Dünya
11.11.2015 / 14:05

Çili sahillərində güclü zəlzələ olub

Çili sahillərində güclü zəlzələ olub
Çili sahillərində bir saat ərzində 6 baldan yuxarı iki güclü zəlzələ baş verib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın Geologiya Xidmətinin məlumatına əsasən, ilk yeraltı təkan Rixter cədvəli üzrə 6,6 bal gücündə qeydə alınıb. Bundan 50 dəqiqə sonra eyni rayonda baş verən daha bir zəlzələ isə əvvəlkindən bir qədər güclü – 6,9 bal gücündə olub. Yeraltı təkanların episentrinin Kokimbo şəhərindən 98 kilometr şimal-qərbdə yerləşdiyi bildirilir.
Dağıntılar və tələfat haqqında hələ ki, məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, sentyabrın 16-da baş verən 8,3 bal gücündə dağıdıcı zəlzələdən ən çox məhz bu region zərər görmüşdü. Zəlzələ nəticəsində azı 15 nəfər həlak olmuş, 6 min nəfərdən çox insan isə evsiz-eşiksiz qalmışdı. Yeraltı təkanlar təxminən minə qədər yaşayış evini dağıtmışdı.

Baxış sayı: 265