Sosial
15.11.2015 / 08:47

Son 4 ildə Füzulidə 100 mindən çox ağac əkilib

Son 4 ildə Füzulidə 100 mindən çox ağac əkilib “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə ötən ilin noyabr ayından ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Füzuli rayonunda ağacəkmə aksiyaları davam etdirilir.

İnform.az "AZƏRTAC"-a istinadla xəbər verir ki, Horadiz şəhərində növbəti ağacəkmə aksiyası keçirilib. Ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər. Aksiya zamanı yeni salınmış Gənclər prospekti boyunca həmişəyaşıl ağac və gül kolları əkilib. Ağac əkilən ərazilərdə təmizlik işləri görülüb, ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilib.

Ümumilikdə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 1 il ərzində Horadiz şəhərində, Zobucuq, Qayıdış qəsəbələrində, Arayatılı, Babı, Mollaməhərrəmli, Kürdmahmudlu, Kərimbəyli və digər kəndlərdə 12 mindən artıq müxtəlif növ ağac, o cümlədən 6500-ə yaxın çinar, Eldar şamı, sərv və digər həmişəyaşıl ağaclar əkilib.

Son 4 il ərzində isə rayonun yaşayış məntəqələrində 80 mindən artıq müxtəlif növ həmişəyaşıl və meyvə ağacları, 20 mindən çox çinar, 120 min ədəd qızılgül kolları əkilib. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədilə yerli ağac növləri ilə yanaşı, xarici ölkələrdən nadir gül və ağac kolları da gətirilib.

Baxış sayı: 268