Ədəbiyyat
12.11.2015 / 15:00

Bişkekdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu

Bişkekdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu
Qırğızıstanda görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub. Azərbaycanın Qırğızıstandakı Səfirliyindən İnform.az-a verilən məlumata görə, tədbir ötən gün TÜRKSOY-un, Azərbaycanın Qırğızıstandakı Səfirliyinin, Qırğızıstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə baş tutub. Tədbirdə Qırğızıstanın hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabının təqdimat mərasimi ilə əlaqədar sərgi keçirilib.
Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Qırğızıstan Milli Kitabxanasının direktoru professor Jıldız Bakaşova belə yüksək səviyyəli tədbirə ev sahibliyi etdikləri üçün böyük fərəh hissi keçirdiklərini və bunun qırğız ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandığını qeyd edib.
Sonra çıxış edən Qırğız Respublikasının Mədəniyyət, Turizm və İnformasiya naziri Altınbek Maksutov bildirib ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir və o, qırğız xalqının B.Vahabzadənin gözəl şerləri ilə tanış olmasından çox şad olduqlarını qeyd edib. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov çıxışında B.Vahabzadənin Azərbaycan xalqı tərəfindən çox sevildiyini, onun bütün türk dünyasında tanındığını bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu hər iki ölkə prezidentinin xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Baxış sayı: 454