BİZ, Baş xəbər
16.11.2015 / 12:27

Terrorda dirilənlər

Terrorda dirilənlər
Təbriz İSLAM / İnform.az


Ancaq çox təəssüflər olsun ki, onlardan bir neçəsi elə o əcnəbi bayrağa bürünərək, yuxuya gedəcək.

Bir çox hallarda belə olur: Ovçu ova gedir, ov edir, şikarı ələ keçirdikdən sonra silahı boşaltmaq yadından çıxır. Silahdan gülləni çıxartmadan evə dönür və silahı evin bir küncünə qoyur. Bir neçə vaxtdan sonra uşaqlardan biri silahla oynayanda silah onun əlində açılır və kimsə bu məsuliyyətsizliyin qurbanı olur. Bir çox hallarda qurban gedən onun öz yaxınlarından biri olur. Ovçu isə ov etməyə tövbə etməkdənsə, hirsini soyutmaq üçün yenə də düşür o yazıq heyvanların canına.

Bəzən isə belə olur: Bir kəndli uşaq həyətdə oynayanda yıxılır və başlayır ağlamağa. Ona qulaq asmırlar. Deyirlər ki, uşaqdır da, ağlayıb dayanacaq onsuz da hər gün yıxılır, öyrəşib artıq. Amma, bir gün həmin evə şəhərdən bir ailə qonaq gəlir. Onların uşağı da oynayanda yıxılır və başlayır ağlamağa. Bu dəfə isə, bütün qohum-qonşu yığılır onun başına və başlayır onu əzizləməyə ki, görəsə nə olub. Birdən bir şey olar ha?!. Hamısı başlayır kəndli uşağı danlamağa ki, onu sən yıxdın. Amma o özü yıxılanda heç kəs ona inanmırdı. Sonda o yazıq kəndli uşağın içində də şübhələr yaranır: Görəsən onu doğrudanmı mən yıxmışam?!

Bunlar bəlkə də bir-birinə ilk baxışdan uyğun gəlməyən fikirlərdir. Ancaq onları birləşdirən bir sıra məqamlar oldu mənim beynimdə.
Paris olaylarından sonra terrorun necə də ağır bir dərd olduğunu anlayan insanlar yaratdı bu fikirləri beynimdə.

Sanki, indiyə kimi bir misal göstərmək üçün terror baş verməmişdi heç bir yerdə. Elə bil, Parisdə dünyanın ilk və ən dəşhətli terroru törədilmişdi. Güya ki, bir ay öncə qardaş Türkiyədə, demək olar ki, hər gün Suriya, İraq, Yəməndə baş verənlərin terrorla heç bir əlaqəsi yox idi. Belə can yandırdı dünya Fransaya. Təbii ki, insan ölümü ən əsası da, günahsız insanın ölümü insanı sarsıtmaya bilməz. Bəs Suriya, Yəmən, İraq, Nigeriya kimi ölkələrin sakinlərinin günahı nədir? Onlara niyə acımırlar? Yoxsa onlarda yuxarıda qeyd elədiyim kəndli uşaq kimi adi qarşılanır!?...
Terrorizm (lat. terror-qorxu, vahimə) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.
Bəli, heç birimiz istəmərik ki, başqası iqtisadi məqsədlərinə çatsın deyə, biz qeyri-qanuni zorun, gücün və hədəninin qurbanı olaq. Amma təəssüf ki, oluruq. Bəli, əslində biz istəmərik ki, haqsız qurban olaq. Bəs niyə oluruq?
Səbəb çoxdur. Hər səbəbin içərisindən bəlkə də, saydıqca da şaxələnərək, o səbəbi təsdiq və inkar edəcək bir neçə yeni səbəblər çıxacaq. Onların içindən də yeniləri. Onların bəzilərini görəcəyik, bəzilərini isə görə bilməyəcəyik.
Elə planlaşdırılmış bir terror kimi, əvvəlcədən yox, yalnız olub keçəndən sonra hiss edə bilərik bunları.
Bəs əvvəlcədən görmək üçün nə etməliyik görəsən?!
Saymqala qurtarmaq olmaz, həm o səbəbləri, həm də bu bəladan yaxamızı qurtarmaq üçün görməli olduğumuz işləri.
Ancaq son anda görə bilirik bu terror törətmək istəyəni, yalnız sonda bilirik ki, kim törətmək istəyir bu haqsızlığı.
Terrorla nə qədər danışsaq da bitməz bu mövzu. Bəli bitməz. Elə terrordan sonra sosial şəbəkələrdə bəzi soydaşlarımızın düşdüyü vəziyyətlə bağlı olduğu kimi. Bilmirəm bu hala onları kim saldı, terrorçular, fransızlar, yoxsa ki, özləri? Bəli əslində onların da bir qismi haqlıdır. Nəzərə alsaq ki, bir necə günahsız insanın ölümünə acıyır onlar. Onda tam haqlıdırlar.
Ancaq bu qədər acıyırıqmı biz günahsız insan ölümünə? Bu qədər insansevərikmi biz? Məncə yox, çünki ən azından öz acılarımıza bu qədər təəssüflənmirik, lakin Parisdə baş verən hadisələrə görə, özümüzü az qalır ki, Fransız-Alman oyununu izləyənlərin yerinə qoyaq. Ataq ki, o terrorçuların qabağına onları öldürmə, gəl bizi öldür. Onlar hələ başımıza açılan müsibətlərdən xəbərdar deyil. Qoy xəbərləri olsun ondan sonra qıyarsınız onlara. Axı bizdə 20 Yanvar, 26 Fevral kimi qırğınlar olanda onların hələ dünyaya çıxışı yox idi. Xəbərləri yox idi ki, Bakıda, Xocalıda nələr baş verir. Qoy onlardan xəbər tutsunlar sonra.
Yox, bu fikirlərlə elə düşünməyin ki, hər hansı bir fransızın və ya almanın ölümünə sevinirəm. Qətiyyən bu belə deyil. Çünki, hələ onlardan da, öyrənəcəyim çox şeylər var. Elmi texnoloji sahədə. Ən əsası isə soyqırımı, faciəmizi tanıtmaq üçün hələ onlardan çox şeylər öyrənməliyik.
Bir daha qeyd edim ki, mən terror qurbanı olan fransızların ölümünə sevinmirəm. Təəssüflənirəm. Ancaq tək ölənlərə görə yox terror günü dirilənlərə də təəssüflənirəm. O dirilənlərə ki, onlar sanki yatmışdılar və ancaq Parisdəki partlayış səslərinə oyandılar. O gün anladılar ki, terror nədir.
Başa düşdülər ki, terror tək müsəlmanlara, türklərə, azərbaycanlılara, ərəblərə qarşı yox, başqalarına qarşı da yönələ bilər.
Hə azərbaycanlılar deyəndə yenə də yadıma soydaşlarımız düşdü. Səhər açılar-açılmaz sosial şəbəkələri Fransa bayrağına boyayan soydaşlarımız.
O Fransanın bayrağına ki, o hələ də Xocalı soyqırımını tanımaq istəmir. O Fransa bayrağına ki, Xocalıdakı qanın iyi burnumuzdan getməmiş tələf olmuş erməniləri soyqrım qurbanları kimi qəbul edib.

Düzdür bunun arxasında siyasi faktorlar da dayanır. Ona görə də, gəlin hamımız siyasətçi olmayaq. Lakin, hərdən milli maraqları qorumağı da unutmayaq. Bir az da özümüzü fikirləşək, öz günümüzə ağlayaq. İnanın ki, bu fransız bayrağına “bürünənlər” arasında elələri var ki, Xocalı soyqırımı günü də, profilində lüt və ya yarıçılpaq qız şəkilləri, nə bilim Eyfel qülləsi və başqa nələri paylaşacaqlar.

Bəli, düz oxudunuz: Lüt qız şəkilləri amma, Xocalıda ermənilər tərəfindən şaxtalı havada zorlanmaq üçün soyundurulan qız şəklini yox, bəlkə də hər hansı azərbaycanlının cibinin puluna soyunan fransız qızınını şəklini. Həə, onlar arasında beləcə lütü-lütdən, qızı-qızdan terroru isə terrordan seçə bilməyən insanlar da var. O insanlar ki, təsadüfən nə vaxtsa burnuna Xocalı qanının qoxusu gələndə onu özünə rəva bilməyib tez fransız ətiri ilə yox edir.

Yox, onların hamısı Xocalı qanından qorxub, utananlardan deyil. Yəni, hamısı elə düşüncəsiz deyil o bayrağa bürünənlərin. Onların içərsində insanlıq üçün, sülh üçün çağırış edənlər də var. Bəlkə də, onların bəziləri terror günü həlak olan insanların dost və tanışlarıdır . Başqa biri isə, Fransadakı terrora acıyaraq, sabah da, Xocalı soyqırımını fransıza tanıtmaq istəyir.
Kimi isə, növbəti gün o bayrağı dəyişərək, öz bayrağımıza, doğma üç rəngli bayrağımızla sarılacaq.
Ancaq çox təəssüflər olsun ki, onlardan bir neçəsi elə o əcnəbi bayrağa bürünərək, yuxuya gedəcək. Onlar isə ancaq özləri terror qurbanı olanda ayılacaqlar. Onda isə gec olacaq. Elə isə nə qədər ki, silahın gülləsi özümüzə dəyməyib silahı boşaldıb yerinə qoyaq.

Sonda isə 20 yanvar, 26 fevral, 31 mart, 11 sentyabr və 13 noyabrda qurban getməsindən asılı olmayaraq, bütün terror və soyqırım qurbanlarına Allahdan rəhmət diləyirəm!!!

Baxış sayı: 580