Elm-təhsil
14.11.2015 / 15:06

Texnologiya Universitetində elmi-praktik konfrans keçirilib

Texnologiya Universitetində elmi-praktik konfrans keçirilib
Gəncədə Azərbaycan Texnologiya Universitetinin 45 illik yubileyinə həsr olunan “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda yerli və xarici qonaqlar, elm xadimləri, ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
İnform.az Kəpəz.tv-yə istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan Universitetin rektoru Akif Süleymanov ali təhsil ocağının inkişaf yolu barədə məlumat verib. Qeyd olunub ki, 45 il əvvəl Azərbaycan Politexnik İnstitutunun filialı kimi fəaliyyətə başlayan bu ali təhsil ocağı 1981-ci ildə instituta, 2000-ci ildə isə universitetə çevrilib. Hazırda 4 fakültədə 21 ixtisas üzrə 2500-ə qədər tələbə və magistrantın təhsil aldığı ATU-da 240 nəfərlik professor-müəllim heyəti çalışır.
Vüqar İsmayılov -Azərbaycan Texnologiya Universitetinin prorektoru: "Əsasən sənaye şəhəri olan Gəncədə belə bir universitetin açılması və 45 il uğurla fəaliyyət göstərməsi ali təhsil ocağında sağlam kadrların yetişdirilməsində öz bəhrəsini verib".
Konfransda Azərbaycanda, eləcə də bütün Qafqazda yeyinti və yüngül sənaye sahəsi üzrə mühəndis-texnoloq və mühəndis-mexaniklər hazırlayan universitetin profilini genişləndiriləcəyi də vurğulanıb. Daha sonra dövlət qurumları və özəl sektorda mühüm vəzifələrdə çalışan universitet məzunları çıxış ediblər. Konfrans çərçivəsində ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İlyas Ciloğlu -Beybəlxalq Qara dəniz Universitetinin rektoru: "2 universitet arasında olan əlaqələr və bu ali təhsil ocaqlarının bir- birilə qarşılıqlı edəcəyi konfranslar, tələbə mübadiləsi hər ikimizə böyük uğurlar gətirəcək”.
Sonda tədbir iştiraçılarına universitetin xatirə hədiyyələri təqdim olunub.

Baxış sayı: 458