Araşdırma
15.11.2015 / 13:00

Murtuza Muxtarovun ixtiraları

Murtuza Muxtarovun ixtiraları
1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində doğulan Murtuza Muxtarov kiçik yaşlarından qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə Bakıdan Tiflisə kirayə yük daşıyırmış.
1874-cü ildə arabasını satmaq qərarına gələn Murtuza Balaxanı və Zabrat kəndləri yörəsində salınan mədənlərin birində fəhləliyə başlamağa məcbur olur. Bu ağır dönəmində Martov adlı bir sahibkar Murtuzadakı güclü iradəni dəyərləndirərək ona mexaniki alət və cihazların sirrini öyrədir və qısa müddət sonra onu usta təyin edir. Az sonra isə Martov mədən emalatxanasını Murtuza Muxtarova satır.
Murtuza Muxtarov texnikaya yaradıcı şəkildə diqqət yetirərdi və bu minvalla yarımexanikiləşdirilmiş “Molt” dəzgahında bir neçə dəyişiklik edir. Sahibkar Martov artıq yaşlanmışdı və Zabratdakı qazma avadanlığı, emalatxanasını da satmaq qərarına gəlmişdi. O zaman Murtuza Muxtarovun ciddi uğurlarını və yenilikci potensialını görən bütün Əmircan əhalisi pul yığaraq öz həmyerlilərinə dəstək olur. Murtuza da elin ona etimadını doğruldaraq gecə-gündüz çalışır, xilasetmə ustası kimi də tanınmağa başlayır. Səmərəliliyi artırmaq məqsədilə əlavə məsrəflərə girərək mühəndisləri maddi cəhətdən təmin edib, öz savadını və texniki biliyini dövrün tələbinə uyğun artırır, hətta layihə çəkib sex qurmağı da öyrənir.
Bu qəbildən olan səbəblərə görə də, Muxtarovun adı daha çox Bakıda neftçıxarma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərinin təkmilləşdirilməsini onun kimi dərindən bilən ikinci bir sahibkar yox idi.
Xüsusi mədənlərə də sahib olan Murtuza Muxtarovun 1890-cı ildə yaratdığı “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynayıb. Təsadüfi deyil ki, elektrik qatarı ilə Bakıdan Buzovna istiqamətinə gedərkən Sabunçudan sonrakı ilk dayanacaq onun adı ilə “Muxtarovka” adlanır. Həmin dayanacağın yan-yörəsində bütün neft quyuları vaxtilə ona məxsus olub. Dünyada ilk dəfə 1895-ci ildə Murtuza Muxtarov metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırıb və “Bakı qazma sistemi” adlandırdığı bu ixtirası üçün də dövlətdən müəllif haqqı alıb. Onun bir sıra başqa ixtiraları da var.
Murtuza Muxtarov XIX əsrin axırlarında həmin dövrdə ilk neft avadanlığı müəssisəsi sayılan Bibiheybətdəki qazma avadanlığı müəssisəsini də işə salmışdı. O, zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirirdi. Murtuza Muxtarovun 1917-ci ildə ilk dəfə ixtira etdiyi taxtayonan dəzgah isə hazırda Sankt-Peterburuq şəhərindəki Dağ-Mədən İnstitutunda saxlanır. Onun zavodunun buraxdığı dəzgah və avadanlıq xarici ölkələrə satıldığı kimi, özü də xarici ölkələrdən, başlıcası isə ABŞ-dan çoxlu avadanlıq alırdı. 1917-ci ilin oktyabrındakı çevrilişdən sonra da xarici ölkələrdən Bakıya, onun adına avadanlıq göndərilirdi...
AMEA-nın tarixçi-eksperti Kamran İsmayılov Murtuza Muxtarovun Azərbaycan çərçivəsini aşan digər fəaliyətləri haqda tarixi faktları diqqətə çatdırır: “Murtuza Muxtarovun müəssisələri Bakıdan kənarda, Maykop və Qroznıda neft mədən sahibləri ilə müqavilə bağlayıb onların ərazilərində neft çıxarmaq üçün quyular qazırdı. Özü isə kənar zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələrə malik idi, tez-tez Şimali Qafqaza səfər edirdi.
Murtuza Muxtarovdan müxtəlif ölkələrin ərazilərində əzəmətli binalar da miras qalıb. Bakı və ətrafında, Rusiya və Avropanın bəzi şəhərlərində indiyədək qorunub saxlanmış bir çox bina onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi iki qatlı minarəyə malik, iki eyvanlı məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır”.
Şüvəlanda Mayak, Abşeronda 17 bina, Əmircan kəndində məktəb, Pirhəsəndə (Mərdəkan ərazisi) Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində bəzi gözəgəlimli arxitekturaya malik, yaraşıqlı binalar Murtuza Muxtarov tərəfindən inşa etdirilib.
Murtuza Muxtarov Bakıdakı xeyriyyə cəmiyyətlərinin böyük əksəriyyətinin fəaliyyətində də yaxından iştirak edir və onlara maddi köməyini əsirgəmirdi.
O, Bakı real məktəbinin, Şimali Qafqazda Temirxan-Şuranın qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin və Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərir. Həmçinin ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 nəfərlik təqaüdün təsisçisi idi. Murtuza Muxtarov Qərbi Avropa mədəniyyətinin pərəstişkarı kimi cəmiyyətdə xurafata qarşı mübarizə aparır, bu məqsədlə Bakıda “Tərəqqi” qəzeti nəşr etdirir, məktəblər tikdirirdi. /mənbə: baki-baku.az/

İnform.az

Baxış sayı: 813