Şərhlər
13.11.2015 / 15:38

Ayrılığa yem olan Təbriz

Ayrılığa yem olan Təbriz
Xanəmir TELMANOĞLU / İnform.az



Ey dili qafil fil faili məchul fani f...
Bu yay eləmə tənbəllik, bir dostlumla düşdük yola, gəlib çatdıq şəhri - Tiflisə. Tiflis demə, adını tutanda adamın içi oynayır. Niyə Sumqayıt deyəndə o hisslər yaranmır, ancaq Dərbənd, Təbriz, Xoy, Ərdəbil, İrəvan, Gəncə, Şirvan, Şuşa... deyəndə adamın, elə mənim içim qaynayır. Torpaq sənin adına ola bilər, xəritədə sənin mülkün sayıla bilər. Ancaq o torpağın ruhunu hiss etməyəndə, enerjisini duymayanda, o torpaq nə sənin olur, nə başqasının. Uzaq başı yer kürəsinin artıq parçasına çevrilmiş sayılır. Ancaq Allah hər zərrəni, hər damlanı, hər tozu, hər çöpü öz hesab - kitabıyla gərəkli bilib yaratdığından, sənin, mənim boş saydığımız, bizə yaşam verməyən torpaq da, kimlərəsə sonsuz güc verə bilər. Məsələn, ermənilər Qarabağa ona görə göz dikiblər ki, birincisi, biz türklər bu torpağı genetikamıza köçürmüşük. İkincisi, o torpaq bizim sevgi, eşq dünyamızın bir parçasıdır. Üçüncüsü, bu torpaq bizim mədəniyyət anlayışımızın alt yapısını oluşdurur. Dördüncüsü isə, ermənilərin bizimlə bağlı etnik təəssüratları şüuraltı olaraq bu torpaqdan, Qarabağdan keçir və Qarabağ adlı bir energetikayla şəkillənir. Digər bir nünas, ermənilər Qarabağ torpağından aldıqları gücü, heç nədən, heç bir yaşamdan, heç bir tarixdən, mədəniyyətdən, heç bir sehirli-sehirsiz gücdən ala bilmirlər. Yer üzündə Qarabağ tək və tək torpaq parçasıdır ki, ərazidir ki, millətlər, etnoslar üçün deyil, məhz insanlıq üçündür. Kim sahib çıxarsa, gücünü ona verir. Bəzi ərazilər var, İbn Xəldun yazır ki, o ərazilər torpaq deyil əsla. Onları Allah torpaq şəklində, ərazi şəklində yaratmışdır. O ərazilər, gerçəkdən, insan ruhunun pərvəriş tapması, insan ruhuna xeyirxah qüvvələrin yaxın olması, insan nəslinin əldə elədiyi mənəvi varidatı gələcək nəsillərə ötürməsi baxımından, ən çevik və ən uyğun güc mənbəyi və güc vasitəsidir. Qarabağ ərazi və torpaq deyil, Uca Yaradıcı gücün yer üzündəki xeyir mələklərini səfərbər edib həqiqəti ortaya çıxardığı münbit nöqtədir, insan genetikasının pozulmaz prespektivini istifadəyə sunduğu istiqamətdir, həm də Qarabağ torpaq, ərazi olmaqdan qurtulmuş gələcək sivilizasiyalara qucaq açmaq üçün maya, ehtiyat saxlanılan Tanrısal qutdur.
Bəs Təbriz?! Tiflis deyəndə içim açılır, Təbriz deyəndə az qalır dodağım çat-çat olsun. Məni gerçəkdən gizli bir həyəcan basır. Bu həyəcandan yaranan istilik bədənim boyunca bir gəşt edir ki, gəl görəsən. Bütün damarlarım açılır, qanımın az qala səsini eşitməyə başlayıram. Bu zaman içimə dönük bir yol uzandığını görüb, nağıllar uşağı olduğumu danmıram, inkar etmirəm. O ki, iç, içəridən söhbəti düşdü, o zaman orda ilk görünən şəhərlər şəhəri Təbrizi görməzlikdən gəlmək adamın adının ya nadan, ya da kor olmasına dəlalət edər. Mən nə nadanam, nə də kor.
Deyirlər, Təbrizdə, Güney Azərbaycanda oyanış yenə başlayıb. Hərdən, 3-4 sənədən bir bu sözü eşitməli olmuşuq. Həm sevinməli, həm də kədərlənməlidir. Çünki oyanış sevinc gətirər, ancaq işin içində iş olanda, bir ingilis, rus, yəhudi barmağı olanda, hər şey alt-üst olmazmı? Dəyən ziyanlar, zərbələr də bizə dəyməzmi?
Azərbaycanlılar dünyada tək millətdir ki, iki vətənə sahibdir. Azərbaycanlı insanının birə yetən yerdə iki vətəni var. Bu oyanışlar, bu səs-küylər, bu dalğalar, bu hərəkatların da əsas məqsədi iki olan vətənimizi bir etməkdir. Allahı bir olanın, Vətən bir, iman bir, din bir, dili də bir olar. Allahımız bir olub, Vətənimiz və dilimiz bir olmayanda, Allahla millət arasında ağılalmaz sorunlar, problemlər çıxır, yaşanılır. Biz də istəyirik ki, dünyanın qəbul elədiyi düsturu biz də vətənimizə, əqidə və imanımıza tətbiq edək. Biz də istəyirik ki, vətənimizin birliyini riyazi dəqiqliyə, düstura sınaq üçün deyil, nəticə üçün buraxaq. Biz də istəyirik ki, o tayla bu tayı toplayıb cəm alaq, cəm olaq. Biz Azərbaycanlılar əsrlərdir cəm ola bilməmişik, daha çox pərakəndə şəklində dünya həyatımızı, ideoloji həyatımızı yaşamalı olmuşuq. Biz əsrlərdir ayrılıqlarda, parçalanışlarda yaşadığımız həyatımızı, ömrümüzü, taleyimizi indi qovuşmaqda, cəmlikdə yaşamaq istəyirik. Bir az da bizlər ayrılıqları dincə buraxaq, bir az da ayrılıqlara biz özgürlük verək, bir az da ayrılıqları azad edə bilək. Bu pisdirmi, bu yanlışdırmı? Qoy, o ayrılıqlar, bir az da başqalarıyla simsar olsun. Bizdən başqası yoxdurmu bu dünyada ayrılıq gəzdirən, ayrılıq dolandıran, ayrılıq çəkən?! Biz ki, ayrılığı özəlləşdirməmişik?! Biz ki, ayrılıqla əhdi-peyman bağlamamışıq? Bizdə nə görüb ki, əsrlərdir yapışıb da ruhumuzdan qopmaq bilmir.
Yox, deyəsən, ayrılıqla da ayrılmağın zamanı gəlir... Allahın və Dostlarının və dostlarımızın dediyi olsun. Amin...

Baxış sayı: 557