Gündəm, Şərhlər
21.11.2015 / 16:34

Taranov və Çanışev, hansı haqlıdır?

Taranov və Çanışev,  hansı haqlıdır?
Əlisa NİCAT / İnform.az


Məşhur fəlsəfə tarixçisi Pavel Taranov iddia edir ki, çoxluq yeni xüsusiyyət və keyfiyyət əmələ gətirir. Məsələn, bir buğda dənəsi yerə düşəndə səs əmələ gəlmir. Bir kisə buğda isə töküləndə şırıltı ilə müşayiət olunur.
Bu fikrə əsasən bir vedrə su da bir damla sudan fərqli olaraq səs əmələ gətirir. Eləcə külək əsəndə bir yarpaqdan səs çıxmır. Minlərlə yarpaq isə səs salır.
Mən bu barədə bir dəfə yazıb Çanışevi müdafiə etmişəm. Çanışev deyir ki, bir buğda dənəsi də səs salır, ancaq bu səs çox zəif olduğu üçün eşidilmir.
Mən də o fikirdəyəm və bu barədə təkrarən ikinci bir yazıya ehtiyac görürəm.
Söhbət azlıq və çoxluqdan getmir. Bir damcı su, susuzluğu söndürə bilməz, eləcə də yanğını da. Bir qab su isə söndürür. Onagörə ki, bir damcı bu iş üçün kifayət etmir. Eləcə də buğda dənəsinin səsi qulağımıza çatacaq dərəcədə deyil.
Səs nədir? Havanın dalğalanması, nəyinsə havanı hərəkətə gətirməsi. Bir buğda dənəsinin hərəkəti bunun üçün kifayət etmir. Çünki, o özü boyda havanı tərpədir. Bu zaman əmələ gələn səs hədsiz zəif olduğuna görə eşidilmir. Bir kisə buğda isə havanı ətrafa dağıdır, onu qovub güclü səs əmələ gətirir.
Mən bir kisə buğdanı qaldıra bilmərəm. Bir nəfər, iki nəfər də olsaq qaldırarıq, məgər bu o deməkdir ki, 3 nəfər güc və qüvvə əmələ gətirir, tək adam isə yox, gücdən məhrumdur. Elə deyil, buğda kisəsinin ağırlığı 3 nəfərlə 3 yerə bölünür və hərə öz payını qaldırır.
Qeyri-demokratik rejimlərdə bir nəfərin etirazı nəzərə alınmır. Çünki, bu rejimi dəyişmək üçün kifayət etmir. Amma 1 milyon etiraz edirsə, hakimiyyət yıxılır. Deməli, sadəcə etirazın gücü artır və qarşı tərəfin müqaviməti davam gətirmir.
Deməli, artım və ya çoxalma sadəcə etirazın gücünü artırır, yeni heç nə əmələ gətirmir. Ona görə bu mübahisədə məncə Taranov deyil, Çanışev haqlıdır.

Baxış sayı: 627