Gündəm, Siyasət
18.11.2015 / 22:59

YAP-ın yaranmasının 23-cü ildönümü Qaradağda qeyd olunub

YAP-ın yaranmasının 23-cü ildönümü Qaradağda qeyd olunub Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23 ildönümü münasibətilə noyabrın 18-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, partiyanın idarə heyətinin üzvü, deputat Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətindən bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə bütün sahələrdə böhranın yaşandığı bir dövrdə ulu öndərin rəhbərliyi ilə YAP bütün çətinliklərə sinə gərərək xalqın partiyası imicini qazandı. Həmin ağır illərdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müasir müstəqil Azərbaycanın qurulmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, həmrəylik mövcuddur və respublikamız regionun ən qüdrətli ölkəsinə çevrilib. Bütün bu uğurlar xalqın dəstəyinə arxalanan ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olub.

YAP-ın yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirən S.Mikayılov deyib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq reallaşıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Partiyanın idarə heyətinin üzvü Mixail Zabelin YAP-ın bu gün cəmiyyətdə çox böyük nüfuza malik siyasi qüvvə olduğunu söyləyib. Qeyd edib ki, partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Çətin şəraitdə yaranan YAP-ın çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, cəmiyyətin ən fəal üzvlərini ətrafına toplaması Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da çıxışında partiyanın yaranması və inkişafı tarixindən, müasir Azərbaycanın həyatında oynadığı böyük roldan danışıb.

Digər çıxışlarda da YAP-ın ölkədə aparıcı siyasi qüvvə olmasından, gənclərin partiyanın sıralarına axın etməsindən, onların YAP-ın sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasətini fəal dəstəkləmələrindən danışıblar.

Sonda YAP-a üzv qəbul olunan bir qrup gəncə vəsiqələr, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına isə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

İnform.az

Baxış sayı: 475