Şərhlər
13.11.2015 / 11:08

Allaha yenilmiş türkəm

Allaha yenilmiş türkəm
Ayişə NƏBİ / İnform.az

Dilimizdə bəzi sözlər var ki, onları deyərkən dilimizin ahəng qanununu pozuruq. Olsun, daim günah axtarmağa pərgar olsaq da, burada günah tapmırıq, çünki bəzi qanunlar elə pozulmaq üçündür. Belə sözlərdən biri də etiraf sözüdür. Bu həm dilimizə çətin yatır, həm də beynimizə çətin batır. Yəni bu etiraf biz az qəliz məsələdir. Bu sözü deyərkən dilimiz ahəng qanunundan çıxaraq səsimizi dalğalandırır, səsimiz bir aşağı, bir yuxarı əyilərək dalğalı bir xətt çəkir və biz də bu dalğalanmanın təsirindən demək istədiyimiz fikirdən yayınırıq. Bax, elə bunu deyərkən belə mən əsl deyəcəyim sözdən yayındım.
Hə, onu deyirdim axı, “etiraf” bizim dildə boynuna almaq deməkdir ki, bu da çətin məsələdir. Boyun yük götürmək istəməz. Bəzən isə boyun yük götürür, tük götürmür, yəni boyun ağır-ağır yükləri daşımağa qadir olur, ancaq çox incə, tük qədər bir məsələdən boyun qaçırır. Bu tük kimi yüngül (söz kimi ağır) məsələnin ağırlığına dözmür.
Ümumi danışırıq, bəs, yaxşı, hər kəs hər şeyi etiraf edib boynuna alırmı? Məsələn, mən boynuma alırammı? Alıram desəm, ikinci mənlik o yandan durub cavab verir ki, sən kimsən, deyirəm, mən bir türk övladıyam. Deyir, sən əzəmətli, məğrur, uca türk millətinin övladısan, bəs sənin qürurun hanı, niyə geridə qalmış, bədəvi çöl ərəbinin dininə əyildin? Boynuna al ki, məğlubsan, tarixə meydan oxuyan türk milləti dəvə zınqırovuna ritm tutan ərəbə yenilmişdir. Boynuna al ki, uduzmusan və tarixin bilinməyən bir sonsuzluğuna qədər boyunduruq altındasan.
Boynuma alıram, bunu boynuna almaq, etiraf etmək, həzm etmək çətindir. Boynuma alıram, çöl ərəbinin dininə girmişik və öz səmavi dinimizdən ayrılmışıq. Boynuma alıram ki, bunu mən də düşündüm, ancaq bir tərəfdən də qorxdum. Qorxdum ki, ərəbi düşünmək Allahı unutdurar, beynimiz bir nizama girmişkən zamanın o üzünə qayıdıb yenidən mənəvi təlatümlər yaşayarıq və burada kim uduzar, kim udar, bəlli deyil.
Bu gün dünya, dünyanın içindəkilər üstünə “min atlı axınlarla gəlir”kən “nəfsini bir şeylə məşğul et, yoxsa o səni məşğul edəcək” (Həllac). Doğrudan da, ərəbi düşündükcə Allahı unudursan, maraqlanmağa başlayırsan, elə maraq ucbatından “Adəm bir buğdaya satdı cənnəti...” (İsmayıl Haqqı), əvəzində nə qazandı, bir dünya məşəqqəti.
Düşünürük, araşdırırıq, bəli, “Alim təftiş edir, arif isə qəlbini parlatmağa çalışır” (hədis). Biz təftiş edərək Allaha sahib çıxmağa çalışırıq, hələ də ərəbin Allahı, yəhudinin Allahı, türkün Allahı deyə Allahı millətlərə, irqlərə bölürük. “Elm bir nöqtə idi, insanlar onu parçaladı”(hədis), ancaq hökm edə bilmədi. Parçalanmış elmin hər qırıntısı bir yanda ilan kimi qıvrılıb sancmağa hazırdır. “Millətlərə bölünmüş” Allahın biz harasında qərar tuta bilərik. Milli kimliyimizi, əslimizi unutmuruq, qanımızın özəl bir qan olduğunu, əsilliyini bilirik. Qədimlərimiz göy əsillisiniz dedilər, biz də buna inandıq, “ərəbin Allahı” da göylü olduğundan ona inandıq, qürur məsələsi etmədik.
Türklər öz inanclarına görə göy Tanrıya tapınırdılar, onları birləşdirən ortaq cəhət hər ikisinin Allahının göydə olmağı, göylə təması və həyatlarının mənəvi olaraq göylə tənzimlənməsidir. Türk öz dinindən əvvəl elə özünün əcdadının göydən gəldiyini, onları göyün idarə etdiyini və gələcək talelərinin də göydən asılı olduğuna inanırdı. Ölkələr fəth edən, dünyaya hökm etməyə iddia edəcək qədər cəsarəti onların barbarlığında gəlmirdi. Bu, təbii ki, barbarın əli qılınc tutar, amma ruhani-mənəvi alt qurumu olmadığından qələbə olmaz, olsa da keçici olar. Necə ki, qədim qəhrəmanlar “qılıncın gücü biləkdə deyil, ürəkdədir” deyirdilər.
Y. Muazi Razidən “Allahı necə dərk etdin?” deyə soruşublar. O, cavabında “ziddlərin bir yerə toplanmasından” deyib. Ərəblə türk bəlkə ola bilər yaşayışca, xaraktercə fərqli və bir-birinə əks olsun, bəlkə də elə bu əkslikdə, ziddlikdə dərk edərək qəbul etmişik dinimizi.
Ziddiyyət bu gün də var, gücü ilə davam edir. Bir tərəfdə Allahın adına yaraşan bir ruhani həyat yaşanır, bir tərəfdə isə Allah adı ilə qan su yerinə axıdılır. Bəzən müsəlmanam - deməyə qorxursan, o saat “sən də başkəsənsənmi” deyə soruşurlar (burada Vazehlə Axundovun söhbətini xatırladım). Ərəbin yaşamına baxıb “İslamın sizə verdiyi həyat budur” deyirlər. Eyni şəkildə xoşa gəlməyən yaşam bizdə də, başqa millətlərdə də, başqa dinə mənsub olanlarda da var. Bu Allahı ucalığından endirməz ki, bu inancı qəlbimizdən çıxarmaz ki. Allah sevgisi, “eşqin qəlibi ariflərin qəlbidir”, bu sökülüb atılmaz. Bəzi peyğəmbərin sümüklərində, alın və ürəklərində "Bismillah" sözü həkk olunduğu və bu qazınsa da pozulmadığı kimi. Bəli, etiraf edirəm, kimsəyə deyil, Allaha yenilmiş türkəm.



Baxış sayı: 588