Elm-təhsil
23.11.2015 / 12:12

Naxçıvan Universitetində elmi-bədii tədbir keçirilib

Naxçıvan Universitetində elmi-bədii tədbir keçirilib
“Kitabi-Dədə-Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən bədii əsərdir.

Naxçıvan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr edilmiş elmi-bədii tədbir keçirilmişdir.
İnform.az NAXÇIVANXƏBƏRLƏRİ.COM-a istinadən xəbər verir ki, tədbir başlamazdan əvvəl Kitabi-Dədə Qorqud filmindən bir parça göstərilmişdir. Tədbiri giriş sözü ilə universitetin rektoru,professor İsmayıl Əliyev açaraq dastanın yaranma tarixi, onun ilk dəfə elmə məlum olması, adının əbədiləşdirilməsi, dünya ictimaiyyətinə çatdırılması, Naxçıvanla bağlılığı və gənc nəslin milli-mənəvi tərbiyəsində rolundan danışmışdır.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, professor Sədaqət Həsənovanın “Dədə-Qorqudun söz dünyası”, təbiət elmləri kafedrasının dosenti Nazim Balabəylinin “Kitabi-Dədə Qorqud dastanında Naxçıvan toponimi, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Təranə Qəbulovanın “Kitabi-Dədə Qorqud dastanı milli-mənəvi sərvətimizdir”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Nərmin Mərdanlının “Kitabi-Dədə Qorqud dastanında qadın surəti” və Ruqiyyə Nəcəfovanın “Kitabi-Dədə Qorqud türk dünyasının ən qədim yazılı abidələrindən biridir, İnformatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Gülay Əliyevanın “Kitabi-Dədə Qorqud dastanında Qaraca Çoban Azərbaycan ədəbiyyatında ilk zəhmətkeş insan surətidir” mövzularında çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki, hər bir xalqın mənəviyyatını, adət-ənənələrini, keçmişini, həyat tərzini, özəlliklərini təcəssüm etdirən göstəriciləri vardır. Bu baxımdan, xalqımız daha zəngin,daha çoxcəhətli qaynaqlara malikdir. Bu mənbələr içərisində ”Kitabi-Dədə Qorqud”dastanının öz yeri, öz çəkisi vardır.”Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixidir.Onun keçmişi varlığının böyük rəmzidir. Bu dastan Azərbaycan xalqının tarixi keçmişini şifahi xalq ədəbiyyatı əsasında ək etdirən ölməz bir yazılı abidədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev dastanın dünya miqyasında təbliği, və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirildi.Ulu öndərin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında 20 fevral 2015-ci il tarixli sərəncamı və Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu böyük Azərbaycançılıq abidəsinə verilən dəyərin bariz nümunəsidir.
O da vurğulanmışdır ki, “Kitabi-Dədə Qorqud” tədqiq olunduqca bizə yaxınlaşır. Bu dastan tədqiq olunduqca, tədqiqatı dərinləşdikcə biz öz tariximizi daha yaxşı tanıyır,öyrənirik. Çünki Dədə-Qorqud dastanı Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən bədii əsərdir.


Baxış sayı: 434