Şərhlər
13.11.2015 / 17:30

Avtovağzalın vəziyyəti ruscadı

Avtovağzalın vəziyyəti ruscadı
Günay NOVRUZ / İnform.az


Yollar, sizdə izim qalıb, bilirəm. Amma sizin də mənim təkərlərimdə iziniz qalıb. Hər gün bir xəta çıxır bizim yollardan. Qərara gəldim ki, yollarımızın düzələcəyi gün nəzir paylayım və elə həmin gün də maşının “peridok”nu (maşının ön işlək hissəsini) yığdırım...
Uşaqlıqdan fikirləşirdim ki, görəsən sürücülər yol gedən yerdə niyə qəfildən əyləci basır və qəza törədir. Özüm sürücü olanda isə ilk olaraq mənə yolun içindəki qarşıma çıxan qəfil çuxurlardan qaçmağı öyrətdilər. Düzünü deyim bir il mən də çuxurdan qaça bilmədim və dəfələrlə də qəza şəraiti törətdim. Allah saxladı. İndi nisbətən də olsa çuxurlardan qaçmağı bacarıram - demək olar. Hətta Bakı Beynəlxalq Avtovağzal Kompleksinə də aradabir maşın sürürəm. Qapıya çatar-çatmaz buranın “Motodrom” olduğu vaxtlar yadıma düşür və şükür Allaha, buralar belə gözəlləşib deyib, başımı qaldırıb məni salamlayan ifadəni oxuyuram, yazılıb “Xoş gəlmisiz”... - gözəldi, yola davam edirəm. Bəzi rayon və bəzi şəhərdaxili hərəkət edən marşrutlar tərəfə yollanıram, qapıya bənzər bir keçid keçməliyəm, əvvəllər burada qapını əvəz edən əllə tutlan zəncir var idi, indi isə “şlaqbaum” quraşdırılıb. “Şlaqbaum”un yanında da yalan olmasın dörd, beş nəfər dayanıb. Qəfildən mənə elə gəlir ki, hansısa gömrük postundayam. Xülasə, məcburi bir kağız verilir mənə ki, qapıdan çıxanda ödəniş etməlisən. Düzünü deyim, anlamıram. Avtovağzal Kompleksinə giriş niyə pulludu? Əlacsız, qondarma kağızı götürüb gedirəm maşının “peridok”un “dağıtmağa”. O çuxura düşür, bu çuxurdan qaçıram, hətta az qalır ki, marşrut avtobusları ilə də toqquşum. Yenə Allah saxlayır və qərara gəlirəm ki, elə yenə də vəziyyət bizlikdi. Buralar "M Trans" MMC-nin nəzarətində olduğundan onlara iki sualla müraciət etmək istəyirəm.
1. Giriş niyə pulludur?
2. “Çuxurlar” niyə dərindir?

Beləcə 4997038 nömrəsinə zəng edirəm. Telefona cavab verən xanım mənə 4997044 nömrəli əlaqə nömrəsin verib deyir: “Şöbə müdiri ilə danışın”. Zəng edirəm, şöbə müdiri isə “4997102 bizim rəhbərliyin nömrəsidi” deyir. Rəhbərliyin nömrəsindən isə əvvəlcədən səsi yazılmış bir xanım cavab verir və deyir ki, “biz sizə bu dəqiqə cavab verə bilmirik, ya bizə faks yollayın, da ki, sonra zəng edin”. Bütün bunlar bəlkə də normal haldı. Rəhbərlik hər gün, hər saat işdə olmaya bilər, amma mənə daha bir hal maraqlı gəldi. Bakı Beynəlxalq Avtovağzalının nömrəsində əvvəlcədən səsi yazılmış xanım niyə rus dilində danışırdı???
Beləcə üç sual cavabsız qalır. Dəfələrlə rəhbərliyin nömrəsinə zəng etsəm də, eyni halla rastlaşdım. İndi hər bir Bakı sakini kimi mən də əminəm ki, bütün nağılların sonundakı hadisə baş verəcək. Göydən üç alma düşəcək. Üç sualım cavabsız qalsa da, avtovağzalın rəhbərliyi bir gün bizim bu yazımızı oxuyub, qapıdan “şlaqbaum”un götürülməsi, çuxurların doldurulması və o rus dilli xanımın doğma dilimizdə danışdırılması ilə özünün rəhbərlik kürsüsündən bizə üç alma yollayacaq.

Baxış sayı: 813