Mədəniyyət
12.11.2015 / 02:10

Tiflisdə Azərbaycan rəssamının sərgisi açılıb

Tiflisdə Azərbaycan rəssamının sərgisi açılıb Noyabrın 11-də Tiflisdə fəaliyyət göstərən TBC qalereyasının təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Əliyar Əlimirzəyevin 18 rəsm əsərindən ibarət sərgisinin açılışı olub.
İnform.az "APA"-ya istinadla bildirir ki, tədbirdə Gürcüstanın görkəmli rəssamları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, gürcü və azərbaycanlı jurnalistlər, həmçinin səfirliklərin əməkdaşları iştirak ediblər.

Tədbirdə nümayiş olunan rəsm əsərləri gürcü rəssamlarının ciddi marağına səbəb olub. Sərgi iştirakçıları azərbaycanlı rəssamın qeyri-adi bir mövzuya müraciət etdiyini və məhz buna görə də rəssamın yaratdığı rəsm əsərlərinin və heykəllərin fəlsəfi məna kəsb etdiyini bildiriblər. Tədbirdə sərgi iştirakçılarına rəssam Əliyar Əlimirzəyevin yanicə nəşr olunan kataloqu təqdim edilib.

Rəssam Ə. Əlimirzəyev APA-ya açıqlamasında sərginin noyabrın 27-dək davam edəcəyini bildirib: "Əsərlərimin sərgisi ilk dəfə iyul ayında Avropa Oyunları ərəfəsində "Qız Qalası" qalereyasında keçirilib. Bakıda sərgim keçiriləndə TBC qalereyasının rəhbərliyindən təklif aldım ki, Tiflisdə sərgimi təşkil edək”, rəssam vurğulayıb.

Baxış sayı: 311