Şərhlər, Hüquq
12.11.2015 / 23:39

Son ümiddən sonrakı yol-İntihar...

Son ümiddən sonrakı yol-İntihar...
Rövşən QASIMOV/vəkil


Uşaqlar niyə özlərinə qəsd edirlər?
Qara yaylıqlı qadın yol ayrıcındakı iri gövdəli ağacın yanında için-için ağlayır. Arabir ağacın yerə tökülmüş yarpaqlarını bir yerə toplayır, agacın yerə ən yaxın budağına baxır və yenə ağlayır. Yoldan keçənlərdən öyrənirəm ki, qadının 14 yaşlı oğlu özünü bu hündür ağacdan dananı bağladıqları kəndirlə asıb. O vaxtdan iki il keçsə də, qadın yaşadığı kənddən yol kənarındakı ağaca qədər olan bir neçə kilometrlik yolu hər gün piyada gəlir və dərdini oğlunu son dəfə görən ağacla bölür. Kənd sakinlərinin sakit və ağıllı uşaq kimi xatırladığı məktəblinin intiharının səbəblərini isə indiyədək kimsə tapa bilməyib, hətta istintaq orqanları da... Bu, ölkədə baş verən onlarla, yüzlərlə intiharlardan ancaq biridir.
Mətbuat ölkədən müxtəlif məzmunlu intihar xəbərləri yazır, ya Şəkidə 15 yaşlı oğlanın evin həyətindəki talvardan özünü asmasından, ya Beyləqanda 14 yaşlı məktəblinin naməlum səbəbdən intihar etməsindən, ya da hansısa istintaqa və doğmalarına məlum olmayan səbəblərdən həyatına qəsd edən digər insanlardan. Qısası, ölkədə intiharların sayı artıb. Bu cür halların əksəriyyəti isə heç mətbuat səhifələrinə də çıxmır. Ölkədə intihar edənlərin siyahısında son illər məktəblilər, yeniyetmələr və gənclər üstünlük təşkil edir. Onların yaşı, təhsil səviyyəsi, hətta maddi vəziyyəti bir-birindən fərqli olsa da, çatmaq istədikləri məqsəd eynidir - ölüm. Bir neçə ay əvvəl dükanının sökülməsinə etiraz edən sahibkar özünü şəhərin mərkəzində yandırmışdı. Ondan bir qədər sonra gənc biznesmen özünü tapança ilə vuraraq intihara cəhd etmişdi. Ali məktəbə daxil ola bilməyən 17 yaşlı qız isə çoxlu dərman içərək ölmək istəsə də, alınmamışdı. Məktəbə getmək istəyən 13 yaşlı oğlan isə anasının onu məktəbə getməyə qoymamasına etiraz edərək özünü asmışdı.
Səbəblər... Səbəblər isə araşdırılmır. Hətta intihar edənlərlə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə də tezliklə xitam verilir. intihar cəhdinə ən çox depressiyadan əziyyət çəkən, yaxın adamlarını itirən, yoxsul, işsiz, həyatda öz yerini tapmayan insanlar əl atırlar. Başqa səbəblər də var: həyatın mənasının itməsi, maliyyə problemləri, başqa çıxış yolunun olmaması, ümidsizlik, stress, problemi həll etmə bacarığının kifayət qədər olmaması, qorxu, sağalmaz xəstəlik, şərəf və ləyaqətini qoruyub saxlama, uğursuz sevgi yaşama, zorlanmaya məruz qalma, aşağılanma və sair.
Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, hətta Respublika Prokurorluğu intiharlarla bağlı statistik məlumat vermir. Qeyri-rəsmi mənbələr isə bildirirlər ki, dövlət orqanları intiharlarla bağlı məlumatların yayılmasını məqsədəuyğun saymırlar. Bəzi qeyri-rəsmi məlumatlara görə isə ölkədə intihar edənlər hər min nəfərə 40-50 nəfərdir. Təkcə ötən il ölkədə 18 yaşına çatmamış 20 uşaq intihar edib.
Bu, sosial vəziyyətin ağır olmasından irəli gələn problemdir. Cəmiyyətdəki stressə balacalar da dözə bilmirlər. Sosial vəziyyətin ağırlığı ailədaxili münaqişələrə, ailədaxili qətllərə, ailə başçılarının intiharına, hətta uşaqların intihar yolu seçməsinə səbəb olur. Böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər də intihara əl atırlar”.
Uşaqların intihar etməsinin səbəblərindən biri kimi təhqir və zorakılığı da göstərir: “İntiharların statistikası aparılmır, səbəbləri araşdırılmır. Dövlət bu səbəbləri müəyyənləşdirməlidir. İl ərzində baş vermiş intiharların təhlili aparılmalı, intihar edən uşaqların ailə tərkibi, sosial-iqtisadi durumu öyrənilməlidir. Çox təəssüf ki, belə təhlil bizdə aparılmır. İntihar edən uşaqlar psixi xəstə deyillər.
Onları intihara sürükləyən səbəblər var. Bu səbəbləri heç kim araşdırmaq istəmir".
Adətən ailəsində münaqişə, dava-dalaş olan uşaqlar intihara cəhd edirlər: “Uşaq görür ki, evdə hər gün davadır, valideynləri dalaşır, ata ananı döyür. Evdə hamı bir-birinə biganədir. Təbii ki, uşaq bu vəziyyətdən bezir”.
Uşaqların intihara cəhd etməsinin bir neçə səbəbi var. Əsas səbəb ailədaxili münasibətlərlə bağlıdır. Uşaqlar daha çox ailədə özlərini tapa bilmədiyi üçün intihar edirlər. Ölkədə ailələrdə uşaq-valideyn münasibətlərində problem var. Uğursuz ailələrdə də uşaqlar intihara cəhd edir”. Uşaqların mobil telefonlarda zorakılığı təbliğ edən oyunlar oynaması, internetdə zorakı videolara baxması onları intihara həvəsləndirir: “Uşaqlarla psixoloji iş aparılmalıdır. Onların intihar etməsinin bir səbəbi də məktəblərdə psixoloji işin zəif aparılmasıdır. Məktəblərdə psixoloqlar da azdır”. Uşaqların intihar etməsinin qarşısını ala biləcək işlərdən biri kimi onlara mobil telefonların qadağan edilməsini məsləhət görürəm. Həmçinin, valideyn uşağını psixoloqa aparmaqla onun problemlərini öyrənə və həll edə bilər. Ölkədə psixoloq məsləhəti isə 50 manatdan başlayır.

Baxış sayı: 505