Baş xəbər, Araşdırma
12.11.2015 / 11:22

Sultan Əbdülhəmid "Molla Nəsrəddin"i Nikolaya niyə şikayət etmişdi?

Sultan Əbdülhəmid "Molla Nəsrəddin"i Nikolaya niyə şikayət etmişdi?
Sultan Əbdülhəmid: "Sənin məmləkətində "Molla Nəsrəddin" adlı jurnal çıxır və məni biabır eləyir”

Bu xatirə yazı 21 il öncə dərc olunub. Şövkət Səlimov Azərbaycan mətbuatı, teatr tarixinin nadir bilicilərindən olan Qulam Məmmədlinin ömrünün sonlarında söylədiklərini qələmə alıb. İnform.az baki-baku.az-a istinadən həmin yazını ixtisarla dərc edir.
“Keçən il qəzetdə xəbər verdilər, televiziyada göstərdilər ki, Novruz Bayramı münasibətilə "Molla Nəsrəddin" jurnalı bundan sonra rəsmi surətdə çıxmağa başlayacaqdır. Quru söhbətdən başqa bir şey olmadı...
"Molla Nəsrəddin"dən sonra o cür "Molla Nəsrəddin" çıxarmaq, mənim fikrimcə, mümkün olmayacaqdır. Çünki o vaxt dövr, şərait, insanlar, vəziyyət başqa idi. Mirzə Ələkbər öləndən, Mirzə Cəlil çıxıb gedəndən və Birinci Dünya müharibəsi başlanandan sonra gördüyümüz "Molla Nəsrəddin"dən demək olar ki, heç nə qalmadı. Hətta bu jurnal sovet vaxtında, 1922-ci ilin axırından başlayaraq çıxandan sonra da əvvəlki "Molla Nəsrəddin"ə qətiyyən bənzəmirdi. Kitablarımda mən bunları yazmışam. Orda bir dənə özümdən fikir deməmişəm. Hamısı sənədlər əsasında! Elə o vaxt Mirzə Cəlil Ordubadiyə yazıb ki, "Səid axır ki, bildiyini elədin. Gələn nömrədən başlayaraq əgər siz o jurnalda "redaktor C.Məmmədquluzadə" yazsanız, mən bilirəm ki, haralara müraciət eliyərəm".
Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı "Molla Nəsrəddin"in ən qəddar düşməni Ordubadi olub. Sizə 20-30 sənəd göstərərəm.
İndiyə kimi çoxları elə bilir ki, 1907-ci ildə "Molla Nəsrəddin" jurnalını mollaların Nikolaya şikayəti nəticəsində bağladılar. Başdan ayağa yalandır. Tarixi sənədlər var.
Türkiyə sultanı Əbdülhəmid Rusiya imperatoru Nikolaya yazıb: "Sənin məmləkətində "Molla Nəsrəddin" adlı jurnal çıxır və məni biabır eləyir. Halbuki, sənin Hacı Zeynalabdin Tağıyevin Quranın dörd cildlik qızıla tutulmuş tərcüməsini mənə töhfə göndərib. Mənə qiymətli töhfə göndərməkdənsə barəmdə biabırçı sözlər yazan "Molla Nəsrəddin" haqqında bir tədbir görün". Sultanın xahişi, imperatorun göstərişi, Zaqafqaziya namestnikinin (canişininin-red.) əmri ilə jurnal bağlandı. Bir aydan sonra Mirzə Cəlil gedib rayon məhkəməsində (onda deyərdilər "mirovoy sud") sübut eləyib ki, onların bu fikri səhvdir, jurnalın bağlanması üçün heç bir səbəb yoxdur. Və gedib jurnalının çapını davam elətdirdi. Halbuki o vaxt Rusiyada qanun belə idi ki, siz bir qəzet çıxartdız, o qəzeti bağladılar, ikinci dəfə o adda qəzet-jurnal çıxara bilməzsiniz ("İqbal", "Yeni İqbal", "Səda", "Yeni Səda" və s.) Ancaq, "Molla Nəsrəddin" jurnalı Nikolayın vaxtında 1906-cı ildən 1917-ci ilədək dəfələrlə bağlansa da, öz adıyla çıxdı...
Mənim bir şəklim var. 1926-cı ildə çəkilib. Əli bəy Hüseynzadə, Bartold (V.V.Bartold-red.), Körpülüzadə (F.Köprülüzadə-red.), türkoloq Menşel (T.Menzel-red.) və mən təsvir olunmuşam orda. "Maarif və mədəniyyət" jurnalının yanvar və ya fevral nömrəsində verilib... Mənə on adam söz verib ki, gedib o şəkli taparam. Bir surəti var məndə, ancaq keyfiyyətli alınmayıb... Əgər ciddi surətdə maraqlanırsınızsa, 1926-cı il yanvar-fevral aylarındakı "Oqonyok", "Niva", "Maarif və mədəniyyət" jurnallarına baxın... O vaxt birinci türkoloji qurultaya gəlmişdilər...
Müşfiqlər, Cavidlər, Cəfər Cabbarlılar, Hadilər, Sabirlər... Bunlar öz istedadlarının qurbanı olublar...
Dünya belədi… 1924-25-ci illərdə Nigar Rəfibəyli cavan azərbaycanlı qızı, istəyir Azərbaycanda mədəniyyət yavaş-yavaş baş qaldırsın, Əliheydər Qarayev onun haqqında "Kommunist" qəzetində bir yazı yazmışdı ki, adam oxuyanda utanır. Deyəsən ay insafsız, axı cavan şairəni də o şəkildə yazıb oxucuya təqdim edərlər?..
Mən istəmirəm burda ad çəkim. Ancaq, elə adamlar göylərə qaldırılıb ki, onun heç yerdə də işi yoxdur. Düzdür?
Mənim ədəbiyyatla bacardığım qədər məşğul olmağım, fəaliyyətim 1916-cı ildən başlanır. O vaxta qədər mən praktik bir iş görməmişəm. Həmin il ədəbiyyatda mənim birinci yazım çıxıb və o yazı ilə də mən başlamışam...

Bax, bu təhər...
Sultan Əbdülhəmid "Molla Nəsrəddin"i Nikolaya niyə şikayət etmişdi?
Mənim xoşbəxtliyimin, mətbuata gəlməyimin əsas səbəbi Mirzə Cəlil Məmmədquluzadə olub. 1923-cü ilin 5 iyulundan... Mirzə Cəlillə saatlarla oturub söhbət eləmişik.
Cavidlə münasibətimiz çox yaxşı idi. Mənə bir gün dedi ki, Qulam, dur, get şeirlərini gətir, oxuyum görüm necə yazırsan? Dedim ki, Cavid Əfəndi, mən şeir yazmıram. Dedi:-Yaxşı eləyirsən.
1926-cı ildə yeni əlifbaya keçmək məsələsi müzakirə olunanda, sədrliyi Nəriman, katib Cavid, yox, yox, müavin Cavid, katib Abdulla Şaiq olduğu zaman Mirzə Cəlili qurultaya heç qonaq kimi də çağırmamışdılar... O adam ki, birinci cümlədən ərəb əlifbasının əleyhinə olub, bu cür adamı saymamışdılar... Əliheydər Qarayev, Həbib Cəbiyev, Mirzə Davud Hüseynov, ondan sonra Ruhulla Axundov və bir çox başqaları deyirdilər ki, "Molla Nəsrəddin" boş söhbətdi, yeni əlifbanın Azərbaycanda pionerləri bizik. İş o yerə gəlib çatmışdı ki, Əli Vəliyev, Əlyar Qarabağlı, başqaları götürüb qəzetlərdə şəkil verirdilər, məqalə yazırdılar ki, "Mirzə Cəlil, sən həyatdan geri qalmısan, bu günün adamı deyilsən, sən çoxdan sıradan çıxıb getmisən, rədd ol başımızdan!" Bunların hamısı bir-bir dokumentdi, açaram qəzeti, qoyaram qabağınıza deyərəm, bax budu...
Mirzə Cəlili basdıranda, nə vaxt ki, tabutu uzatdılar qəbrə, üstünə torpaq tökdülər, Mehdi Hüseyn dedi ki, Mirzə Cəlil, sən sağ ikən sənnən mübarizə apardıq, öləndən sonra da sənnən mübarizə aparacağıq...
Mirzə Cəlil ağzını açıb bir kəlmə tənqidə cavab verməzdi. Cavid, Cəfər Cabbarlı da onun kimi. Seyid Hüseyn bəzən dözməyib cavab verirdi. Tənqid yağışı yağırdı, bunlar lal-kar oturub qulaq asırdılar. Bircə yerdə Cavid özünü saxlaya bilmədi. Mehdi Hüseyn deyəndə ki, Sən xırda burjua şairisən, yerindən qalxıb, "mən iri burjua şairiyəm" dedi...
1926-cı ilin əvvəlindən Bakıda "Maarif və mədəniyyət" adında ədəbi-siyasi gözəl jurnal çıxdı. Oxucusu günü-gündən artmağa başladı. Həbib Cəbiyev də getdi "Qızıl qələm" çıxardı. Dörd nömrəsi çıxdı, beşincidə bağladılar... hansı işimiz belə deyil, hamısı belədir...
1930-cu ildə Həbib Cəbiyev Avropadan müalicədən sonra qayıdıb Bakıya gəldi. (Cəbiyev Həbib Pircan oğlu (1899-1938) — siyasi və dövlət xadimi, publisist.Həbib Cəbiyev 1915-ci ildə inqilabi hərəkata qoşulmuş, 1918-ci ildə "Hümmət"in üzvü olmuş, Balaxanı təşkilatının katibi seçilmişdir. AK(b)P daxili ixtilaflarında Nəriman Nərimanova qarşı duran qrupun üzvü olub. 1922-1923-cü illərdə Moskvada "Qızıl Şərq" jurnalının, sonra Azərbaycanda "Kommunist" qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə güllələnib.-baki-baku.az). Gələn gündən də başladı Əhməd Cavad əleyhinə çıxış etməyə. Hamı deyirdi ki, Həbib müəllim, Əhməd Cavad indiyədək bir dənə antisovet şeir yazmayıb. Deyirdi ki, yox yazıb. O yazıçıları bir-bir çağırırdı yanına və onlara tapşırırdı ki, Əhməd Cavad əleyhinə məqalə yazsınlar. Razılaşmayanlara da düşmən kəsilirdi. Əli Hüseynzadə adında savadlı tarixçi, namuslu insan var idi. Yeddi il həbsdə olmuşdu. Həbib Cəbiyev onu da çağırıb Əhməd Cavad əleyhinə material yazmağa təhrik etmişdi. Uzun mübahisədən sonra Əli Hüseynzadə "Kommunist"in inadkar redaktorunun gözünün qabağında qələmini sındırmışdı. Ondan sonra Əli bir kərə də şeir yazmadı... Eh, ömrümün axırında belə sözlər danışacağam, aləm dəyəcək bir-birinə...
Mir Cəfər Bağırov filarmoniyanın yay zalında iclas keçirirdi. Mən də orada idim. Dəqiqliklə yadda saxlamaq çətindir. Amma onu dəqiqliklə xatırlayıram. Mir Cəfər açıq dedi Məmməd Arif Dadaşzadəyə ki, sən Türkiyə şpionusan! Məmməd Arifin görünür iradəsi varmış, səsini çıxarmadı, dözdü, dayandı. O qədər ki, Mir Cəfər aradan getdi. Elə o iclasda Mir Cəfər Heydər Hüseynovun da üstünə qışqırıb onu da Türkiyə şpionu adlandıranda o getdi özünü bağda ağacdan asdı...
Mirzə Cəlil, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev... Bunlar 37-dək qalsaydılar mütləq tutulub güllələnəsi idilər. Ölüm onları xilas etdi.
Mənim axırım çox pis günə qaldı. Xəstəlik... Əsl səbəbi bilirsiniz nədi? Çox oxumaq. Mən 1912-ci ildən, - mətbəəyə girəndən indiyə kimi oxumaqla məşğul olmuşam. Həm sənətim kimi, həm də maraqlı oxucu kimi. O hal buna gətirib çıxardı ki, gözlərimin nuru getdi. Əvvəl sağ gözüm tamam tutuldu, indi də sol gözüm... Yüzdə, bir yarım faiz görürəm dünyanı...
Təqribən on beş il bundan qabaq, Əkrəm Əylisli redaktor olanda mənim tərcümeyi-halımı yazdırdı. Necə könlüm istəyir, necə bilirəm, elə yazdım. Oxudu, dedi Qulam müəllim, çap edəcəyəm. Aldı. Əkrəm Əylisli redaksiyadan getdi və o tərcümeyi-hal "Azərbaycan" jurnalının arxivində indiyəcən yatıb qalır...
Mən öləndən sonra danışacaqsınız... Nə qədər sağam, heç kəsin də yadına düşməyəcəyəm. Elə indi vəziyyət belədir... Bir tək mənnən belə deyil..."

Baxış sayı: 497