Baş xəbər, Hərbi, Araşdırma
13.11.2015 / 10:50

Müdafiə naziri Zakir Həsənovun iki ili - Təhlil

Müdafiə naziri Zakir Həsənovun  iki ili -
Zaman göstərir ki, Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Zakir Həsənovun Azərbaycanın Müdafiə Naziri vəzifəsinə təyin edilməsi çox düzgün və dəyərli bir seçimdir. O, nazir təyin olunduqdan sonra Müdafiə Nazirliyi sistemində köklü dəyişiklər edilir. Artıq dəyuşiliklər göz qabağındadır. Problemlərin həllinə kosmetik və ya yarımçıq yanaşma deyil, köklü dəyişiliklər edilməkdədir. Qısa müddət ərzində cəmiyyətimizin çoxdan gözlədiyi və düşmənlərimizi ciddi qorxuya salan addımlar atıldığının şahidi oluruq. Ordumuz keyfiyyətcə yeni mərhələyə iti addımlarla irəliləyir.

ORDUDAKI MƏNƏVI-PSIXOLOJI MÜHİT


Zakir Həsənovun apardığı islahatların nəticəsində ordumuzdakı mənəvi-psixoloji mühit dəyişmiş, bütün hərbi hissələrdə hər bir hərbi qulluqçunun dərk edərək əməl etdiyi ciddi nizam-intizam yaranmışdır. Şəxsi heyət nizamnamələrin tələblərinə uyğun olaraq sərt idarə edilməklə yanaşı yüksək qayğı ilə əhatə olunub. Orduda insan hüquq və azadlıqlarına riayət olunmaqla yanaşı hərbiçilərin şərəf və ləyaqətlərinin qorunmasında müsbət irəliləyiş var. Bunun nəticəsidir ki, hərbi kollektivlərdə mənəvi-psixoloji mühitin sağlamlaşması, hərbi qulluqçuların nüfuzunun artması, onlara qanuna müvafiq şəkildə hörmətlə yanaşılması və hüquqlarının müdafiəsi önəmli yer tutur. Bu da öz növbəsində əsassız itkilərin azalmasına, eləcə də qeyri döyüş itkilərinin qarşısının alınmasına səbəb olub. Hətta vaxti ilə ordudan müxtəlif bəhanələrlə yayınmağa meylli olan bəzi gənclərimiz də, Vətən qarşısında hərbi xidməti vəzifələrini yerinə yetirməyi artıq özlərinə ali məqsəd seçirlər. Hərbi xidmətə çağırılacaq gənclərdə və onların valideynlərində əvvəllər olan narahatçılıq aradan qalxıb və valideynlərdə övladlarının normal hərbi xidmət keçəcəklərində əminlik yaranıb.
Bu günlərdə Müdafiə nazirliyinin bütün hərbi hissələrində Zakir Həsənovun əmrinə əsasən həyata keçirilən və ilk dəfə tətbiq edilən "Açıq qapı" günü tədbiri valideynlərlə hərbi qulluqda olan övladları arasında bir növ canlı körpü rolunu oynadı.
Əsgərlərin valideyinləri ilə hər bir görüşü onları növbəti uğurlara ruhlandırır. Ona görə, açıq qapı prinsipi ilə keçirilən görüşlərin çox mühüm əhəmiyyəti var.
Valideynlər bu görüş zamanı ölkə rəhbərinin orduya göstərdiyi diqqəti və qayğını öz gözləri ilə gördülər. Eyni zamanda gənc əsgərlərin qulluq yerində doğmalarını görmələri onların xidməti daha həvəslə yerinə yetirmələrinə müsbət təsir göstərir.

DÖYÜŞ HAZIRLIĞININ SƏVİYYƏSİ

Müdafiə naziri Zakir Həsənovun  iki ili -
Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Azərbaycan ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını mütəmadi olaraq yoxlayır.
Dəfələrlə Müdafıə naziri tərəfindən yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşləri, şəxsi heyətin döyüş hazırlığının, təminatının, sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yoxlanılması ənənə halını alıb.
Müdafiə Nazirliyinin rəhbərliyi dəfələrlə yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxış keçirib, hərbi qulluqçularla birlikdə nahar edib, onların istək və arzularını dinləyib. Ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam etdirilməsi ilə bağlı komandir heyətinə verdiyi müvafiq tapşırıqlar daim qüvvədədir. Bu ənənəni yaradan və həyata keçirən məhz Zakir Həsənov və onun cəsarətli, peşəkar komandasıdır.
Paytaxda və digər böyük şəhərlərdə yerləşən bir çox hərbi hissələr şəhərlərdən çixarılaraq döyüş təyinatı üzrə istifadə ediləcək istiqamətlərdə məskunlaşdırılıb.
Azərbaycan ötən illərdə sovet dövründən miras qalmış Xəzər donanmasını da modernləşdirmək və gücləndirmək istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olub. Hazırda Azərbaycanın Hərbi Dəniz Qüvvələri (HDQ) imkanlarına görə Xəzər dənizində Rusiyadan sonra ikinci ən güclü donanma hesab edilir. HDQ-nin tərkibinə sahil mühafiz, desant gəmiləri , tral, axtarış-xilasetmə gəmiləri, təlim gəmiləri diviziyaları daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. HDQ-nin sərəncamında onlarla müxtəlif tipli və təyinatlı gəmilər var. Azərbaycan 2000-ci illərin əvvəllərindən başlayaraq Xəzər donanmasını modernləşdirmək üçün ABŞ və digər tərəfdaş ölkələrlə əməkdaşlıq edib. HDQ-nin tərkibində Xəzərdəki strateji əhəmiyyətli neft-qaz infrastrukturunu mühafizə etmək, ölkənin su sərhədlərini qorumaq üçün xüsusi təyinatlı qüvvələr yaradılıb. 26 iyun 2015-ci il tarixində dənizçilər üçün müasir standartlara tam cavab verən Puta hərbi şəhərciyinin açılışı oldu.
Hərbi qulluqçularımız dəfələrlə Beynəlxalq təlimlərlərdə iştirak ediblər. Onların iştirakı müşahidəçilər və mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilib. Qeyd edilənlər bu təlimlərin az bir hissəsidir.
Konyada Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə keçirilən beynəlxalq "İşıq-2015/1" hərbi təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.Təlimlərdə Azərbaycan dörd ədəd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edib.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin keçirdiyi "TurAz Şahini 2015" birgə təlimləri düşmənlərimizi lərzəyə salacaq bir hadisədir. Təlimlərdə 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.
Təlimlər 3 istiqamətdə planlaşdırılıb və icra edilib. Təlimlərin sonuncu günü, plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin Azərbaycan Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər. MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər. Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Mi-17 və AS-532 "Cougar" helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını icra ediblər.
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları təcrübi döyüş atışlarını icra edib.Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq onun haqqında məlumat döyüşü idarəetmə məntəqəsinə çatdırılıb və hava hədəfləri izlənməyə götürülüb. Təlimin əsas mərhələsində S-125 tipli zenit raket komplekslərinin döyüş və texniki heyətinin bacarığı və məharəti nəticəsində döyüş atışlı zərbələrlə hava məkanını pozan şərti düşmənin imitasiya hədəfləri dərhal məhv edilib.
Təlimdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

KADR İSLAHATLARI və HƏRBİ TƏHSİL

Müdafiə naziri Zakir Həsənovun  iki ili -
Hərbi təhsil sistemi müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir və əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və dünyagörüşünə malik olan, xalqını və vətənini sevən, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün yaradılan Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin qarşısında qoyulan vəzifələri yerinə yetirməyi bacaran kadrların hazırlanmasıdır.
Tədris məsələsinə gəlincə, Azərbaycanda bir sıra hərbi məktəblər var. Bunların sırasında C.Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Hərbi Akademiyanı və digərlərini göstərmək olar. Bu məktəblər yüksək hazırlıqlı hərbçi kadrlar hazırlayır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq ölkə hüdudlarından kənarda hərbi təlimlərdə iştirak edir, kurslar keçirlər.
Aparılan təşkilatı ştat islahatları nəticəsində Silahlı Qüvvələrimizin peşəkar orduya keçidi gücləndirilərək yüksək səviyyəyə qaldırılıb. Nəhayət ki, hərbi təhsil və kadrların hazırlığı bir mərkəzdən idarə olunmağa başlanılıb. Hərbi tədris müəsisələrinin ştatalarında edilən dəyişiliklər ixtisasların və mütəxəssislərin təkrarlanması hallarının qarşısını alır və yeni kadrların hazırlanmasını mükəmməlləşdirir. Kadr potensialından düzgün istifadə olunması və kadrların təyinatında ədalətlilik prinsipinə riayət olunduğundan korrupsiya hallarının qarşısı alınır. Əminəm ki, bu istiqamətdə işlər mütəmadi davam etdirləcək.
Hərbçilərimiz, istər ABŞ-da, istər Türkiyədə, istərsə də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Ona görə də, bu istiqamətdə sistemli iş aparılır və hərbi sahədə tədris bu təşkilatın standartlarına uyğundur. Mülki gənclərimizin arasında ali hərbi təhsil almaq və zabit peşəsinə yiyələnmək arzusunda olanların sayı artmaqdadır.
Aparılan kadr islahatları nəticəsində əsl peşəkarlar layiqli yerlərini tutaraq öz bacarıqlarını və iş qabiliyyətini nümayiş etdirirlər. Artıq hər kəsin real nəticələr əldə etmək və nəyə qadir olduğunu göstərməyə imkan yaradılıb.
Amma bundan əvvəl peşəkar kadrların möqsədyönlü şəkildə sıradan çıxarılması ilə nəticələnən kadr siyasəti həyata keçirərək xeyli sayda akademik təhsilli, böyük hərbi təcrübəsi, həyat bilgisi, yüksək intellektual bilik və bacarığı olan zabitlərimizi layiq olduqları vəzifələrdən, alın təri ilə tutduqları mövqelərdən sıxışdırıb çıxarıb, onları daim mənəvi və psixoloji təzyiq altında saxlayıb, onlara bilik və bacarıqlarını orduda tətbiq etməyə, gənclərə öyrətməyə imkan verilməyib. Bu da oxşar əqidədaşlarını, öz “standartlarına” uyğun olan qeyri-peşəkarları layiq olmadıqları yüksəkliklərə qaldırır, onları söz və nüfuz sahibi edirdi. Şəxsi ədavət, qərəzli mövqe, vəzifə səlahiyyətindən sui-istifadə, qeyri-qanuni göstərişlərin verilməsi və sair bu kimi ədalətsizliklərə məruz qalma ucbatından cinayət məsuliyyətinə cəlb olunma, rütbə və vəzifələri əlindən alınma yolu ilə zabitlərin mənəvi terrora məruz qalması halları geniş vüsət almışdı.
Atəşkəs dövründə verdiyimiz itgilərdən əlavə, minlərlə hərbi qulluqçunun, o cümlədən minlərlə zabit və gizirin cinayətkara çevrilməsinə və həbsxanalara düşməsinə şərait yaradan avtoritar idarəetmə sistemi qurulmuşdu (Yüzlərlə 10 il, 15 il, 20 il, bəzən də daha çox, hərbi xidmət keçmiş mayorlar, polkovnik-leytenantlar, polkovniklər canlarını bu dözülməz vəziyyətdən qurtarmaq üçün “öz arzuları ilə” Ordu sıralarından “xidməti uyğunsuzluq” maddəsilə tərxis olunmağa can atırdılar.) İndiyədək “öz istəklərinə” nail olan belə zabit və gizirlərin sayı isə son 20 il ərzində bütün dünya ordularının rekordlarını ötüb.
İndi isə əsas hədəf Ordumuzda düşməndən qisas alaraq torpaqlarımızı azad etməyə layiqli kadrlar hazırlamaq üçün Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanının qarşıya qoyduğu tapşırıqlara və müdafiə nazirinin əmr və direktivlərinə əsaslanaraq Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətini dərk edən, vətənə və xalqına sadiq olan, xalqının milli-mənəvi dəyərlərinə və demokratiya prinsiplərinə, insan hüquqlarına və azərbaycanlılıq ideyalarına sadiq olan müstəqil və yaradıcı düşünən hərbi qulluqçuları (zabitləri, gizirləri və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları) yetişdirmək və Azərbaycan Ordusunu Vətənin xilaskarı etməkdir.

HƏRBİ QULLUQÇULARIN SOSİAL-MƏİŞƏT ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI

Müdafiə naziri Zakir Həsənovun  iki ili -
Son illərdə Müdafiə Nazirliyinin hərbi şəhərciklərində yerinə yetirilmiş tikinti, yenidənqurma, təmir və abadlıq işləri şəxsi heyətin mənzil-məişət və yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı onun döyüş hazırlığı səviyyəsini də yüksəldib. Hərbi şəhərciklərdə yenidənqurma işləri nəticəsində şəxsi heyətin mənzil-məişət və yaşayış şəraiti yaxşılaşdırıb. Hazırda bu işlər davam etdirilir və növbəti illər üçün də yerinə yetiriləcək quruculuq vəzifələri planlaşdırılır.
2 il müddətində Zakir Həsənovun rəhbərliyi dövründə Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma və təmir işlərinin təxmini statistikası aşağıdakı kimidir.
Ümumi sahəsi 47 050 m2 olan 6 “əsgər yataqxanası”, ümumi sahəsi 18 735 m2 olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 741 m2 olan 2 “qərargah”, ümumi sahəsi 4 472 m2 olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 28 462 m2 olan 3 “yaşayış”, ümumi sahəsi 2 320 m2 olan 2 “qazanxana, hamam, çamaşırxana”, sahəsi 17 600 m2 olan “cərrahiyyə korpusu”, sahəsi 4 918 m2 olan “inzibati” binaları tikilərək istifadəyə verilib.
Ümumi sahəsi 46 387 m2 olan 5 “əsgər yataqxanası”, ümumi sahəsi 13 798 m2 olan 2 “əsgər yeməkxanası”, ümumi sahəsi 5 851 m2 olan 2 “qərargah”, ümumi sahəsi 4 472 m2 olan 2 “tibb məntəqəsi”, ümumi sahəsi 85 858 m2 olan 6 “yaşayış”, ümumi sahəsi 2 204 m2 olan 2 “qazanxana, hamam, çamaşırxana” binaları hazırda tikilir.
Sahəsi 2 258 m2 olan “klub-yeməkxana”, sahəsi 3 414 m2 olan “cərrahiyyə şöbəsi”, sahəsi 30 173 m2 olan “8 mərtəbəli müalicə korpusu”, ümumi sahəsi 11 000 m2 olan “yataq korpusu”, ümumi sahəsi 33 000 m2 olan “tədris korpusu” binalarında əsaslı təmir işləri yerinə yetirilir.
“Gəncə-72”, “Dəllər-1”, “Şəmkir-3”, “Seyfəli-1”, “Gədəbəy (Saratovka)”, “Gədəbəy (Başkənd)”, “Zığ-72”, “Bərdə-1”, “Sarıcalı-1”, “Beyləqan (Milabad)” hərbi şəhərciklərində ümumi sahəsi 922 m2 olan 15 “qazanxana” binaları inşa edilib, müasir tipli texnoloji avadanlıqlar ilə təchiz olunub, ümumi uzunluğu 17 850 metr olan ərazidaxili istilik xəttləri və 52 binada binadaxili istilik sistemləri çəkilib. “Bakı-52”, “Bakı-55”, “Qırmızı Şərq-1”, “Qırmızı Şərq-49”, “Ağstafa-3”, “Pirəküşkül-2” hərbi şəhərciklərində yerləşən qazanxana binaları təmir olunub. “Qırmızı Şərq-1”, “Zığ-7”, “Ağstafa-3” və “Pirəküşkül-2” hərbi şəhərciklərində yerləşən 14 binanın daxili istilik sistemləri yenidən qurulub. “Beyləqan (Milabad)”, “Şamaxı (Qızmeydan)”, “Şamaxı (Qurbançı)”, “Şamaxı (Sündü)”, “Kömürkey” hərbi şəhərciklərində ümumi uzunluğu 7 500 metr olan magistral yüksək gərginlikli elektrik xətləri çəkilib. “Qaraheybət-1”, “Üçtəpə-1”, “Biləcəri-190”, “Güzdək-1”, “Gəncə-38”, “Gəncə-76”, “Gəncə-84” və “Gəncə-111” hərbi şəhərciklərində 8 “əsgər yataqxanası” və 8 “əsgər yeməkxanası” binalarında daxili təmir işləri yerinə yetirilib. Ümumi sahəsi 18 750 m2 olan 24 “texniki” binanın dam örtüyü təmir olunub.
Bir vaxtlar keçmiş sovetlər birliyinin Azərbaycanda yerləşdirilmiş 4-cü ordusu SSRİ məkanında ən böyük hərbi birləşmələrdən biri hesab edilib. Sözügedən birləşmə Bakıda, Gəncədə, Lənkəranda və Naxçıvanda 4 böyük diviziya ilə təmsil olunub. Diviziyalardan hər biri ən azı 14-15 min ədəd mənzil fonduna sahib olub. Ümumilikdə isə, on beş il öncə Azərbaycanın 66-70 min hərbi mənzillik fondu olub. Bakıda yerləşən diviziyaya və digər hərbi birləşmələrə Azərbaycandakı hərbi mənzil fondunun yarıdan çoxu – təxminən 35-40 mini daxil olub.
Əgər SSRİ ordusundan qalan mənzillər vaxtında düzgün bölüşdürülsəydi, bu gün Azərbaycanda bütün zabit və gizirləri, o cümlədən ehtiyatda olanları da mənzillə təmin etmək olardı. Lakin mənzil fondunun satılb talan edilməsi nəticəsində indi hərbi xidmətdə olan və ehtiyata buraxılmış zabit və gizirlərimizin tam əksəriyyəti mənzilsizdir. Mənzil fondunun dağıdılması prosesi əsasən Bakıda cərəyan edib.
Belə ki, buna o dövrdə paytaxtda mülki mənzillərin bahalığı səbəb olub. Hərbi təyinatlı mənzillər tez bir zamanda hərbçilərlə mülki şəxslər arasında alğı-satqı obyektinə çevrilib. Proses sadə olub: mənzillərin əksər hissəsi müxtəlif hərbçilərin adına keçirilib, ardınca dərhal özəlləşdirilib və satılıb.Vaxtilə 70 min hərbi mənzilə malik olan Azərbaycan ordusunun balansında olan mənzillərin sayı hazırda vur-tut 10-15 min civarındadır. Onların bir qismində müstəqilliyimizin ilk illərində evlə təmin olunan hərbçilər, digər qismində isə yüksək rütbəli və vəzifəli zabitlər yaşayırlar. Həmin dövrdə hərbçilər üçün tikilmiş binaların zirzəmiləri hava hücumundan müdafiə zamanı sığınacaq kimi nəzərdə tutulmasına baxmayaraq, qısa müddət ərzində onlar da satılaraq talan edildilər.

ZAKIR HƏSƏNOV VƏ NƏCMƏDDİN SADIKOV

Müdafiə naziri Zakir Həsənovun  iki ili -
Zakir Həsənovun son 2 ildə apardığı islahatlardan və gördüyü işlərin az bir hissəsini qeyd etdim. Müharibədən 20 ildən çox keçməsinə baxmayaraq o dövrdə döyüşlərdə baş verənləri unutmaq mümkün deyil.1993-1994-cü illərdə düşmənin ən çox itki verdiyi yerlərdən biri Tərtər rayonu olub. Baş verənləri yaddaşımda canlandıranda Tərtər rayonu uğrunda gedən döyüşləri Böyük Vətən müharibəsində Stalinqrad uğrunda gedən döyüşlərlə müqayisə etmək istəyirəm. Tərtərə düşmən ən güclü qoşun birləşmələrini yeritməsinə baxmayaraq Milli Ordumuzun güclü, düzgün təşkil edilmiş müqavimətinə rast gəldi. Əlbətdə hər biri bir döyüşçü olan məğrur Tərtər camaatı da burada böyük pol oynadı. Nəticə etibarı ilə bu hadisə düşmənlərimizi Bişkekdə sülh müqaviləsini imzalamağa məcbur etdi. Bilmək və görmək istəmiyənlərə xatırlatmaq istəyirəm ki, Böyük Vətən müharibəsindəki mətin sərkərdə marşal Georgi Konstantinoviç Jukov idisə, Tərtər rayonu və Azərbaycan uğrunda gedən döyüşlərdəki mətin sərkərdə polkovnik Nəcməddin Sadıkov idi. Bu üstunlüklərinə görə də o heç vaxt isti kabinetdə ordunu öz biznesinə çevirən Səfər Əbiyelə razılaşmırdı. 1995-ci ilin fevral ayında Səfər Əbiyevin, aprel ayında Məmməd Beydullayevin Müdafiə Nazirliyinin idarəçiliyinə gələndən sonrakı vəziyyəti 1937-ci ildə NKVD-nin üçlüyü vasitəsi ilə qırmızı terrorun-represiyanın başlanması ilə müqayisə etmək olar. Onların Azərbaycan Ordusuna və Azərbaycan xalqına vurduğu zərbə, ermənilərin bizə vurduğu zərbədən dəfələrlə çoxdur. Həmin dövrdən Ordumuzun şərəfli zabitlərinin represiya dövrü başlandı.
Xatırlayıram ki, 1995-ci ilin may ayınadək zabitlər vəzifələrə döyüşlərdə göstərdikləri bacarığa və döyuşlərdəki şücaətlərinə görə təyin olunurdular. Həmin dövrdə o kadrların təyinatında bilavasitə Nəcməddin Sadıkovun böyük rolu var idi.
Ulu öndər Heydər Əliyev onun bu keyfiyyətlərini görərək ona yüksək qiymət verdi. Məhz ona ərazi özünü müdafiə batalyonlarını ləğv edərək vahid mərkəzə tabe olan Azərbaycan Ordusunu yaratmağı həvalə etdi. Həmin missiyanı Nəcməddin Sadıkov 1993-cü ilin iyul ayından 1993-cü ilin noyabr ayınadək yerinə yetirdi və ondan sonra mərhum prezidentimiz tərəfindən Ordunun rəhbərliyinə gətirildi.
Bu gün də onun Zakir Həsənovun birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olması Azərbaycan Silahlı Qüvvələri üçün önəmli hadisədir. Zakir Həsənovun və Nəcməddin Sadıkovun ordu rəhbərliyində olması Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarına əsasən Ordumuzu qələbəyə aparan amildir.
Ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təhcizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Təbii ki, belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir.
Ömrünü Vətən naminə hərbi xidmətə həsr edən bir zabit kimi tam qətiyyətlə bildirirəm ki, Ordumuza və Ordunun rəhbərliyinə qarşı qarayaxma kompaniyasının aparanların başında fəaliyyətlərində yol verdikləri özbaşınalıqlara, korrupsiya hallarına, vəzifə səlahiyyətlərini aşdıqlarına, tutduqları vəzifədən ancaq öz şəxsi mənfəətləri üçün istifadə edən və yol verdikləri nöqsanlara görə ölkə prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən işdən çıxarılan generallar və Zakir Həsənov tərəfindən işdən qovulan bəzi zabitlər durur. Orduda mövcud problemlərin olduğunu obyektiv, konkret şəkildə qoyan və onların həlli istiqamətində real proqram, işlək planı olan rəhbərliyin gördüyü işlər mətbuat vasitəsilə ictimaiyyətin diqqətinə catdırılır. Ona görə də, üzdəniraq yazanların məqsədləri uğursuzluğa məhkum olur.
Əfsuslar olsun ki, bəzi təxribaçı araqarışdıranlar mətbuatda və internet saytlarında Ordumuzun və Ordu rəhbərliyinin əleyhinə yazılar yazırlar. Belə hallar yol verilməzdir. Həmin yazıları bizim düşmənlərimiz də oxuyurlar. Düzdur Ordumuzda aparılan quruculuq işlərinə ermənilər ləkə yaxırlar. Onların bu əməlləri əlbətdə şübhə doğurmur və başa düşüləndir. Düşməndir və bizimlə düşmənçilik etdiyinə görə bu hərəkətlərə yol verir. Şübhə doğuran odur ki, bizim içimizdəkilərin bəziləri ermənilərdən çox ordumuza ləkə yaxırlar.
Belələrinə sual verirəm: erməni düşmənimizdirsə, bəs erməni hərəkətlərini edən sizlər kimsiniz?
Ordumuzdakı irəliləyişlərdən danışmaq əvəzinə, gedib küçə mətbuatında və internet saytlarında Ordumuzun və Müdafiə Nazirliyinin rəhbərliyinin əleyhinə müsahibələr vermək, yazılar yazmaq qəbul olunmazdır.


Daşdəmir Əliyev / ehtiyatda olan polkovnik-leytenant
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranları” İctimai Birliyinin sədri

Baxış sayı: 934