Şərhlər
17.11.2015 / 10:25

Keçmişdəki “Mən”ə məktub

Keçmişdəki “Mən”ə məktub
Səmra KƏRİMLİ / İnform.az


Günlər bir yağış damlasının buluddan qopub yerə düşməsi qədər sürətli keçir. Heç bilmirsən nə oldu, kim gəldi, kim getdi. Bu sürətli zaman çərçivəsində dərhal anlaya bilmədiyin şeylər də olur. Məsələn, dostunu, düşmənini ayırd edə bilmirsən. Uşaqlığın gözünün önündə uçub gedir. Həyatla üz-üzə dayanırsan, zamanla, öyrənirsən çətinliyin nə olduğunu, öyrənməlisən də. Səhvlər edirsən və bunun peşmançılığını yaşarkən yeni bir səhvə dəvətnamə göndərirsən. İllər sonra “mən bu vaxtacan nə etmişəm?” deyə özünə hesab verəndə baxırsan ki, sadəcə özünü incitmisən. Bacara biləcəyin hər şeydən qorxmuş, haqqın olan hər şeydən üz çevirmiş, sənin olanlar üçün mübarizə aparmamısan. Bəlkə də sadəcə görməmisən. Deyirlər ki, kaş indiki ağlım və ötən günlərim olaydı. Ancaq hər gələn gün özü də yeniliklər gətirmirmi, yeni şanslar, sevinclər və s. Nədir bəs insanların gözünü bağlayan, əlində olanları görməsinə mane olan? Suala bir çox nöqteyi-nəzərdən cavab vermək olar. Bizsə sadəcə birindən yazmaq istərdik. İnam. İnsanların ən böyük fobiyasıdır inam, inanmaq. Ya inanmazlar qarşılarındakına, onların sözlərinə, ya da özlərinə, ən dəhşətlisi özlərinə inanmamalarıdır. Qadir olduqları gücə inanmazlar, edə biləcəklərinə inanmazlar. Bu da özlərinə edə biləcəkləri ən böyük haqsızlığa səbəb olar.
Bir neçə il öncəki mənə bir üzr borclu deyilikmi buna görə? Bizcə hələ də gec deyilkən, bunu anlaya bilmişkən bu üzrü istəməliyik. Məsələn bir məktubla:

“Əziz, keçmişdəki Mən!
Bilirəm, hər şey üçün çox gecikmişəm, hər şeyi qaydasına qoymaq üçün, nəyisə dəyişmək üçün. Ancaq nə etmək olar daha. Sənə inanmadığım üçün özümü çox günahkar hiss edirəm. Ətrafımdakı hər kəsi səndən çox düşündüyüm üçün, hər kəsə səndən artıq dəyər verdiyim üçün, səni incitmələrinə göz yumub, etiraz etmədiyim üçün bağışla məni. Ən yaxın dostum sənmişsən, gec anladım. Sənin dostun ola bilmədiyimçün, tək qoyduğumçün səni hər çətinlikdə, hər dəfəsində qorxub, “yox, bacarmaram”deyib qaçdığımçün də bağışla məni.
Səndən istəyəcək o qədər üzrüm var ki. Ən böyük üzrü də səndən əsirgədiyim diqqətə görə istəyirəm. Səndən oğurladığım vaxta görə istəyirəm. Sənə o qədər haqsızlıq etmişəm ki... Gözümü sənə bağlayıb, gerçəkləri görməmişəm. Mən səni-özümü görməmişəm.
Məktubu vicdanımı susdurmaq üçün yazmıram. Bu gün əldə etdiyim bütün uğurların səbəbkarı, səndən üzr istəmək üçün yazıram. Səninlə etdiyim hər səhv mənə bu gün xoşbəxtliyin qapılarını açmağa yardım edir. Səninlə öyrəndiyim hər dərs, bu gün həyatın imtahanında sual olaraq qarşıma çıxır. Mənə sadiq dost və səbrli müəllim olduğun üçün, məndən üz döndərmədiyin üçün sənə minnətdaram. Və sənə etdiyim haqsızlıqları daha özümə etməyəcəm. Etməyəcəm ki, gələcək mən bu günkü mənə məktub yazarkən belə təəssüf hiss etməsin. Qürurla, fəxrlə yazsın bu məktubu.
Ümid edirəm ki, məni bağışlayacaqsan...”

Məktubla bərabər həyatda da, beynimizdə də yeni bir səhifə açmış olmalıyıq. Verdiyimiz sözləri tutmalıyıq. Həqiqətən də ilk öncə özümüzdən çəkinməli, özümüzə haqsızlıq etməkdən qorxmalıyıq. Çünki insana ən yaxşı dost da, düşmən də özüdür.

Baxış sayı: 510