Şərhlər
18.11.2015 / 10:50

O və Mən

O və Mən
Əlisa NİCAT / İnform.az


O – Gördün ki, tutduğun iş faydalı deyil, əksinə zərərlidir, təkrar etmə.
MƏN – Yaltaqlıq necə işdir?
O – Əlbəttə, pis işdir.
MƏN – Bəs əgər fayda verirsə, vəzifə və qazanc gətirirsə, bəs onda necə?
O – Fayda gətirirsə, elə.
MƏN – Bəs axı deyirsən, pis işdir. Axı, doğrudan da xalq içində hörmətdən düşürsən.
O – Bir halda ki, xalqın hörmətsizliyi sənə heç bir ziyan vurmur, fərqi yoxdur.
MƏN – Mən qanmazam, savadsız və cılızam və bunlar mənə vəzifə, ən azı millət vəkili olmağa imkan verirsə, niyə belə olmayım?
O – Sən normal cəmiyyətlərdən deyil, despotik rejimdən danışırsan. Mən isə azad demokratik və ədalətli dövlətləri nəzərdə tuturam.
MƏN – O başqa məsələ. Onda de ki, demokratik ölkədə. Deməli insan ləyaqətləri ümumbəşəri deyil, bir yerdə yaxşı, bir yerdə pisdir.
O – Yox, qətiyyən, yaxşı elə hər yerdə yaxşı, pis hər yerdə pisdir.
MƏN – Bəs onda niyə deyirsən, hər hansı bir hərəkət fayda gətirirsə, et. Gətirmirsə, eləmə. Axı despotizmdə doğruluq, ləyaqət və ədalət fayda gətirmir, bəs mən necə edim?
O –Onda hər şeyə tüpürüb qaç.
MƏN – Əgər artıq gecdirsə, bəs onda necə?
O – Çıxılmaz vəziyyət yoxdur. Hər cür vəziyyətdən çıxış yolu var.
MƏN – Bəli var, qənaət və dözüm!

Baxış sayı: 450