Şərhlər
18.11.2015 / 10:41

İnkarı inkar həqiqəti

İnkarı inkar həqiqəti
Ayişə NƏBİ/İnform.az


Yenə də topla, tüfənglə üstünə hücuma keçilən İslam özünü müdafiəyə qalxsınmı, qalxmasınmı? Qalxsa necə qalxsın, çal-keçir fikirlərin atəş yağışında hansı səmtə üz tutsan oradan üstünə bir ox gəlir. Sən istər-istəməz dayanıb düşünürsən, görəsən mən haqlıyam, yoxsa qarşı tərəf.
Bu günün olayları , din mövzusunda onsuz da şübhədə olan insanların şübhələrini bir az da körüklədi, onlara bir az da cəsarət verdi. Özlərini haqlı hesab edərək dindarların üstünə düşürlər ki, siz hansı haqla adam öldürən, baş kəsən, günahsız insanların, dünyadan xəbərsiz körpələrin qanını tökən bir dini müdafiə və təbliğ edirsiniz. Doğrudan da, biz kimik axı, biz hansı haqla adam öldürəni müdafiə edirik. İraq hadisələri beyinləri yenidən alt-üst edib fikirləri beləcə dolaşdırdı.
Hər öldürmənin, hər ölmənin, hər yaşamanın bir hikməti var, bəllidir. Bizim ağlımızın qəbul etmədiyi, ancaq nəqli və hissi olaraq əmin olduğumuz bir hikmət. Amma hikmət ürəyi yanan insanların dərdinə sərin su çiləmir, axı. Ən yaxınlarını, doğmalarını itirən, evsiz-eşiksiz, yurdsuz -yuvasız qalan bir iraqlı: bu bir türk də ola bilər, kürd də, ərəb də, ya da hər hansı başqa bir millətə mənsub ola bilər. Durub öz dərdlərinin arasında onun hikmətini axtarmayacaq, o öz dərdlərinin qisasını istəyəcək, dərdlərinin adresini soruşacaq, səbəbini araşdıracaq. Baxıb görəcək ki, başına güllə dayayan da onu kimi “Allahu əkbər” deyir. Durub bir də düşünəcək, necə olur, mən əllərimi qaldırıb aman istərkən “Allahu əkbər” deyirəm, sən başıma güllə çaxarkən də eyni sözü deyirsən.Və burada çarpaz suallar, qarışıq fikirlər beynini didəcək ki, görəsən, Allah hansımızı eşidəcək, hər ikimiz eyni anda çağırdıq Allahı, mən məzlum, o zalım. Müqəddəs kitablar Allah məzlumları eşidir, məzlumların yanındadır deyir, bəs hanı, niyə məzlumlar bu qədər zülüm görür, niyə zalıma bu qədər fürsət verilir. Bax, burada, fikirlərin haçalandığı yerdə cavab bəlli olur, məzlumun yanındakı Allaha inanır, məzlumun haqqını qoruyan dinə məğlub oluruq. Çünki o qarşı tərəfin dilindəki Allah kəliməsi onun tüfənginin lüləsindəki güllədir, onun yağdırdığı bombaların “partla” düyməsidir, onun “Allahu əkbəri” maskalı ölüm nidasıdır.
Bir gün hz.Peyğəmbərdən (s) soruşdular: ”Din nədir?” O cavab verdi: ”Din xasiyyətin gözəlliyidir”. Yaxud başqa bir hədisdə deyilir: “Qardaşın zalım da olsa, məzlum da olsa, ona yardım et.Ya Rəsulallah, zalıma necə yardım edilir” deyə soruşulur. Ona zülümdən əl çəkdirərsənsə, bu şəkildə yardım etmiş olarsan” deyə cavab verir.”
Mənim və sənin üçün din, bax, bu xasiyyət, əxlaq gözəlliyidir, zalıma belə yardım etmək böyüklüyüdür, daha çox sayda belə fəzilətlərdir. Səhrada batmayan günəş kimi bitib tükənməyən fəzilətlərdir.
Bir, yaxud bir neçə hadisəyə bağlı qalaraq ümumbəşəri hadisələr, insani meyarlar, İlahilik haqqında hökm verilmir, bu inanan insanın üstünə hücum çəkməyə də səbəb deyil. Sadəcə, qərəzsiz yanaşsaq, təkcə pislikləri deyil, yaxşılıqları da görmək istəsək, İlahi mənanı dərk etməyə çalışsaq, nə olar. Bəlkə bu saat bizə xoş görünməyən, qaranlıq qalan bir çox məqam o zaman aydınlanar, bəlkə o zaman sonsuzluğun mahiyyətini dərk edərək insanlıq üzərindəki hakimiyyətini qəbul edərik. Buna təbii ki, ağlımız çatır, ancaq xəyalımızı sərbəst buraxmaq cəsarətimi bir az azdır.
Ağıl və xəyal. Ağıl məhkum bir anlayışdır, xəyal isə azaddır, sərbəstdir və istədiyi qədər uzaqlara gedir, zamanla çərçivələnmir, məkana bağlı qalmır. Düzdür, zaman və məkan xəyalı qidalandırır, amma özlüyündə xəyal ağlımızın sərhədlərindən təsəvvür etmədiyimiz qədər uzaqlara gedir və orada rəbbani sezgiləri özünə qoşub könlümüzə gətirir. Rəbbani, rəhmani sezgilərin qəlbinə dolmasına ağlın imkan vermir, çünki çox ağıllısan, zarafat etmirəm, həqiqətən ağıla həddən artıq üstünlük verdiyindən hissiyatın korşalır, kütləşir və təkcə ağıl xüsusiyyətin üst səviyyələrinə qədər gedir. Bu isə xəyalının sərhədlərini daraldır və İlahi olanı sənə yaxın buraxmır. Bu o demək deyil ki, ağılsız olmaq lazımdır, xeyr, ağıl insanın saxta mənliyinə xidmət edirsə, xəyal qısılır. İnsan bir qab kimidir, içində nə qədər maddi, dünyəvi fikir hakimiyyəti olarsa İlahilik ona dolmağa yer tapmaz və beləcə hadisələrin astarı üzünə dönər, anlaşılmaz.

Baxış sayı: 442