Ancaq İraq Türkmənləri kimi Suriya Türkmənləri də iç savaşa hazır olmadıqları üçün həm Bəşər Əsəd rejiminin, həm də İŞİD, PYD kimi terror təşkilatlarının qurbanına çevrilmişdir. Ötən 5 il ərzində Suriya Türkmənləri toparlanmağa çalışmış, iç savaşdan özünü qorumağa cəhd göstərmişlər.
Bu gün Suriyada Türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır. Bu şəhərdə artıq yaşayanların sayı sıfıra bərabərdir. Burada hökmən bildiməliyik ki, Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin önəmli simalarından, Hürufiliyin əsas nümayəndələrindən biri olan olan mütəffəkir və şair İmaddədin Nəsiminin (14-cü əsr) məzarı da Hələb şəhərindədir. Amma bizlər bu gün Nəsiminin məzarının hansı vəziyyətdə olmasıyla bağlı dəqiq bilgiyə sahib deyilik.
Yeri gəlmişkən, çox yazıqlar olsun ki, bu günə qədər Azərbaycan İraq Türkmənləri kimi Suriya türkmənlərinə də rəsmi səviyyədə dəstək verməmişdir. Ən azı Azərbaycan İraq Türkmənləri və Suriya türkmənlərinə humanitar yardım edə bilərdi. Eyni zamanda rəsmi Bakı öz yurd-yuvalarından qaçqın düşmüş İraq Türkmənləri və Suriya Türkmənlərinin bir hissəsini Azərbaycanda müvəqqəti də olsa, yerləşdirə bilərdi. Doğrudur, Azərbaycanın özünün də 1 milyondan çox qaçqın və köçkünü vardır. Amma bütün hallarda Azərbaycan bu məsələdə Türkmənlərə ən minimum səviyyədə olsa belə, nə isə edə bilərdi.
Hələlik, Azərbaycanın heç bir sahədə Türkmənlərə yardım etməsini görmədik. Rəsmi şəkildə quruca bir bəyanat belə verilmədi. Əlbəttə, bu məsələdə ayrı-ayrı Azərbaycan təşkilatları, fiziki şəxslər istisnadırlar. Belə ki, Azərbaycan türkləri arasında bacardıqları qədər İraq Türkmənlərinə və Suriya Türkmənlərinə sahib çıxmağa çalışmışlar və çalışırlar da. Ancaq təəssüfedici haldır ki, bu gün İraq Türkmənlərinə və Suriya Türkmənlərinə dəstək istənilən səviyyədə deyildir.
Bu gün İraq Türkmənlərinə və Suriya Türkmənlərinə daha çox Türkiyə türkləri sahib çıxırlar desək, yanılmarıq. Əlbəttə, bunu, biz Azərbaycanla nisbətdə bildiriirk. Əslində bu gün Suriyada, özılliklə Suriya Türkmənlərinin yaçadığı ərazilərdə ABŞ, Avropa, İran və Rusiya Federasiyasının "at oynatması" yolverilmezdir. Bu gün məlum Ərəb dövlətləri bunun qarşısını almaq əvəzinə ya boyunlarını bükürlər, ya da ABŞ və Rusiyanin oyuncağı haləndadırlar. Bəs Azərbaycan, Türkiyə niyə Suriya Türkmənlərinə sahib çixmir, deyə sual etdikdə, o zaman bildiyimiz cavabları alırıq.
Doğrudur, bu gün Türkiyə daha çox Suriya türkmənlərinə dəstək verirlər. Amma bu istənilən səviyyədə deyildir. Hər halda, rəsmi Ankara Suriya türkmənlərinə bomba yağdıran Rusiya Federasiyasına nota verməklə kifayətlənməməlidir. Məncə, Türkiyə Suriya türkmənləriylə bağlı Rusiya və ABŞ-a xəbərdarlıqlardan əl çəkib Suriya Türkmənlərinə dövlət olaraq dəstək verməli, ən azı Suriya bütünlüyünü təkrar qazananadək Suriya Türkmənlərinin yaşadıqları əraziləri nəzarəti altına almalıdır.
Hətta, Suriyanın bütünlüyü baş tutmayacağı təqdirdə Suriya və İraq türkmənlərinin bir bayraq və dövlət altında birləşməsinə də hazır olmalıdır. Çünki artıq İraq və Suriyanın təkrar bütünlüyü ciddi şəkildə sual altındadır. Belə olduğu təqdirdə, əgər ABŞ və Avropa kürd dövləti otraya çıxartmağa çalışdığı zaman, İraq və Suriya türkmənləri də Türkmeneli dövlətini qurmalıdırlar.
Qısası, Türkiyə, Azərbaycan eləcə də digər Türk Cümhuriyyətləri Rusiya və ABŞ-ın Suriyada yapdığı qətilamları kənardan seyr etməkdənsə, onlar hər hansı şəkildə birləşik Türk ordusunu qurmalı, lazım gələn anda Suriya və İraq torpaqlarına yeritməlidir. Bəlkə, bu gün bu sözlərimiz, fikirlərimiz yersiz görünə bilər. Amma unutmayaq ki, hər an hər şey deyişir.
Bu anlamda nə Türkiyənin, nə Azərbaycanın, nə də digər Türk Cümhuriyyətlərinin İraq Türkmənlərinə və Suriya Türkmənlərinə biganə qalmaları yolverilməzdir. İraq və Suriya Türkmənləri məsələsində ən çox yük Türkiyə və Azərbaycanın üzərinə düşür. Bu anlamda yuxarıda da bildirdiyimiz kimi, Türkiyəylə nisbətdə Azərbaycanın bütövlükdə səssiz qalması doğru deyildir.
Ən çox təəssüf doğuran da Azərbaycanın Suriya türkmənləri məsələsində səssiz qalması bir yana, eyni zamanda Rusiyanın Xəzər dənizi vasitəsilə soydaşlarımızın başına bomba yağdırmasına da reaksiya vermir. Hər halda, Azərbaycan Xəzər Dənizi üzərindən Suriya Türkmənlərinin bombalanmasına yol verməməlidir! Əgər Rusiya İŞİD-ə qarşı müharibə aparırsa aparsın, Əsədə dəstək verirsə versin. Amma İŞİD-ə qarşı mübarizə adı altənda Azərbaycan üzərindən Suriya türkmənlərinin qətliamı yolverilməzdir. Azərbaycan türkləri buna səssiz qalmamalıdırlar. Suriya türkmənləri Azərbaycan türkləriylə eyni soydandirlar. Ona görə də deyirik ki, Azərbaycan Suriya Türkmənlərinin səsinə səs verməlidir!

Baxış sayı: 630