Baş xəbər, Araşdırma
14.11.2015 / 16:36

Cordano Bruno nə üçün yandırılıb?

Cordano Bruno nə üçün yandırılıb?

Cordano Brunonu alim adlandırmaq yanlışlıqdır. Hər halda elmi həqiqət heç vaxt onun ciddi maraq obyekti olmayıb. Bununla bərabər istər sağlığında, istərsə də ölümündən sonra C.Brunonun ideyaları elmi dairələrdə hələ də güclü tərəfdaş toplaya bilməyib. Səbəb isə çox sadədir: Cordano Bruno nə riyaziyyatçı, nə də ki astronom idi, təbiət elmlərindən isə yalnız müəyyən dərəcədə başı çıxırdı.
Brunonun əsərləri ilə tanış olmaq qərarına gələnlər onların heç bir elmi əsasının olmadığını dərhal hiss edərlər. O öz əsərlərində nə bir düsturdan, nə də ki, bir sxemdən istifadə etmişdir. XVI-XVII əsrlərdə alimlərin istifadə etdiyi dialektik metod və problemə rasional elmi yanaşma Brunoya tamamilə yabançıdır. “Təbiət qanunlarını tədqiq edən” bu şəxsin “elmi” metodologiyası hətta antik dövr alimlərinin qurmalarından da zəifdir. Onun metodu - poetik ilham, poetik obrazlar və fəlsəfi ritorika metodudur ki, burada da mistika və panteizm elementləri xeyli üstünlük təşkil edir.
C.Bruno üç Allahın mövcud olduğunu iddia edirdi: Kainatı yaradan - birinci Allah, bütün dünya - ikinci Allah, insan isə üçüncü Allahdır. İnsan ruhunun cövlan edə biləcəyi dünyaların sayı çoxdur. Əsərlərində bu və digər psevdo-dini nəzəriyyələri inkişaf etdirmək, özünün heç də elmi xarakter daşımayan nəzəriyyələrini əsaslandırmaq məqsədilə Kopernikin təlimindən istifadə etmiş, lakin elə bununla da təlimi təhrif olunmuş şəkildə şərh etmişdir.
Dəqiq söyləsək, C. Bruno Kopernikin ideyalarını fəlsəfi araşdırmalar vasitəsinə çevirməklə, həmin ideyaları sadəcə olaraq hörmətdən salmışdır. Katolik Kilsəsi Kopernikin nəzəriyyəsini 1512-ci ildən başlayaraq, bir əsr ərzində tamamilə sakit qarşılayırdı. Əslində 1616-cı ildə bu nəzəriyyənin pislənilməsi məhz C.Bruno ilə əlaqədardır. O, ciddi elmi konsepsiya əsasında qeyri-elmi məzmunlu fəlsəfi və xristianlığa zidd nəticələr çıxarmaq mümkün olduğunu göstərmişdir.
Cordano Bruno (1548-1600). Bu mütəfəkkir 1600-cü il fevralın 17-də Romada Çiçəklər meydanında yandırıldı. Onun bu cəzaya məhkum edilməsinə səbəb nə olub? Onun elmi baxışları? Əlbəttə ki xeyr, ona görə ki, bu italyalı mütəfəkkirinin ideyalarını nəinki müasir, hətta XVI əsr elminin meyarları üzrə yanaşsaq bunların elmə heç bir aidiyyatı olmadığını sübut etmiş olarıq. Brunonun adının bu günə qədər məşhur olması isə ilk növbədə onun həyatının faciəli finalı ilə bağlıdır. Tam məsuliyyətlə demək olar ki, o özünün elmi baxışlarına və kəşflərinə görə cəzalandırılmayıb. Bu zaman yeni sual doğur-niyə? Cavab isə çox sadədir. Onun nə elmi baxışları, nə də dünyanı və elm aləmini silkələyəcək kəşfləri olub!
Əslində bu italiyalı mütəfəkkir alim yox, ilahiyyatçı filosof idi. Təbii-elmi kəşflər isə onu, ilk növbədə, həyatın məğzini, kainatın mövcudluğunun mənasını və əsla elmi xarakter daşımayan digər məsələlər barəsində baxışlarını təsdiqləmək vasitəsi kimi maraqlandırırdı.
Əvvələn, ondan başlayaq ki, o dövrün alimlərinin istifadə etdiyi dialektik metodlar - sxolastika və riyazi metod Brunoya məlum idi. Amma ən maraqlı məqam odur ki, o, həmin metodlara ikrah hissi ilə yanaşırdı. Bəs, bunların əvəzində o özü nə təklif edirdi? Bruno öz fikirlərini ciddi elmi traktatlar şəklinə salmaq əvəzinə, onların poetik və obrazlı formasına, ritorik gözəlliyinə üstünlük verirdi. Ona görə, ən dəqiq və ən həyati elm magiya idi! Onun metodologiyasının meyarları poetik vəznlər və lull incəsənətində özünə yer edirdi. Brunonun fəlsəfəsi isə çox vaxt bir-biri ilə zəif əlaqələndirilmiş ədəbi motivlərin və fəlsəfi mühakimələrin özünəməxsus məcmusu idi. Buna görə də təəccüblü deyildir ki, Qalileo Qaliley Brunonu heç vaxt alim, xüsusən astronom hesab etməyib. Qaliley əsərlərində Brunonun adını çəkməyi belə özünə rəva bilmirdi.
Adətən belə hesab edilir ki, Brunonun baxışları Kopernik ideyalarının davamıdır. Lakin faktlar göstərir ki, o, Kopernikin təlimi ilə yalnız səthi tanış olmuş, polyak alimin əsərlərinin şərhində isə kobud səhvlərə yol vermişdir. Əlbəttə, Kopernikin heliosentrizm nəzəriyyəsi Brunonun baxışlarının formalaşmasına böyük təsir göstərib. Lakin artıq qeyd etdiyimiz kimi, Bruno Kopernikin ideyalarını asanlıqla və cəsarətlə interpretasiya edir, öz fikirlərinə müəyyən poetik forma verirdi. Bruno iddia edirdi ki, Kainat sonsuzdur və əbədi mövcuddur. Kainatda sonsuz sayda dünyalar var və bu dünyaların hər biri quruluşuna görə Kopernikin Günəş sistemini xatırladır.
Onun sonsuzluğu məsələsində Kopernik ifrat dərəcədə ehtiyatlılıq edir, bu məsələsini nəzərdən keçirməkdən imtina edirdi. Bruno isə bu məsələdə Kopernikdən xeyli irəli gedirdi. Lakin Brunonun cəsarəti onun ideyalarının elmi cəhətdən təsdiqlənməsinə deyil, həmin dövrdə çox populyar olan hermetizm ideyalarının təsiri altında formalaşmış okkult-magik dünya baxışına əsaslanırdı. Məsələn, hermetizmə görə təkcə insan deyil, dünyanı da ilahiləşdirmək qəbul edilib. Buna görə də Brunonun dünyagörüşünü çox vaxt panteistik dünyagörüşü kimi səciyyələndirirlər (panteizm dini təlimdir, bu təlimə görə maddi dünya ilahiləşdirilir). Beləliklə, Brunonu nəinki alim, hətta Kopernik təlimini populyarlaşdıran şəxs də adlandırmaq olmaz. Məsələyə xalis elmi baxımdan yanaşsaq, o Kopernikin ideyalarını magik xurafat dilində ifadə etməyə çalışmaqla əslində həmin ideyaları hörmətdən salıb. Bu isə, labüd olaraq, ideyanın təhrif edilməsinə gətirib çıxarır, onun elmi məzmununu və elmi dəyərini isə heçə endirirdi.
Bruno özü heç bir elmi nəticə əldə etməyib, onun “Kopernikin xeyrinə” arqumentləri isə yalnız müəllifin nadanlığını nümayiş etdirən mənasız sözlər toplusu idi.
Nolaniyalı magiya ilə ciddi maraqlanır və hər şeydən göründüyü kimi, magiya sənətini praktikada fəal tətbiq edirdi. Buna görə də Katolik Kilsəsi ilə onun arasında münaqişə yaranmaya bilməzdi. Bütün bunlara əsasən qətiyyətlə demək olar ki, Cordano Brunonun baxışlarını elmlə əlaqələndirmək düzgün deyil. Buna görə də Roma ilə onun münaqişəsində dinin elmə qarşı mübarizəsi elementləri olmayıb və ola da bilməzdi. Bütün bunlarla yanaşı, Bruno fəlsəfəsinin dünyagörüşünün əsasları xristian dünyagörüşündən çox uzaqdır. Kilsənin nəzərində Bruno kafir idi, kafirləri isə o dövrdə yandırırdılar.
Əgər həmin dövrə nəzər yetirsək görərik ki, o dövrdə ki mütəfəkkirlər də Kilsə ilə münaqişə vəziyyətində olublar. Brunonun həmin mütəfəkkirlərdən əsas fərqi ondan ibarətdir ki, o, şüurlu şəkildə xristianlığa zidd və kilsəyə qarşı yönəlmiş mövqedən çıxış edirdi. Bruno mütəfəkkir alim kimi deyil, qaçqın rahib və dinsiz kafir kimi mühakimə edilib. Onun işi üzrə materialları araşdırdıqda məlum olur ki, o, heç kəslə işi olmayan filosof deyil, Kilsənin şüurlu və fəal düşməni olub. Məsələyə Qaliley heç vaxt kilsə ilə özünün məxsusi elmi baxışları arasında seçim qarşısında qalmayıb, Bruno isə artıq öz seçimini etmişdi. O, dünya, Allah və insan haqqında Kilsənin təlimi ilə özünün “fədakar təşəbbüs” və “şübhə fəlsəfəsi” adlandırdığı dini-fəlsəfi təsəvvürlər arasında seçim etmişdir. Əgər Bruno “azad filosof” deyil, alim olsaydı, Roma taxt-tacı ilə problemlərdən yaxa qurtara bilərdi. Təbiətşünaslıq da məhz ondan təbiətin öyrənilməsində poetik ilhama, magik sehrlərə deyil, ciddi rasional qurmalara əsaslanmağı tələb edirdi.
Beləliklə yuxarıda yazılanlardan ən son belə nəticəyə gəlmək olar ki, Bruno özünün elmi baxışlarına görə yox, tamam başqa səbəblərlə əlaqədar olaraq edam edilib.

Rauf Ağayev

Baxış sayı: 398