Baş xəbər, Sosial, Araşdırma
20.11.2015 / 15:36

Uşaqları “lal edən” uşaq yeməkləri - SOS

Uşaqları “lal edən” uşaq yeməkləri -Musa Quliyev: “ Ölkəyə gətirilən zərərli qidaların qarşısının alınması çox çətin bir prosesdir”

İqtisadi İnkişaf Nazirliyi: “Yoqurt alarkən diqqətli olun”

Həkim: “Analar uşaqlarını öz hazırladıqları yeməklə qidalandırsalar, daha yaxşı olar”

Dünyaya yeni doğulan insan - körpə kiçik bir ailənin, nəhayətdə dövlətin inkişafı üçün potensial mənbə və onun gələcək qurucusudur. Sivil cəmiyyətin mühüm formalarından olan ailə və onun inkişafını möhkəmləndirən yeni nəslin yaranışı məhz onun sağlam şəkildə formalaşmasından asılıdır. Yeni doğulan körpələrə ilkin təsirlər onun yaşadığı mühitin verdiyi mənəvi qida ilə yanaşı, onun yaşaması, böyüməsi üçün qəbul etdiyi qidalardan da birbaşa asılıdır. Maddi qida təbii təlabat olsa da, bir çox hallarda ondan düzgün istifadə edilməməsi körpələrin, uşaqların düzgün inkişaf etməsinin qarşısının alınmasına aparır. Burada bir çox hallarda gənc anaların səriştəsizliyi, savadsızlığı əsas rol oynasa da, əksər hallarda siyasətçilərin, biznes adamlarının varlanmaq, hakim olmaq ehtirası vacib məqam sayılır.
Uşaqları “lal edən” uşaq yeməkləri -Sosial sferada müəyyən firmalar tərəfindən hazırlanan uşaq yeməklərinin nə dərəcədə zərərli olması barədə çox müzakirələr aparılıb. Hətta bir çox uşaq yeməklərinin satışına qadağalar da qoyulub. Lakin bu, heç də problemin tam həllinə nail olmaq üçün kifayət etmir. Artıq ictimaiyyət arasında ölkəmizə xaricdən gətirilən uşaq qidalarının zərəri, daha dəqiq söyləsək, onların körpələrin dil açmasına əngəllər yaratması barədə həyəcan təbili çalınır. Misal olaraq, uşaq yoqurtlarının adı qeyd olunur. Bundan necə sığortalanmaq olar? İnform.az məsələ ilə bağlı kiçik araşdırma aparmaqla bir həqiqəti ortaya qoydu...

“İndi siz özünüz qərar verin”


Valideyn uşağına yoqurt verirsə,bunu onun sağlamlığının, orqanizmdə kalsium vitamininin, mikroelementlərin artması üçün edir. Bəs satışdakı yoqurtlar bizim uşağımıza nə dərəcədə xeyirli, ya ziyanlıdır? Əlbəttə ki, ziyanlı olduğunu bilsək, vermərik. Gəlin yoqurtun tərkibinə baxaq: Yoqurt quru süddən hazırlanır. Quru süd hazır olana kimi bir neçə emal prosesindən keçir və tərkibinə çoxsaylı kimyəvi qatqılar qatılır. Plastik qablarda qablaşdırılır. Artıq plastik qablar bizə xərçəng xəstəliyini yaradan səbəblərdən biri kimi məlumdur. Uzun müddət qalması üçün də tərkibinə kimyəvi maddə vurulur. Bu vasitənin körpəyə nə xeyri ola bilər ki?
Biz isə daha vitaminli olduğunu düşünüb meyvəli yoqurt alırıq. Yoqurtun tərkibinə qatılan meyvələr körpəyə ziyandan başqa bir şey vermir.
Çünki yoqurtun tərkibinə heç bir zaman təbii doğranmış meyvə qatılmır. Yoqurtun tərkibindəki meyvə qoxusu, meyvə dadı süni aromadır. Bu isə insan orqanizminə çox ziyanlıdır. Aromanın meyvənin tərkibindəki vitaminlərlə heç bir əlaqəsi yoxdur. Bəzən yoqurtun içində meyvə qırıntıları kimi dənələr görünür. Onlar aromalı marmeladlardı. Biz meyvəni yalnız yoqurtun üzərindəki şəkildə görürük. İndi siz özünüz qərar verin; Bu yoqurtları uşağa vermək olarmı?

“Müsəlman dövlətləri üçün hazırlanmış bu cür uzaq gedən təxribatlar, xəyanətlər var”


Uşaqları “lal edən” uşaq yeməkləri -Milli Məclisin Sosial - siyasət komitəsinin sədr müavini, həkim Musa Quliyev uşaq yeməkləri ilə bağlı belə fikirlərin səslənməsində həqiqətin olduğunu qeyd etdi.
“2000-2009-cu ildə İsrail həkimləri həyəcan təbili çaldılar ki, Avropada istehsal olunan Human və başqa uşaq yeməklərində bəzi mikroelementlərin qatqısı azdır və bu, uşaqların intellektual inkişafına ləng təsir edir və onu geri qoyur. Həmin firmalardan uşaq yeməkləri almağı dayandırdılar. Sonradan məlum oldu ki, bu məhsullar əsasən müsəlman dövlətləri üçün nəzərdə tutulub. Yəni bu sahədə də bu cür uzaq gedən təxribatlar, xəyanətlər var və təəssüf ki, biz bunu bilsək də, lazımı ölçülər götürə bilmirik. Ona görə də biz həmin siqnallardan sonra, 2001-ci ildə Körpələrin və azyaşlı uşaqların müdafiə olunması barədə qanun qəbul etdik və tələb qoyduq ki, hər bir ana öz uşağını ana südü ilə qidalandırmalıdır. Hətta bu istiqamətdə müəyyən maarifləndirmə, təbliğat işi də aparıldı. Öz uşağını ana südü ilə qidalandıran analara müavinətin verilməsi barədə müəyyən maraqlandırıcı təkliflər də oldu. Amma çox təəssüf ki, bu sahədə yüksək nəticələr əldə edə bilmədik”.
M.Quliyev hansı qanunların olmasından asılı olmayaraq bütün hallarda əsas məsuliyyətin anaların üzərinə düşdüyünü qeyd etdi. Onun sözlərinə görə, hər bir ana öz uşağını təbii üsullardan istifadə etməklə qidalandırmağı bilməlidir. Digər tərəfdən uşaq yeməklərini Azərbaycan özü də istehsal edə bilər və buna diqqətlə yanaşılmalıdır.
M.Quliyev hesab edir ki, ölkəyə gətirilən zərərli qidaların qarşısının alınması çox çətin bir prosesdir. Onun sözlərinə görə, bu qidalar müəyyən ölkələrdə istehsal olunur və müəyyən partiyalarla ölkəyə gətirilir.
“Hər bir ölkənin o dərəcədə imkanı yoxdur ki, gələn məhsulların hamısını bir – bir analiz eləsin. Məhsulların tərkibində bəlkə də yüzə qədər mikroelement var. Hər bir mikroelementi də analiz etmək üçün aparatlar lazımdır ki, onların da qiyməti yüz milyonlarla ölçülür. Yəni o sistemi qurmaq da praktik olaraq mümkün deyil. Ona görə də burda yalnız fərdi yanaşmadan söhbət gedə bilər. Dünyanın heç bir ölkəsinin heç bir vətəndaşı belə təxribatlardan sığortalanmayıb. Buna görə uşaqlara necə qidaların verilməsi ilə bağlı uşaq həkimləri öz sözlərini deməli, insanları məlumatlandırmalıdırlar. Faktiki olaraq bu problem böyük adamların yediyi qidaların tərkibində də var. Amma biz bunun nə dərəcədə uyğun olub-olmadığını bilirikmi, təbii ki yox”.

Yoqurt alarkən ehtiyatlı olun!


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti əhaliyə yoqurt alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keyfiyyətsiz yoqurt yemək insan sağlamlığı üçün təhlükəlidir. Tez xarab olan məhsullardan olduğuna görə, yoqurt alarkən xüsusilə onların saxlanma müddətinə, qabının əzilməsinə, cırılmasına, onların saxlanma şəraitinə və temperaturuna diqqət etmək lazımdır.

Uşaqları “lal edən” uşaq yeməkləri -Süd məhsulları qrupuna daxil olan yoqurt zülal və kalsiumla zəngin olan qida məhsuludur. Yoqurtlar müxtəlif - südlü, kərəli, meyvəli, diabetli xəstələr üçün dietik və s. formalarda olurlar. Onu hər gün 200 qramdan çox olmamaq şərtilə yemək məsləhətdir. Yoqurtun qəbulu immun sistemini gücləndirir və sümüklərin möhkəmlənməsinə kömək edir. Lakin yoqurtun xeyirli olması ilə yanaşı insan orqanizminə zərəri də ola bilər.
Yoqurt nəzərdə tutulmuş texniki və texnoloji qaydalar, sanitar normalar gözləmək şərtilə standartın tələblərinə uyğun olaraq hazırlanmalıdır. Yoqurt sadə, şirinləşdirilmiş və meyvə təamları əlavə edilməklə istehsal olunur. Yoqurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir. İstehsal müəssisəsindən onlar 4±2ºC temperaturda çıxmalıdır.

Yoqurt dövlət orqanlarının icazəsilə qablaşdırma materiallarına müxtəlif tutumlarda yerləşdirilir. Onu məhsulun saxlanmasını təmin edəcək səviyyədə doldurur, sonra kağız paketlərə, qutulara, stəkanlara və s. qablaşdıraraq markalayırlar. Markalanarkən məhsulun etiketində istehsalçının adı, ünvanı, əmtəə nişanı, saxlama şəraiti, yararlılıq müddəti, məhsulun xalis və tara ilə çəkisi, standartı, uyğunluğunu təsdiq edən məlumat öz əksini tapmalıdır.

Yoqurtun tez xarab olan məhsulların daşınması ilə bağlı qaydalara uyğun olaraq xüsusi nəqliyyat vasitələrində daşınması təmin olunmalı və bu nəqliyyat vasitələrinin üstü bağlı olmalıdır.

Ticarət şəbəkəsindən bu məhsulu əldə edərkən mütləq onların saxlama müddətinə diqqət yetirmək lazımdır. Adətən yoqurtların saxlama müddəti 5-7 gün olur. Lakin bəzi növ yoqurtlar düzgün saxlama şəraitində 30 günədək qala bilərlər.

Qeyd edək ki, ticarət şəbəkələrində yoqurtlar soyuducuda saxlanmalıdır. Bu məhsullar üçün optimal saxlanma temperaturu müsbət 4-6ºC-dir. Yoqurtdan olan məhsullara gəldikdə isə onlar müsbət 4-25ºC temperaturda saxlanıla bilər. Alındıqdan sonra ev şəraitində də yoqurtları qeyd olunan temperatur rejimində saxlamaq məsləhətdir. Soyuducunun qapısındakı gözlər bu məhsulları saxlamaq üçün uyğun deyil.

Ona görə də körpənizə uşaq yeməyi verməyi düşünürsünüzsə, müxtəlif uşaq yeməkləri növlərini, bu yeməklərin hazırlama və saxlama qaydalarını və hansı miqdarda verilməli olduğunu bilmək köməyinizə çatacaqdır. Uşaq yeməklərinə dair faktları öyrənin.

“Mən xəstələrimə uşaqlarına yalnız özləri hazırladıqları yeməkləri verməyi tövsiyə edirəm”


Uşaq həkimi Yeganə xanım bildirdi ki, uşaqlara 8 ayından sonra süd məhsulları verilməlidir. Bura kəsmik, qatıq aiddir. “Mən xəstələrimə uşaqlarına yalnız özləri hazırladıqları yeməkləri verməyi tövsiyə edirəm. Ən yaxşısı uşağınız üçün təbii yoqurtu özünüz hazırlayın. Təzə qatığı süzün. İstənilən mövsüm meyvəsini rəndənin xırda gözündən keçirin.
Yaxud da axşamdan qaynar suda islağa qoyulmuş 2-3 ədəd ərik qurusunu balaca ələkdən keçirin, süzməylə qarışdırın. Çox qatıdırsa, meyvəni dəmlədiyiniz sudan qatıb durulda bilərsiniz. Şirinliyini artırmaq üçün rafinə olunmamış şəkər də qatmaq olar. Yaxud çiy mürəbbələrdən qatıb uşağa yedizdirə bilərsiniz. Böyük uşaqlar üçün meyvələri də doğramaq olar, quru meyvələrdən də istifadə etrmək mümkündür. Üzərinə dad, qoxu vermək üçün limon və ya portağal qabığı da tökə bilərsiniz. Yəni yoqurtun hazırlanması tam olaraq, sizin iradənizdən və zövqünüzdən asılıdır.Amma bir şeyə xüsusi diqqət yetirin: Yalnız və yalnız yerli və mövsüm meyvələrindən istifadə edin”.

“Amerika alimləri də valideynlərə xəbərdarlıq edib”


Amerikanın Pediatriya Akademiyası uşaqlar üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb. Akademiya valideynlərə xəbərdarlıq edib və uşaqlar üçün təhlükəli olan qida maddələrini açıqlayıb.
Hamburger: Hazırlanmasında ən zərərli yağ növü olan doymamış yağlardan istifadə edildiyi üçün hamburger uşaqlarda artıq çəkiyə zəmin yaradır və ürək-damar xəstəlikləri də başda olmaqla bir çox xəstəliyin riskini ciddi şəkildə artırır.
Kartof qızartması: İçərisində yüksək miqdarda akrilamid maddəsi olduğuna görə tez-tez istifadə olunduqda damar sərtləşməsi, köklük və xərçəngə səbəb olur.
Rəngli qənd: İçində boyaq əmələ gətirən kimyəvi maddələri toplayan qəndlər diş çürüməsi başda olmaqla, köklük, şəkər, ürək-damar xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə gətirib cıxara bilər.
Partladılmış qarğıdalı (Pop-korn): Tədqiqatlar yüksək kalorili partladılmış qarğıdalının tərkibində doymuş yağların çox olduğunu göstərir.
Fıstıq: Təsadüfən rastlansa da, ölümlə nəticələnən fıstıq allergiyasına görə uşaqlara fıstıq verilməsi təhlükəli hesab edilir.
Tort: Tortun içərisində şəkər, yağ, un kimi qida maddələrinin çox olması mədə xəstəliklərinə səbəb olur.
Konservləşdirilmiş balıq: Dünyada ən çox istifadə edilən qida növü olmasına baxmayaraq, konservləşdirilmiş balığın həddindən artıq istifadəsi sinir sistemi və ürək xəstəliklərinin riskini artırır.
Göbələk: Bu bitkinin yabanı növləri zəhərlənmələrə səbəb olur.
Sosis: Amerikanın Pediatriya Akademiyası 10 yaşından kiçik uşaqlarda boğulma hallarının yüzdə 17-sinin sosisdən qaynaqlandığını açıqlayıb.
Kolbasa: Tərkibində soda və nitrit olan kolbasa və sosisin istifadəsi xərçəngə yol açır.
Makaron: Xəmirdən hazırlanan makaronun çox yeyilməsi həm artıq çəki, həm də mədə xəstəliklərinə zəmin yaradır.
Çips: Mütəxəssislər çipsin xərçəngdən köklüyə, diabetdən Altsheimer xəstəliyinə qədər bir çox xəstəliklərə səbəb olduğunu söyləyirlər.
Dondurma: Tərkibindəki maddələrin asanlıqla xarab olmasına görə bağırsaq xəstəliklərinə yol açır. Ancaq kalsium baxımından zəngin olduğu üçün nəzarət altında istifadəsi məsləhət görülür.
Üzüm: Antioksidant baxımından zəngin bir meyvə olan üzümün də valideynlərin məsləhəti ilə istifadəsi daha məqsədə uyğundur.
Salatlar: İçərisində olan mayonezin asit (sirkə və ya limon suyu) istifadə edilərək hazırlanması, qida ilə bağlı xəstəliklərə səbəb olur.
Şokolad: Tərkibində yüksək miqdarda kakao, şəkər və əlavə maddələr olan şokolad qandakı xolesterolun miqdarını yüksəldir. Odur ki, yeyilən şokoladın miqdarına diqqət etmək lazımdır.
Hazır şorbalar: Toz halına salınmış, dəfələrlə emal edilmiş, içərisində çoxlu miqdarda əlavə maddələr olan hazır şorbalar xərçəngə səbəb olur.
Çiy yumurta: Tərkibində olan zərərli salmonella mikrobuna görə xəstəliklərə və zəhərlənməyə yol açır.
Dondurulmuş qidalar: Dondurulma əməliyyatları zamanı zərərli orqanizmlər əmələ gəldiyi üçün dondurulmuş qidalar mədə və bağırsaq xəstəliklərinə səbəb olur.
Xəmir yeməkləri: Bu cür yeməklər həm xolestrolun nizamını pozur, həm də yüksək kalorili olduğundan artıq çəki problemi yaradır.
Qızartmalar, qızardılmış yüngül yeməklər: qızardılmış məhsullar həyatın hər dövründə təhlükəlidir.Yüksək enerjili olmaları səbəbiylə kilo almağı asanlaşdıran bu cür qidalar eyni zamanda ürək-damar sağlamlığını da təhdid edir. Uşaqlar çıtırdayan qidaları xoşladıqları üçün qızartmalar favorit qidaları arasında yer alır. Anaların "bir dəfədən bir şey olmaz" məntiqindən sıyrılması vacibdir. Çünki qidalanma vərdişləri uşaqlıq çağında formalaşır. Əgər uşağınız kartof qızartması istəyirsə, incə dilimlənmiş kartofları sobada yağsız olaraq bişirin və ya yeni texnologiya yağsız qızartma maşınlarından faydalanın. Uşağınıza nümunə olmaq adına sizdə qızartma və qızardılmış yeməklərı istehlak etməyin.
Fast-food qidalar: Son zamanlarda xüsusilə işləyən anaların uşaqlarına kifayət qədər vaxt ayırmamaqları səbəbiylə çəkdikləri vicdan əzabı həftə sonlarında uşaqlarına junior menyular hədiyyə etmələri ilə bitir. Uşağınızı irəli yaşlarda çox çəkili və müxtəlif qan tapıntıları pozulmuş olaraq görmək istəyirsinizmi? Cavabınızın xeyr olduğuna əminəm. Fast-food istehlakına sərhəd gətirməkdə fayda var. Bundan başqa, son vaxtlar dəbdə olan evə sifariş vəziyyətinə də bir son vermək lazımdır. Əgər axşam yeməyi hazırlamağa vaxtınız yoxdursa, bol tərəvəzli bir salat və gözəl bir ayran hazırlamanız kənardan yüksək yağlı fast food qidalar sifariş verməyinizdən çox daha sağlam olacaqdır. Uşaqlar sosial inkişafı səbəbiylə yoldaşları ilə birlikdə ayda 1-2 dəfə fast food qida istehlak edə bilərlər. Bu nöqtədə də edilməsi lazım olan uşağa sağlam seçkilər etməsi lazım olduğu barədə məlumat vermək və ona bu barədə nümunə olmaqdır. İncə xəmirli kəpəkli-tərəvəzli pizzaları, qızartma toyuqlu hamburger ayran və təzə sıxılmış meyvə suları uşaqlar üçün ideal variantlardır.
Şəkər və şirniyyat: Şirin dadın arxasına saxlanmış bir çox gərəksiz kalori. Böyümə və inkişaf mövzusunda heç bir faydası olmayan, qan şəkəri tarazlığında dalğalanmalara gətirib çıxaran gərəksiz kalori bombalarıdır. Uşaqlarınıza şəkər və şirniyyat almaq yerinə quru qaysı, quru ərik, quru əncir kimi lifdən zəngin dəmir məzmunlu yüksək təbii şirniyyat təqdim etməlisiniz.
Turşulu içkilər. Bu da uşaq qidalanmasında gərəksiz bir kalori yüküdür. Şəkər xaricində heç bir qida elementi ehtiva etməyən, vitamin və mineral tərkibi olmayan turşulu içkilər diş çürümələrini asanlaşdırdığı kimi, uşaqlarda kökəlmə xəstəliyi riskini də artıra bilir. Turşulu içkilər yerinə təzə sıxılmış meyvə suları, ayran və süd kimi böyümə və inkişaf baxımından əhəmiyyətli içkilərə üstünlük verilməsini təmin etməlisiniz.
Şarküteri məhsulları: Həyat dövriyyəsinin hər mərhələsində aşırısı zərərli olan bir qida növü daha. Şarküteri məhsulları, yüksək yağ baxımından mənfi təsirləri olan nitrit və nitrat cəhətdən zəngindir. Bu səbəbdən də evdə Şarküteri məhsulları saxlamamaqda fayda var. Şirniyyat məhsulları yerinə yağsız qırmızı ət, toyuq, balıq və yumurtanı seçim etməsi mövzusunda ona dəstək və nümunə olun.
Süd məhsulları: Uşaqların doymuş yağ ehtiyacı yetkinlərə görə daha çox olduğundan 7 yaşını doldurana qədər uşaqlara tam yağlı süd məhsulu verilməlidir.
Kəpəkli çörək: Kəpəkli çörək, bədəndən dəmirin daha asan atılmasına səbəb olduğundan ötəri ən az 5 yaşını doldurana qədər uşaqlara kəpəkli məhsullar verilməməlidir. Əgər uşaq dəmir çatışmazlığı riski ilə qarşı-qarşıya isə yaşı uyğun olsa belə kəpək çörəyi seçim etməməlidir.
Qovurma ətlər, toyuğun dərisi: Uşaqların qidalanma vərdişlərini qazandığı dövrdə qovurma ət və toyuq dərisi kimi irəlidə sağlamlığı baxımından yeməməsi lazım olan qidalara damaq dadını öyrətmək səhv bir davranışdır. Uşaqlar ət və ət məhsullarını; qızartma və ya sobada bişirilmiş olaraq yeyə biləcəkləri kimi tərəvəz və qurupaxlalı yeməkləri şorbaların içərisində də istehlak edə bilərlər.

Tahirə QAFARLI / İnform.az

Baxış sayı: 2540