Araşdırma
18.11.2015 / 13:09

Maya Türkləri - VII yazı

Maya Türkləri -
Aydın MƏDƏTOĞLU/İnform.az

Xristofor Kolumb deyincə ağla hər şeydən öncə Amerikanın kəşfi gəlir. Halbuki ilk ağla gəlməsi gərəkən onun və ondan sonrakı Avropalıların törətdikləri dəhşətli soyqırımlar və talanlar olmalıdır.
Əslində Amerika Kolumbdan əvvəl bir neçə dəfə kəşf olunmuşdu. Məşhur tədqiqatçı James Churchvarda görə, Amerikanı 50 (əlli) min il bundan öncə ilk kəşf edənlər Mu qitəsindən gəmilərlə hərəkət edərək Şimali Amerika və Meksika sahillərinə çıxıb kəşfiyyat apardıqdan sonra müjdəli xəbərlə Muya qayıdan Kuetzallar olmuşlar. Sonradan onlar Yükatanı və Orta Amerikanı öz koloniyalarına çevirmişdilər. Bu gün Qvetamala adlanan ərazidə onlar öz paytaxtlarını qurmuş və özlərinə bir hökmdar seçmişdilər (Seçmələr bizimdir - A. M. Bax: James Churchward, Batık Kıta Munun çocukları, səh. 33)
Amerikanın ikinci kəşfi Sibir Türklərinin və ya Türklərlə əqrəba olan qövmlərin adı ilə bağlıdır. Onlar Berenq Boğazından keçərək Şimali Amerikaya yerləşdikdən sonra qərb sahilləri boyunca cənub istiqamətində irəliləmiş və oralarda çoxalaraq yayılmışdılar (Seçmələr bizimdir - A. M. Bax: İbrahim Okur, Arsızlık ve Kültür, İstanbul 2002, səh. 116).
Amerikanın üçüncü kəşfi çinlilərin adı ilə bağlıdır. Bizim eranın 400-cü ilində Çin buddist missioneri Fa Syanya özünün iki yüz dindaşı ilə bərabər gəmi ilə Çindən Yavaya və geriyə hərəkət edərək Amerikanı kəşf etmişdi.
Amerikanın dördüncü kəşfi 1001-ci ildə Vikinqli Leif Ericssonun adı ilə bağlıdır.
Amerikanı beşinci kəşf edən isə 1311-ci ildə Malinin müsəlman İmperatoru Əbubəkr olmuşdur. Tədqiqatçılar göstərirlər ki, əgər Aztek mədəniyyəti işğalçı Avropalılar tərəfindən məhv edilməsəydi, Əbubəkrin kəşf gəzintisi haqqında xeyli sirri indi bilmiş olacaqdıq. Bugün sadəcə Aztek adət-ənənələri ilə Mali gələnəkləri arasındakı maraqlı bənzərlikləri görməkdəyik. Qızıl zəngini olan Əbubəkrin atıldığı Okean macərası sözün həqiqi mənasında sırf bir kəşf gəzintisi olmuşdu (Seçmələr bizimdir - A. M. Bax: İbrahim Okur, Arsızlık ve Kültür, səh. 115).
Göründüyü kimi Amerikanın kəşfi məsələsi bir neçə qövm tərəfindən paylaşılan bir gerçəyə dönüşmüşdür. Lakin bu kəşflərin heç biri Xristofer Kolumbun kəşfinə bənzəməmişdir. Çünki o kəşflərdən fərqli olaraq Xristofor Kolumbun təmsil etdiyi Amerika tarixi əsrlər boyunca davam edən bir talan və soyqırımın, qızıla hərisliyin qanlı və canlı tarixidir. Kolumb və onun yolunu izləyərək Amerika qitəsinə gedənlər oralara mədəniyyət əvəzinə qanlı vəhşət və dəhşətlər aparmış və bu insanlığa sığmayan Avropa vəhşiliyi nəticəsində milyonlarla Qırmızıdərili Hindu vəhşicəsinə qətlə yetirilmişdi.
Kolumbun özünün yazdığına görə, onlar Amerikada vəhşilərlə deyil, sözün həqiqi anlamında insanla qarşılaşmışdılar. Kolumb özünün xatirə xarakterli "Gündəliyi" ndə göstərir ki: "Bu insanlar (Amerika Hinduları nəzərdə tutulur - A. M.) son dərəcə dürüst və ifrat dərəcədə əliaçıq mərd insanlardır. Hər hansı birindən sahib olduğu hər hansı bir şeyi istədikdə tərəddüd etmədən o saat verirdilər. Başqalarına olan sevgiləri şəxslərinə olandan daha çox idi." (Bax: Fatihler yarqılanıyor, Tümzamanlar Yayıncılık, 1992, səh. 57)
Kolumb öz "Gündəliyi"ndə ilk rast gəldiyi və "Hindu" adlandırdığı insanlar haqqında yazır: "Onların bədənləri və sifətləri çox gözəldir, dəriləri nə qara, nə də ağdır." (Bax: Puteşestviya Xristofora Kolumba, Dnevniki pisma, dokumentı, Moskva 1956, səh. 89)
Bütün bu insani keyfiyyətlərinə baxmayaraq Kolumb Amerika Hindularını kölələşdirmişdi. Kolumb "Gündəliyi" nin başqa bir yerində göstərmişdi ki, bütün bu yerlilərin hamısını asanlıqla boyun əydirə və hər istədiyimizi yapdıra bilərik (Bax: Fatihler yarqılanıyor, səh. 57).
Kolumb Amerika yerlilərinə "İndio" adını vermişdi. Bu söz digər Avropa dillərinə "İndien", "İndianer" və "İndian" şəklində dəyişikliyə uğramışdı. "Qırmızıdərili" və ya "Qızıldərili" ("Peaux-rouge") sözü çox sonralar ortaya çıxmışdı.
Kolumb "Hindu" adlandırdığı bu insanların silah daşımadığını, həyatlarında heç vaxt qılınc görmədiklərini və əllərinə qılınc verilərkən onun iti tərəfindən tutduqlarını və bu səbəbdən də barmaqlarını kəsdiklərini yazmışdı. Bütün bunlara baxmayaraq Kolumb Amerikada qarşılaşdığı bu dürüst, sülhsevər insanların qonaqpərvərliyinə heç bir qarşılıq verməmiş, əksinə, onlara hər istədiyini yapdıraraq olduğu hər yerdə bu yerliləri qızıl bulmağa məcbur etmiş, qızıl bula bilməyənlərin qollarını kəsdirmişdi.
Kolumb hələ yola çıxmamışdan bu macəraya nə üçün atıldığını anladaraq göstərmişdi ki: "Qızıl çox gözəl bir şeydir! Ona sahib olan hər şeyin ağasıdır. Qızıl sayəsində ruhlara Cənnətin qapıları belə açıla bilər." (Bax: Jacques Attalı, 1492, Yapı Kredi Yayınları, 1992, səh. 241)
Amerikanın son 500 (beş yüz) illik tarixində önə çıxarılası ən mühüm mövzu təbiidir ki, Amerikanın ən azı 17 (on yeddi) min illik yerli xalqı olan Hinduların başına özlərini "mədəni" adlandıran xristian Avropalıların gətirdikləri amansız vəhşətlərdir.

Baxış sayı: 785