Baş xəbər, Araşdırma
17.11.2015 / 17:09

“Sən mənim ayağıma düşəcəksən, Paris!”

“Sən mənim ayağıma düşəcəksən, Paris!”
Mehdi BƏYAZİD


Şanel kəlməsi çoxdan əfsanəvi mahiyyət kəsb edib, - eleqantlığın, zövqün, estetikanın zərif cilvəsinin sinonimi olub. Məşhur fransızın şöhrətini şərtləndirən başlıca amil görəsən nəydi? Axı XX əsrin dəb ustaları, moda kralları və kraliçaları kifayət qədər zəngin idi, elə indi də zəngindir. Onun özü bu barədə snayper dəqiqliyilə deyib: "Mən xoşlamıram "şanel dəbi", "şanel modası" barədə danışılanda. Dəb çox tezliklə dəbdən düşə bilir, üslub isə heç vaxt. Mən estetikanın kükrək cilvəsinə üslub gətirmişəm".

ESTETİKANIN NAZƏNDƏ ŞAHZADƏSİ


Gələcəkdə Parisin simvoluna dönəcək Qabriel Şanel heç də Parisdə doğulmamışdı. O, kiçik əyalət şəhəri Mulendən paytaxta gələndə Paris artıq yavaş-yavaş öz ağır-gərgin burjua görkəmini itirməyə başlayırdı. Artıq fənərlərin zəif közərtisi, kabrioletlər, dekorativ estetik dəyərlər keçmişə qovuşurdu. Avtomobil və aeroplan, elektrik, lift, telefon və digər şeylər Balzakın, Hüqonun, Floberin Parisini səhnədən qovurdu. Lakin Paris dünyada çox nadir şəhərlərdəndir ki, daim dəyişə-dəyişə həmişə özü olaraq qala bilir. Ernest Heminquey onun bu müstəsna xüsusiyyətini əbədiyyətə həkk edib: "Əgər bəxtin gətirib ömrün cavanlıq dəmlərini Parisin qoynunda keçiribsənsə, demək, bundan sonra güzarın hankı yana düşərsə-düşsün, o, daim sənin varlığında yaşayacaq, çünki bu Paris dedikləri insan qəlbində çağladıqca çağlayan bir əbədi toy-büsatdır".
Paris Şaneli heç də pis qarşılamadı, lakin ona qanadlanıb uçmaq üçün arzuladığı mavi səma vermədi - Şanel aktrisa ola bilmədi. Baxmayaraq ki, füsunkar zahiri görkəmi, gözəl diksiyası, canında qaynar həyat eşqi var idi. Lakin bütün bunlara dərhal aşiq olan Paris sənətin yüksək meyarlarında öz Parisliyini bölünməz bütövlük, hətta nadir qısqanclıqla qoruyub saxlayırdı. Səhnədən ona yadigar olaraq oynadıcı bir rolun adı qaldı: KOKO! Gələcəkdə Paris onu belə əzizləyəcəkdi. Səhnəni gizli göz yaşıyla tərk edərək, bütün gecəni dərdli-dərdli küçələri dolaşan Qabriel Şanel "Sən əvvəl-axır mənim ayağıma düşəcəksən, Paris!", - deyə-deyə öz yaxın keçmişindən ayrıldı.
Yox, o itib-batmayacaqdı, Paris belə füsunkar gözəllərin qədrini çox yaxşı bilir, belə şeylərdən ötrü Paris həmişə öz şəhvətli eleqantlığını saxlayır. Bəs axı o, Parisi necə təslim edəcək, onu ayaqlarına necə salacaqdı? Bunu bilmirdi, XX əsrin gələcək canlı əfsanəsi yalnız zərif yumruqları ilə tez-tez yanaqlarından axıb gedən göz yaşını silirdi və ... modelyer olacağını ağlına belə gətirmirdi.

MƏLƏK OLMAQDAN YORULAN MƏLƏK


Ağlasığmaz işdir ki, gənc bir qız təkbaşına bütöv bir epoxaya yekun vurub, yeni epoxanı başlaya! Gənc zabit Etyen Balsan Şaneli bir müddət onların dağlar qoynundakı malikanəsində yaşamağa dəvət edəndə Şanel həvəslə razılıq verdi - yeni epoxa da elə bu malikanədə ilk qədəmlərini atmağa başladı. Aristokrat mühitinə düşən Şanel hamının diqqətini təkcə öz gözəlliyinə cəlb etmirdi. Onun başqalarına qəribə görünən zövqü tədricən aristokrat mühitinə meydan oxumağa başladı.
Şanel öz təbiətindəki bu dəyişikliyi Etyenə çox paradoksal şəkildə izah elədi: "Mələk olmaqdan yorulmuşam, sadəcə, qadın olmaq istəyirəm - kişilərdən əskik olmayan qadın!". Çoxsaylı aşiqlərlə əhatə olunan Şanel onların qarderobundan kefi istədiyi kimi istifadə edirdi - ən çox xoşladığı geyim də bu idi: ağ kişi köynəyi, qara qalstuk, qalife şalvar. O, çox zaman elə bu qiyafədə atla gəzintiyə çıxır, tanışları üçün növbənöv şlyapalar tikir, qəribə kostyumlar fikirləşib tapırdı.
Bu minvalla o, tezliklə öz şlyapa dükanını açdı. Bu, gənc aristokrat Etyen Balsanın ona hədiyyəsi idi. Etyen dükanın açarını verib, yadigar şlyapanı şəstlə başına qoyaraq, Şanelin gələcək karyerasına mane olmaq üçün onun həyatından silinib getdi. Şanel bir azdan paltar sifarişi almağa başladı. Bu sifarişlər onun qəlbində qəribə bir "demokratik inqilab"ın toxumlarını səpdi. Bu toxumların cücərtisindən Fransanın aşağı təbəqəsindən yuxarı təbəqəsinə gizli və aşkar mesaj göndərildi: göy trikotaj, yaxud qara məxmər, ağappaq qar kimi yaxalıqlar - o, kasıbların malı olan trikotajı tədricən dövriyyəyə buraxıb ona "vətəndaşlıq" verdi. Şanel elan etdi: elə bir parça tapıb ki, o, dünyanı fəth edəcək - cersi!
Bu qadında əsrin ruhunu duymaq doğrudan da fenomenal bir xislət idi və bütün həyatı göstərdi ki, onun bu sözləri deməyə haqqı çatırmış: "Bir epoxa qurtardı, başqa bir epoxa başlayır və bu epoxa tələb edir ki, mən onun zövqünün ifadəçisi olum. Neynək, olarıq - bəs Şanel nədən ötrüdür?".
Bütün ömrü boyu təəssüflənəcək bir şey - heç vaxt ekstravakantlıq eləməyə çalışmasa da, zövq inqilabında bir neçə addımı dövrün göstəricisi oldu: onun vaxtına qədər qadının məlahət tərkibi olan saçlar kəsildi, çünki Şanel öz əfsanəvi saçlarını dibindən kəsdirib, qadının xüsusi atributu olan çətirsiz gəzməyə başladı. Məsələ burasındadır ki, Şanelin yanına, sadəcə, onun dəbini, moda işini öyrənməyə yox, ona oxşamağa gəlirdilər. Fransanın köksündə o vaxt bir varlıq çırpınırdı - Şanel! Onun zövqü, füsunkarlığı, məlahəti necə bir cadugər tilsimi ilə təsir edirdisə, qadınlar o formaya düşürdülər. Heç cür inanmaq olmurdu ki, bu incə, bu narın gözəldə bir diktator möhtəşəmliyi var. Amma bu diktə var idi və bu, cəmiyyətin bütün təbəqələrinə sirayət edirdi.
Şanelin karyerasına başladığı ərəfədə Paris modasında Puare şahlıq edirdi. Puare estet idi. O, Şərqlə sayıqlayırdı, olduqca zəngin Şərq dekorativliyilə səslənmiş paltarlarında qəribə bir vəcd həll olunmuşdu. O, qadınları sərbəst hərəkət etmək üçün korsetlərdən azad eləmişdi. Amma o, ana təbiətin çağırışlarına cavab vermək üçün kifayət qədər cəsur adam deyildi. Burda fantaziya çatışmazlığı, maliyyə qorxusu da özünü göstərirdi, amma hər halda Puare Puare idi - zövq estetikasında çox əhəmiyyətli mərhələ idi. Həm də Puare mühafizəkar idi. Bu mühafizəkarlığı dağıtmaq üçün, görünür, qadın xəyalının əyani təcəssümü lazım idi. Dövr Şaneli elə bil bunun üçün yaratmışdı.
Milyonlar içində üzən Şanel sonradan bu dövrə nəzər salarkən özünəməxsus tərzdə deyəcəkdi: "Bəli, Şanelin dövrü başlamalıydı. Amma mən o dövrə, çox əfsus ki, qadını qadın məlahətindən məhrum edən texnologiya gətirdim".
Bu, müstəsna etirafdı. Şanel heç vaxt, şöhrətinin ən yüksək zirvəsində belə, etikanın, estetikanın anası olduğunu unutmayıb. Şanelin əbədiyaşarlığının sirri də elə bundadır.
Şanel "üslubu" Parisi çox tezliklə fəth elədi. Paris o vaxt da (elə sonralar da!), öz hökmünü dünyaya diktə eləməyin köhnə ustası idi. Hamı Şanelin ifadəsilə geyinib-keçinirdi, lakin Şanel vaxtilə dediyi "Sən mənim ayağıma düşəcəksən, Paris! Ağrısının hikkəsiylə yaşamaqdan, ucuz nifrətin fövqündə yaşamaqdan çox uzaq idi. Şanel axtarırdı, Şanel öz təfəkkür və meyarlarında həmişə insanın özünə xoş gələ biləcək səviyyədə ucalmasının poeziyasına yol axtarırdı.
Əgər dünya modelyerləri arasında insanı özünə yaxınlaşdıran, insanı bəlağətsiz-filansız özü ilə üz-üzə qoyan bir modelyer varsa, o da Şaneldir. Şaneldə saxta bəzək yoxdur, Şanelin paltarlarında qadın itib-batmır, bəlkə də daha çox üzə çıxmır. Bu mənada o, həqiqətən fransızdır, yəni öz əcdadlarının, məsələn, Qustov Floberin övladıdır. Flober deyirdi: "Müəllif romanda Allah kimi olmalıdır, yəni onun varlığı hər sətirdə duyulmalıdır, amma özü heç bir yerdə görünməməlidir". Şanel heç vaxt heç bir layihəsində öz varlığının qabarıq şəkildə görünməsindən ləzzət almayıb. Əksinə, həmişə öz layihələrində əriyib getməyə çalışıb - və buna müvəffəq olub da; elə buna görə də onun üslubu indiyəcən yaşayır, o axı üslub ustasıdır, dəb ustası deyil.
Bohema: "Şanel! Şanel!", - deyirdi, amma Şanel bu uğurdan başını itirmədən ayrı layihələr düşünürdü. Axır ki, tapdıq: "Balaca qara paltar!". Bu paltarın cansıxıcı sadəliyinə zövq aşılamaq üçün, görünür, ancaq və ancaq Şanel olmaq lazım imiş. "Koko Şanel - Paris çoxdan unutduğu bu sözləri dəfələrlə dilinə gətirmək istəyirdi, amma günlərin bir günü, axır ki, özündə güc tapıb qəzet səhifəsində bunu dünyaya elan elədi:

"KOKO ŞANEL!"


1939-cu il. İkinci Dünya Müharibəsi artıq başlanıb. Onun alman zabitiylə əlaqədə olduğunu yayan parislilərdən küsdüyünün əyani təcəssümü olan bağlı qapı! Şanel modalar evinin qapısına vurduğu bu qıfılı düz 14 il açmayacaq. İsveçrəyə köçən Şanel üçün elə bil bir daha Fransa, yeni Fransa zəfəri olmayacaqdı. O, deyəsən, öz keçmişilə birdəfəlik xudahafizləşmişdi. Hər halda, bir daha Fransaya qayıtmaq fikrində deyildi. Amma qayıtdı - 1953-cü ildə bir də qayıtdı, diktator möhtəşəmliyilə qayıtdı və ... ölümündən qabaq ilk gəncliyinin göz yaşlarıyla dediyi sözləri təkrar elədi: "Sən mənim ayağıma düşəcəksən, Paris!"

Baxış sayı: 678